Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4529/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 11-ci sıra, 33 saylı evə istifadə hüquqlarının olmadığının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini, “hazırki qətnamə qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır olması”nın qətnamənin qət etdi hissəsində göstərilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi uzun müddətdir ki, onun istifadəsindədir. Həmin yaşayış evində ondan başqa cavabdeh də qeydiyyatdadır. Cavabdehin onun mənzilində qeydiyyatda olması formaldır. O, həmin ünvanda ümumiyyətlə yaşamamışdır, cavabdehin onun mənzilində qeydiyyatda olması onun mülkiyyət hüquqlarını pozur. Cavabehin mülkiyyətində ünvan 3 mənzil 63 ünvanında yerləşən yaşayış evi və başqa evi də vardır, faktiki olaraq orada yaşayır. Cavabdeh onun xəstəliyindən və ağır vəziyyətdə olmağından istifadə edib, ona məxsus evə qeydiyyata düşmüşdür. Cavabdehin məqsədi odur ki, o, öləndən sonra onun evini ələ keçirsin. Eləcə də cavabdehin anası X1 ağır xəstə olduğu vaxt, ona baxmışdır. Həmin vaxtlar cavabdehin anası ona demişdir ki, onu ömürlük saxlayıb, ona qulluq edəcəklər. Sonra Profira və qızı balışı onun ağzına basıb, onu öldürəcəkləri ilə hədələmişlər. Xeyli vaxtdır ki, onlar tərəfdən heç kim ona qulluq etmir və ona bacısı Lyuba qulluq edir. Onun göstərdiklərini təsdiq edən şahidləri də vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, mübahiəli evin hüquqmüəyyənedici sənədi yoxdur, həmin ev özbaşına tikintidir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək yazılı etiraz təqdim etdi və bildirdi ki, iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun iddiaçının mənzilində qeydiyyatda olması formal xarakter daşıyır, o, həmin ünvanda ümumiyyətlə yaşamamış, iddiaçının mənzilində qeydiyyatda olması onun hüquqlarını pozmuşdur. İddiaçının ona qarşı olan iddia ərizəsi tamamilə əsassızdır, əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı və anası X2 40 ildir ki, bir-birlərini tanıyırlar və dostluq edirlər. İddiaçı ailəsizdir və tək yaşamışdır. 2001-ci ildən 2011-ci ilədək Alıyev Azər adlı bir şəxs iddiaçının evinə qeydiyyata düşmüşdür və on il ərzində onun evində yaşamışdır. O, həyat yoldaşı ilə birlikdə İddiaçı baxmışdır. Lakin, iddiaçı 2011-ci ildə Azər Alıyevi evdən və qeydiyyatdan çıxarılmasına kömək etməkləri üçün onlara müraciət etmişdir. Onlar, vəkil tapmış və vəkilin köməyi ilə məhkəməyə iddia ərizəsi vermişlər. Məhkəmənin qətnaməsi ilə Azər Alıyevi iddiaçıya məxsus olan evdən və qeydiyyatdan çıxarılmışdır. Bundan sonra iddiaçı 2011-2013-cü illərdə tək yaşamışdır. 2013-2015-ci illərdə Alik adlı qonşusu ona baxmışdır. 2015-ci ilin son iki ayında iddiaçı Binəqədi qəsəbəsində yerləşən onlara məxsus evdə yaşamışdır və onlar iddiaçıya qayğı göstərmişdir. Həmin ildə iddiaçı, onlara müraciət edərək, özünə baxa bilmədiyi üçün onunla birlikdə yaşamağı ona təklif etmişdir. Eyni zamanda onun evində qeydiyyata alınmasını və onunla bir ailə kimi yaşamağını təklif etmişdir. Elə həmin il mübahisəli evə köçmüş, bütün əşyalarını buraya gətirmiş, iddiaçı ilə eyni evdə yaşamağa başlamış və ona tam qulluq etmişdir. İddiaçının mənzili bərbad vəziyyətdə olmuşdur. Buna görə lazımlı təmir işləri etmişdir: qapıları, pəncərə çərçivələrini və divar kağızı dəyişdirmişdir. Həm də bu mənzildə digər ayrılmaz inkişaflar etmiş, o cümlədən, bir divan gətirmiş və evə kondisioner qoydurmuşdur. Beləliklə, 2015-ci ildən 2020-ci ilin avqust ayına qədər fasiləsiz olaraq iddiaçı ilə birlikdə yaşamış və onlar ümumi təsərrüfat aparmışdır. Bütün bu müddət ərzində o, iddiaçıya tam qulluq etmişdir. İddiaçı ağır xroniki xəstəliklərdən əziyyət çəkir, özünə xidmət edə bilmir. Bu səbəbdən tamamilə onun himayəsində olmuşdur. xx xxxxx 2015-ci il tarixdə iddiaçı onkoloji əməliyyat keçirmiş, xx xxxxxx 2018-ci il tarixdə isə mürəkkəb ayaq əməliyyatı keçirmişdir. Bütün bu əməliyyatların xərci onun və anası tərəfindən ödənilmişdir. Əməliyyatdan sonrakı dövr ərzində də iddiaçıya onlar baxmışlar. İddiaçı alkoqoldan sui-istifadə edir. Bu səbəbdən teztez onlar üçün münaqişə yaradır, əsassız narazılığını bildirir, onları evdən qovur. İddiaçının yaşadığı evin heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Onun həmin evdə yalnız qeydiyyat vardır. O da 2015-ci ildə, yəni iddiaçının razılığı ilə, qanuni əsasla həmin evə qeydiyyata düşmüşdür. İddiaçı ilə beş il mübahisəli evdə yaşayaraq və onunla həmin dövr ərzində ümumi təsərrüfat apararaq, burada yaşamaq hüququ qazanmışdır. İddiaçının yaşadığı evi sırf özbaşına tikilidir. İddiaçının adına bu evə dair heç bir sənəd yoxdur. Bununla əlaqədar, onu evdən qovmaq, evdən qeydiyyatdan çıxartmaq üçün iddiaçının heç bir hüququ yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin, iddiaçının vəkilinin və nümayəndəsinin suallarına cavab olaraq bildirdi ki, o, həftənin beş güna xadimə işləyir, iddiaçıya məxsus evə mütəmadi olaraq bazarlıq edərək aparmış, arada onun evində qalırdı. Özünün ipoteka ilə yüklü edilmiş evi var, anasının da mülkiyyətində öz evi var. İddiaçı onu özü könüllü olaraq evinə qeydiyyata salmışdır. Anası isə öz evində qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili cavabdehin izahatını müdafiə edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 11-ci sıra, 33 saylı evdə qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh yaşayış yeri Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 11-ci sıra, 33 saylı evdir. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin qeydiyyatda olduğu və iddiaçının faktiki yaşadığı Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 11-ci sıra, 33 saylı ev özbaşına tikintidir. Özbaşına tikintiyə isə hər hansı hüquq, o cümlədən istifadə hüququ yaranmadığından, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 11-ci sıra, 33 saylı yaşayış evinə istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Məhkəmə iddia tələbinin hazırki qətnamə qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır olması”nın qətnamənin qət etdi hissəsində göstərilməsi”hissəsi ilə bağlı qeyd edir ki, həmin tələb mülki-prosessual qanunvericiliyin müddəalarına əsasən məhkəmə tərəfindən vəsatət kimi qiymətləndirilmiş və məhkəmə iclasında münasibət bildirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 11-ci sıra, 33 saylı yaşayış evinə istifadə hüququnun olmadığı müəyyən edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4529/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4529/2020
24.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver