Məhkəmə qərarları › İş №2(001)-4534/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4534/2021

18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4534/2021 18.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, Ərizəçi qızının “buraxılmış prosessual müddətin bərpa edilməsi” tələbinə dair ərizənin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 20 saylı Notariat ofisinin 18.02.2021-ci il tarixli sənədi əsasında müddətin onun tərəfindən buraxılması səbəbinin üzürlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, ərizə Mülki-Prosessual Məcəlləsinin 149-151-ci maddələrinin tələblərinə uyğun tərtib edilmədiyindən, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını tələb edir. Halbuki, bu qəbildən olan işlərə Məcəllənin qeyd edilən 149-150-ci maddələrinin tələblərinə riayət edilməklə, o cümlədən tələbinin yönəldiyi cavabdehi müəyyən etməklə və müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməklə verilmiş iddia ərizəsi əsasında iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, habelə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin forması və məzmunu baxımından düzgün tərtib olunmamasını nəzərə alıb hesab edirəm ki, ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi “buraxılmış prosessual müddətin bərpa edilməsi” tələbinə dair ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar