Məhkəmə qərarları › İş №2(001)-4469/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4469/2021

06.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4469/2021 06.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, ** saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evinin tamamilə boşaldılaraq mülkyyətçi İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən, məhkəmə iclaslarında iştirak etməmişdilər. Bu səbəbdən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 21.02.2008-ci il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin təminatı olaraq, bu şəxs mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, ** saylı fərdi yaşayış evini İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçıya borcu yaranmış və nəticədə iddiaçı həmin müqavilə üzrə yaranmış borc məbləğinin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3016/2012 saylı, 30 aprel 2012-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 kredit müqaviləsi üzrə cəmi 77.213 manat məbləğində borcun, habelə 20 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, ** saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, satışından əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi, vəsaitin artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, habelə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 əmlakın açıq hərracda satıldığı tarixdən bir ay müddətində əmlakdan çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun əsasında verilmiş icra vərəqəsinin icrası ilə bağlı aparılmış icra tədbirləri nəticəsində "xxxx" MMC tərəfindən hərrac keçirilmiş və Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, ** saylı fərdi yaşayış evi İddiaçı ASC tərəfindən 31.875 manat məbləğində pula alınmışdır. Bu barədə 06.02.2015-ci il tarixdə həracın nəticələri barədə yekun protokol tərtib edilmiş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Bu əmlaka dair iddiaçının mülkiyyət hüququ 24.06.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış və hazırda da iddiaçının mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 həmin evdə pasport qeydiyyatındadır və ev hələ də onların istifadə və sahibliyindədir, cavabdehlərə məxsus əşyalar hazırda da həmin evdə saxlanılır. Bu səbəbdən iddiaçı cavabdehlərə qarşı iddia qaldıraraq, onların həmin fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsini və bu əmlakın boşaldılaraq, ona təhvil verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, ** saylı fərdi yaşayış evini Bank qarşısında ipoteka ilə yüklü etməklə öhdəliklərin lazımi qaydada icra edilməməsi təqdirdə əmlaka olan mülkiyyət və digər hüquqlarının, o cümlədən istifadə hüququnun itirilməsinin mümkünlüyü ilə razılaşmışdır. Digər cavabdehlər də buna etiraz etməmişdilər. Lakin öhdəlik lazımi qaydada icra edilmədiyindən tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və məhkəmə qaydasında pulun tutulması, tutmanın bu əmlaka yönəldilməsi qət edilmişdir. Bununla bağlı keçirilmiş hərracın nəticəsi olaraq, həmin əmlakı hərracdan iddiaçı almış və hazırda onun mülkiyyətindədir. Bu əmlak iddiaçının mülkiyyətinə keçdikdən sonra cavabdehlərin bu əmlaka dair istifadə hüququnun saxlanılması barədə onların arasında hər hansı razılıq olmamış, o cümlədən cavabdehlərin bu əmlaka münasibətdə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn yenidən əmələ gəlməsi, habelə həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onlarla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamışdır. Hüquqi baxımdan cavabdehlərin hazırda həmin əmlaka hər hansı bağlılığı qalmamışdır, onların fərdi yaşayış evinə olan pasport qeydiyyatı isə formal xarakter daşıyır. Bu səbəbdən məhkəmə iddia tələbini “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdehlərin mübahisəli əmlakdan istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iddia tələbinin “yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, mübahisəli əmlakın mülkiyyətçisi olan iddiaçı ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması tələb edilmir. Cavabdehlərin bu əmlakdan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının, o cümlədən onlarla iddiaçı arasında bağlanmış kirayə və sair müqavilənin olması, başqa sözlə hazırda cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Məhkəmə o halı da qeyd edir ki, istifadə və sahiblik hüququnun olması cavabdehlərin bu əmlakda yalnız bilavasitə yaşaması (fiziki baxımdan mövcudluğu) ilə əlaqələndirilə bilməz. Belə ki, onların hazırda orada yaşayıb-yaşamamasından asılı olmayaraq, onlara məxsus əşyaların bügünədək qeyd edilən əmlakda olması (saxlanılması) da onların bügünədək istifadə və sahiblik hüququnun həyata keçirilməsinin davam etməsini özündə ehtiva edir və iddiaçının, mülkiyyətçi olmasına baxmayaraq, əmlakdan istifadə və ona sahib olmaq hüquqlarını məhdudlaşdırır. Mövcud vəziyyətdə cavabdehlərin bu hərəkətləri iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur. Bununla belə, cavabdehlərin hər hansı hüquqi əsas, o cümlədən artıq iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakdan ixtiyari formada (orada olan əmlakları çıxartmamaqla, oraya gəlib-getməklə və sair) istifadə və ona sahiblik etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə olan konstitusion hüququnu pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, cavabdehlərin onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərinin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və əmlak boşaldılaraq, yəni cavabdehlərə məxsus olan bütün əşyalardan tam şəkildə azad olunaraq iddiaçıya təhvil verilməlidir. Bununla bağlı məhkəmə xüsusilə vurğulayır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3016/2012 saylı, 30 aprel 2012-ci il tarixli qətnaməsi ilə eyni zamanda, cavabdehlərin qeyd edilən (artıq iddiaçının mülkiyyətində olan) fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Bu baxımdan hazırda irəli sürülmüş “yaşayış sahəsinin boşaldılması” tələbinə həmçinin, cavabdehlərin bu əmlakdan çıxarılması tələbi kimi qiymət verilə bilməz. Başqa sözlə, bu tələb artıq məhkəmədə mübahisə predmeti olmuş və öz həllini tapmışdır. Onların bugünədək orada yaşaması (əgər belə hal mövcuddursa) halı isə artıq məhkəmə qətnaməsinin icra edilməməsi səviyyəsində hüquq pozuntusudur və qanunsuz əməl kimi qiymətləndirilməlidir. Bu məsələnin hazırki icraat çərçivəsində öz hüquqi həllini tapmasına da hər hansı zərurət yoxdur. Bu səbəbdən məhkəmə “boşaldılma” tələbinə əmlakın cavabdehlərə məxsus olan bütün əşyalardan azad edilməsi, yəni həmin əşyaların çıxarılması kimi yanaşır. Nəzərə alınmalıdır ki, “təhvil vermə” tələbi də dolayısı ilə eyni məqsədə xidmət etmiş olur. Belə ki, bu proses də öz reallaşmasından əvvəl təhvil verilməli olan əmlakdan cavabdehlərə məxsus bütün əşyaların, iddiaçıya aidiyyəti olmayan hər hansı şəxs ixtiyari səbəbdən həmin vaxt qeyd edilən evdə olduğu halda, həmçinin onların da çıxarılmasını (artıq məhkəmə qətnaməsinin icrası qaydasında deyil, orada olmağa hər hansı hüquqi əsası olmayan şəxs olduğundan fiziki olaraq) şərtləndirir. Digər tərəfdən əşyasız evdən cavabdehlərin və ya onlara aid olan hər hansı şəxsin yaşayış yeri kimi istifadə etməsi də qeyri-mümkün. Belə bir ev boşluğu baxımından ümumiyyətlə yaşayış üçün yararsız olacaqdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, ** saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, həmin əmlak boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı ASC-yə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci,226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, ** saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, ** saylı fərdi yaşayış evi boşaldılsın və İddiaçı ASC-yə təhvil verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı ASC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqəd Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar