Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4483/2022 02.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Avad Mohamedə qarşı nikahın etibarsız sayılması barədə mülki işə 02 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Türkiyə Respublikası, X6 İdarəsində X5 aralarında bağlanmış 21 yanvar 2019-cu il tarixli, S 01 No: 429546 seriyalı, 2019-463 nömrəli X3 Şəhadətnaməyə əsasən qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ali təhsilli uşaq həkimidir. 2011-2016-cı illərdə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Mərmərə Universitetinin tibb fakültəsində təhsil almışdır. Cavabdehlə 2015-ci ildə İstanbul şəhərində tanış olmuşdur. Cavabdeh özünü Suriyadan gələn qaçqın, 16 yanvar 1986-cı il təvəllüdlü X7 kimi təqdim etmişdir. Cavabdehin posportunda da “X7” kimi qeyd edilmişdir. Cavabdeh Türkiyə Respublikasında oturum almaq üçün iddiaçı ilə rəsmi nikaha daxil olmağı təklif etmiş, iddiaçı da cavabdehə kömək məqsədi ilə təklifi qəbul etmişdir. Halbuki, tərəflər rəsmi nikaha daxil olan zaman məqsədləri ailə həyatı qurub birgə təsərrüfat idarə etmək olmamışdır. Sonradan münasibətləri irəliləmiş, rəsmi nikahlarını faktiki evliliyə çevirmişlər. Hazırda nikahlarından 02 fevral 2020-ci il təvəllüdlü X1 və 10 mart 2022-ci il təvəllüdlü X2 adlı uşaqları vardır. 2021-ci ilin əvvəllərində tərəflər İstanbulda olarkən cavabdeh əslində İsrail vətəndaşı olduğunu, əsl adının “Cavabdeh” olduğunu bildirmişdir. İsrailə getmək, oranın vətəndaşı olması barədə pasport almaq üçün X4 Konsulluğuna müraciət etmiş, konsulluqdan cavabdehin İsrail vətəndaşı olması araşdırılmış və 2021-ci ilin dekabr ayında cavabdehə İsrailə getmək üçün müvəqqəti şəhadətnamə verilmiş, cavabdeh İsrailə getmişdir. Həmin vaxt iddiaçı artıq Azərbaycan Respublikasında idi. 10 mart 2022-ci ildə tərəflərin ikinci uşaqları doğulduqdan sonra cavabdeh artıq İsrail Dövlətinin vətəndaşı kimi Azərbaycana gəlmişdir. Hazırda iddiaçı İsrail Dövlətinin vətəndaşı Avad Mohamedlə ərarvad kimi bir yerdə yaşayır, övladlarını tərbiyə edirlər. Lakin, aralarında bağlanmış nikah saxta Suriya Respublikası vətəndaşının pasportu ilə X5 bağlandığı üçün və iddiaçı Azərbaycan Respublikasında rəsmi evli kimi qeydiyyata alındığı üçün cavabdehlə nikahlarını rəsmiləşdirə bilmirlər. Uşaqların doğum haqqında şəhadətnamələrində də ata adı qrafasında X7 kimi qeyd edilmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılması, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Avad Mohamed məhkəmədə iddianı etiraf etdiyini bildirib, izahatında göstərmişdir ki, o, əslində İsrail vətəndaşıdır. Orada maliyyə problemləri olduğu üçün ölkədən çıxışına məhdudiyyəti var idi. Buna görə də o, qeyri-rəsmi yolla Suriyadan Türkiyə Respublikasına keçmiş, özünü qaçqın kimi təqdim edib başqa adla yeni, saxta pasport əldə etmişdir. Sonradan İstanbul şəhərində Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçı ilə tanış olmuş, iddiaçının da Türkiyədə daimi qalmaq üçün sənədləşmə işlətinə ehtiyacı olduğunu öyrənmiş və buna görə də formal olaraq iddiaçı ilə nikaha daxil olmağı təklif etmiş, iddiaçı da razılamışdır. Halbuki, onun iddiaçı ilə ailə qurma niyyəti olmamışdır. Hazırda iddiaçı ilə nikahlarından uşaqları vardır və onların saxlanmaları ilə bağlı aralarında razılıq mövcuddur. Cavabdeh məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq, iddianı qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 25.1-ci maddəsinə əsasən ... tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. - 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Buna görə də məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Türkiyə Respublikası, X6 İdarəsində İddiaçı ilə X7 arasında bağlanmış 21 yanvar 2019-cu il tarixli, S 01 No: 429546 seriyalı, 2019-463 nömrəli X3 Şəhadətnaməyə əsasən qeydə alınmış nikah etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4483/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4483/2022
02.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver