Məhkəmə qərarları › İş №2(001)-4525/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4525/2024

01.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4525/2024 01.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 1990-cı ildə X8 ilə evlənib ailə qurmuşlar. X3 xx.xx.N3-cü il tarixdə, qaynanası Seyidxanım Əhmədova isə xx.xx.N3-cü il tarixdə vəfat etmişlər. Onlar ünvan 2 ünvanda yaşamışlar və onlara məxsus bütün əşyaları və əmlakları həmin fərdi yaşayış evində yerləşir. X8 və qaynanası vəfat etdikdən sonra cavabdehlər onları evə buraxmamışlar. Cavabdeh1 telefonla onunla əlaqə saxlayarkən, ona hədə-qorxu gəlmiş və "səni öldürərəm, başını kəsərəm bu evə gəlsən" deyə öldürməklə hədələmişdir. İddiaçı2 34 ildir ki, həmin fərdi yaşayış evində yaşayır, həmin evə gəlin gəlmiş, hal-hazırda orda-burda qalır və evə getməyə qorxur. Fərdi yaşayış evinin qapısının qıfılını dəyişmişlər, dəfələrlə evə köçüb yaşamağa cəhd etsə də, cavabdehlər buna imkan verməmişlər. Həmçinin onlar həmin fərdi yaşayış evində doğulmuş, ataları və anaları ilə birlikdə yaşamışlar. Onlar uzun müddət həmin fərdi yaşayış evində yaşamaqla təsərrüfatı aparmış, fərdi yaşayış evi onları daimi yaşayış yeri olmuşdur. Qeyd olunanlardan da görünür ki, cavabdehlər tərəfindən qeyri-qanuni olaraq onlar yaşayış yerindən məhrum edilmiş və hüquqları kobud səkildə pozmuşdur. Qeydiyyatda olduğu ünvan başqa şəxsə məxsusdur, orada yaşamamışlar. Hesab edirlər ki, onlar evə köçürülməli və pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmənin 24 iyul N4-cü il tarixli iclasında iştirak edən İddiaçı3 iddia tələbini müdafiə edib, onun və digər iddiaçıların ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 34 il evli olmuş və həmin evə gəlin köçmüş, hazırda da, cehizləri oradadır. Bütün qonşular buna şahiddir, evə baxış keçirilsəydi, bunu görmək olardı. Lakin hazırda onun buna sübutu yoxdur. Həyat yoldaşı rəhmətə gedəndən sonra, cavabdehlər onu evə buraxmamışlar. Evin şəraiti yoxdur, lakin dözüb yaşamışdır. Evin sənədi yoxdur, həmin evə isə onun qeydiyyatı yoxdur. Məhkəmənin 24 iyul və 14 avqust N4-cü il tarixli iclaslarında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ev onun deyil, nənəsinin evi olub, böyük nəvəsi olduğu üçün və onunla yaşadığı üçün rəhmətə getməzdən 1 həftə əvvəl ona vəsiyyət etmişdir. Ev onun adına deyil, evin heç bir sənədi yoxdur, qaz, su və işıq təchizatları Faiq Bədəlovun adınadır. Şərait olmaığından, orda yaşamaq mümkün deyil. Faiq Bədəlov orda yaşamır, arada gəlib gedir. Bilmir niyə və nə üçün kommunala aid müqavilələr onunla bağlanıb. İddiaçılar həmin evdə 20 ildən çoxdur yaşamırlar. İddiaçı2 onun dayısı ilə 34 il evli olsa da, 20 ildir ki ayrılmışlar. Digər cavabdehlər onun ana və atasıdırlar. Olarında hazırkı iddiaya aidiyyatları yoxdur. Hal-hazırda ev boşdur və orda heç kim yaşamır. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, İddiaçı2 tanışıdır. Mürşüdovların ailəsini tanımır, ancaq onlar barəsində eşitmişdir. Həmin ərazidə yaşamır. Bir dəfə İddiaçı2 qapısına gəlmiş, evdə xəstə yoldaşı olduğu üçün içəri girməmişdir. 514-cü hərbi hissənin yanında yerləşir. N2-ci ildə İddiaçı2 orada yaşadığını görüb. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə iddiaçının və cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X10 arasında 22 oktyabr 1991ci il tarixdə nikah bağlanmış və həmin nikah 993 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Əhmədova soyadı verilmişdir. - Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X9 ilə İddiaçı2 birgə nikahlarından xx.xx.1994-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.1997-ci il təvəllüdlü İddiaçı3 adlı uşaqları doğulmuşdur. - X9 tərəfindən yazılmış xx.xx.N2-ci il tarixli əl yazmadan görünür ki, X9 heç kimin iddiası altında deyil, özü yazır, hal-haırda yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanı qızı İddiaçı3 varis olaraq həvalə edir. Onun evi qızı Turanəyə qalsın. - 23 fevral N3-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 18 fervral N3-cü il tarixdə ölmüşdür. - Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N3-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3 saylı evdə İddiaçı2, onun ailə üzvləri olan İddiaçı1, İddiaçı3 və X13 qeydiyyatdadırlar. - ünvan 5ərəfindən təsdiq edilmiş X5 xx.xx.N4-cü il tarixli ərizəsindən görünür ki, X14 bildirir ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 4 ünvanında daimi olaraq yaşayırlar. - ünvan 5ərəfindən təsdiq edilmiş X4 və X7 xx.xx.N4-cü il tarixli ərizələrindən görünür ki, X4 və X15 bildirirlər ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 4 ünvanında daimi olaraq yaşayırlar. - Bakı şəhəri Biləcəri Bələdiyyəsinin vəkil Qabil Dadaşovun müraciətinə 23 noyabr N3-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaları barədə arayışın verilməsi haqqında müraciət bələdiyyənin icra aparatında araşdırılmış və Biləcəri Bələdiyyəsində qeyd olunan ünvanda həmin şəxslərin yaşamasını təsdiq edən hüquq müəyyən edici sənəd aşkar olunmamışdır. - Bakı şəhəri X2 Əhmədovanın müraciətinə 10 avqust N3-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Biləcəri bələdiyyəsi tərəfindən iddia etdiyi Biləcəri qəsəbəsi ünvan 7 ünvanında yerləşən yaşayış sahəsi vergi obyekti kimi qeydiyyata alınmamış, həmin evə dair hər hansı məqsədlə arayış verilməmiş və evin yerləşdiyi torpaq sahəsi barədə bələdiyyə tərəfindən qərar qəbul edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olması İddiaçı2 izah edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 11.1. maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). - 11.2. maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. - 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. - 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçılar uzun müddət ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində birgə yaşadıqlarına istinad edərək həmin evə köçürülmələri tələbi ilə çıxış edirlər. Sözügedən evə dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil. Qeyd olunmalıdır ki, özbaşına tikililərə köçürülmə tələbi üzrə mübahisələrin həlli ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə, özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrıayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X22rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı2 1990-cı ildə X8 ilə evlənib ailə qurmuşlar, birgə nikahlarından İddiaçı1 və İddiaçı3 adlı uşaqları olmuşdur. İddiaçı2 X8 ilə evlənəndən sonra ünvan 1 ünvanda yerləşən evə köçmüş, ailəsi və Əhmədov Nabilin anası Əhmədova Seyidxanımla birlikdə yaşamışlar. N3-cü ildə Əhmədov Nabil və Əhmədova Seyidxanım öldükdən sonra cavabdehlər onları evə buraxmamışlar. Qeyd olunmalıdır ki, iddiaçıların sözügedən evdə yaşamalarını cavabdehlərdən Cavabdeh1 da təsdiq etmişdir. Həmçinin bu fakt iş üzrə şahid qismində dindirilmiş X6 da ifadəsində öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçılar köçmək istədiyi evdə yaşamış, cavabdehlərlə münasibəti pisləşdiyindən evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsələr də cavabdehlər buna imkan verməmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçılara qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Bununla yanaşı cavabdehlərin özlərinin həmin evdə yaşamaları və oradan istifadə etmələri də iş üzrə müəyyən edilmir. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçılar məhrum edildikləri evə köçürülməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və iddiaçılar tərəfindən yaşayış sahəsi kimi istifadə olunub. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqları ehtimal olunarsa o zaman bərabərlik prinsipinə uyğun olaraq iddiaçıların da həmin şərtlər daxilində özünün zəhməti ilə inşa edilmiş bu evdə yaşamaq hüquqları vardır. Bu yanaşmanın əksi, yəni iddiaçıların evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçıların da cavabdehlərlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onların mübahisəli evə köçürülməsi barədə gəlinən qənaət əsaslıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar