Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4552/2023 20.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi ilə, X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və onun əsası: Bobrov İddiaçı Anna Semyonovnaya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 18 ünvanında yerləşən 18 nömrəli mənzilə birləşdirilmiş 14 nömrəli otaqdan çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında 20 kv.metrdən ibarət olan 18 saylı mənzil İddiaçı atası X7 məxsus olmuşdur. Həmin evdə iddiaçının atası X14, anası X15 və uşaqları yaşamışdır. xx.xx.1976-ci il tarixdə iddiaçının atası vəfat etmişdir. Onun ölümündən sonra qeyd olunan mənzil iddiaçının anası X8 adına keçirilmişdir. 1980ci ildə göstərilən ünvanda yerləşən 18 evdə 14 saylı mənzil boşaldılmışdır. xx.xx.1980-ci il tarixdə "Kirovneft" İdarəsinin rəis müavinin məktubu əsasında ünvan 3 ünvanında yerləşən 14 saylı boş otaq 18 saylı mənzilə birləşdirilmişdir. Beləliklə, həmin ünvanda yerləşən 18 saylı mənzil və 14 saylı otaq iddiaçının anasının istifadəsində olmuşdur. 1984-cü ildə iddiaçının anası və iddiaçı özü həmin mənzildə müvəqqəti yaşamaq üçün cavabdehlərə icazə vermişlər. Belə ki, cavabdehlərdən Cavabdeh1 iddiaçının qardaşının arvadı, İqor isə Cavabdeh1 oğlu, yəni iddiaçının qardaşı oğludur. İddiaçının anası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. M.Bobrovanın ölümündən sonra Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli 04/4№li Sərəncamı ilə Bakı şəhəri,Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 18 saylı evin yaşayış sahəsi olan 1 otaqlı 18 saylı mənzilin kirayə müqaviləsi 3 nəfər ailə üzvü ilə (özü, arvadı və oğlu) İddiaçı adına dəyişdirilmişdir. Cavabdehlər iddiaçıya məxsus olan 18 №li mənzilə birləşdirilmiş 14 № otağında qanunsuz olaraq yaşayırlar. Eyni zamanda, Cavabdeh1 adına başqa evlər də vardır. Həmin evlərdən biri Qobustan rayonu Maraza qəsəbəsində, digəri Abşeron rayonu Xırdalan qəsəbəsində yerləşir. Mübahisəli 14 saylı otağında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatı yoxdur. Cavabdehlər ünvan 4 ünvanda yerləşən ev Cavabdeh1 mülkiyyətindədir. Hal-hazırda iddiaçı Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 18, yerləşən 18 №li mənzilin kirayəçisidir. O, özü, yoldaşı X9 və oğlu X4 həmin mənzildə qeydiyyatdadır və faktiki olaraq yaşayırlar. Həmin mənzil onların yeganə yaşayış yeridir. Həmin ünvanda yerləşən 14 saylı otaq 18 №li mənzilə 1980-ci ildə birləşdirilmişdir. Mübahisəli 14 saylı otaqda cavabdehlərin yaşayış və ya istifadə hüququ yoxdur və buna görə də onlar bu otaqdan çıxarılmalıdırlar. İddiaya etiraz və onun əsası: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərimişdir ki, cavabdeh iddianın dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, Binəqədi qəsəbəsi, 1-ci mədən, 18 nömrəli evin 1 otaqlı, 20 kv.metrdən ibarət 18 saylı mənzili mərhum X7 məxsus olmuşdur. Onun ölümündən sonra mənzil arvadı X8 adına keçmişdir. Mariya Bobrovanın ölümündən sonra isə həmin mənzil iddiaçının adına keçmişdir. Eləcə də, həmin evdə, yəni 18 saylı evdə silinməyə gedən (yararsız halda) mövcud olan 14 saylı mənzil olmuşdur ki, 20 kv.metrdən ibarət olan bu sahə də 23 aprel 1980-cı il tarixli “Kirovneft” idarəsinin məktubu əsasında təsərrüfat məqsədləri üçün o dövrdə 18 saylı mənzilin kirayəçisi Mariya Bobrovanın müvəqqəti istifadəsinə verilmişdir. “Kirovneft”in xx.xx.1980-cı il tarixli məktubundan da görünür ki, həmin vaxt 18 saylı otaqda 7 nəfər qeydiyyatda olmaqla yaşadığından, 14 saylı təsərrüfat otağı yalnız təsərrüfat məqsədləri üçün Mariya Bobrovaya və onların özlərinə verilmişdir. Həmçinin, iddiaya əlavə edilmiş xx.xx.1963-cü il tarixli kirayə müqaviləsindən və Cavabdeh1 mərhum əri X5 məxsus ******* nömrəli hərbi biletin “ailə tərkibi və ünvan” qrafasından görünür ki, hazırda özünə məxsus əşyaları ilə birlikdə 14 saylı təsərrüfat otağında yaşayan Cavabdeh1 mərhum əri X10 18 saylı evin 18 saylı mənzilində Bobrova Mariyanın ailə üzvü kimi qeydiyyatda olmuş və yaşamışdır. Eləcə də, iddia tələbini əsaslandıran hallardan görünür ki, 1984-cü il tarixdə 20 kv.metrdən ibarət 18 saylı mənzildə 7 nəfərin qeydiyyatda olduğu və yaşadığını nəzərə alaraq, kirayəçi Mariya Bobrovanı razılı əsasında mərhum Vladimir Bobrov həyat yoldaşı Cavabdeh1 ilə həmin 14 saylı təsərrüfat otağına köçərək, oğlu, gəlini və 2 uşaqları ilə, cəmi 5 nəfər ailə tərkibində orada yaşamağa başlamış, hal-hazırda isə onlara məxsus əşyalar da bu otaqda olmaqla, qeyd edilən 14 saylı mənzil 40 ilə yaxın müddətdir ki, etirazsız və fasiləsiz olaraq onların istifadəsindədir. Qeyd olunanları cavabdehlə qonşuluqda yaşayan şahidlər təsdiq edə bilər. 14 saylı təsərrüfat otağında qaz, elektrik və su istifadəçisi abonenti kimi Cavabdeh1 əri Bobrov Vladimir və onun oğlu Cavabdeh2 qeydiyyata alınmışlar. 18 saylı evin 18 saylı mənzili ilə təsərrüfat otağı kimi verilmiş 14 saylı mənzili yük daşıyıcı ara divarla bir-birindən ayrılmaqla, biri-birindən təcrid olunmuş vəziyyətdədir və onların hər birinin əks tərəfdə yerləşməklə giriş-çıxış qapıları mövcuddur. Göründüyü kimi, sözügedən 18 saylı ein 18 saylı mənzili ilə təsərrüfat orağı kimi verilmiş 14 saylı mənzil bir-birindən təcrid olunmuş şəkildə ayrılıqda mövcuddur. Digər tərəfdən, 14 saylı təsərrüfat otağı kimi Mariya Bobrova və onların ailə üzvlərinin müvəqqəti istifadəsinə verilmiş olan 20 kv.metrdən ibarət otaq Mariya Bobrovaya hər hansı hüquqmüəyyənedici (order, mənzil kirayə müqaviləsi, qərar və s.) sənədlə deyil, “Kirovneft”in xx.xx.1980-cı il tarixli məktubu ilə verilmişdir ki, bu da 2009-cu ilin 1 oktyabrına qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri baxımından hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Digər tərəfdən, iddiaçının anası mərhum Mariya Bobrova hələ sağlığında öz razılığı ilə 1984-cü ildə könüllü olaraq həmin təsərrüfat otağını Cavabdeh1 və onun oğlu Cavabdeh2, onun ailə üzvlərinə vermişdir. Ölüm anına qədər, yəni 11 oktyabr 2022-ci il tarixədək həmin sahə ilə bağlı onlara qarşı hər hansı iddia tələbi qaldırılmamışdır. İddiaçının etirafı və digər sənədlərlə birmənalı müəyyən olunur ki, ailə üzvləri ilə birlikdə Cavabdeh1 1984-cü ildən hal-hazıradək həmin mənzildə özlərinə məxsus əşyalarla birlikdə yaşayırlar. Belə olan halda, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi güyə iddiaçının həmin sahədən uzun müddət istifadəsinin nəzərə alaraq, həmin sahədən istifadə etməsinə etiraz etmədiyi barədə qeyd olunan məktubu ona təqdim etmişdir ki, bu da absurd və əsassızdır. Halbuki, iddiaçı bir gün belə həmin təsərrüfat otağında yaşamamışdır və bu da işin halları ilə tam şəkildə təsdiq olunub. Digər tərəfdən, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi həmin məktubda 14 saylı təsərrüfat otağında yenidənqurma işlərinin aparılmasına icazə vermədiyini qeyd etməsi onun hüquq və vəzifələrinə aid olmayan əsassız bir göstərişdir. Eləcə də, Mariya Bobrova ölümünə qədər nə kirayə müqaviləsi əsasında ona verilmiş 18 saylı evin 18 saylı mənzilinə, nə də ona və ailə üzvlərinə təsərrüfat otağı kimi verilmiş 14 saylı təsərrüfat otağına Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüququ əldə etməmişdir. O da qeyd olunur ki, Cavabdeh1 adına Abşeron rayonu, Xırdalan şəhərində 27-ci məhəllədə yerləşən 2B saylı ev bu yaxınlarda vərəsəlik hüququ əsasında ona keçmiş və cavabdehlər uzun illər yaşadıqları 14 saylı silinməyə gedən evə qeydiyyata düşə bilmədiklərindən hazırda bu evdə pasport qeydiyyatındadırlar. Digər tərəfdən, mülki qanunvericiliyin tələblərinə əsasən 14 saylı təsərrüfat otağına münasibətdə vərəsəlik qaydasında hər hansı hüquq iddiaçıya keçməmişdir. Bu baxımdan iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, 1984-cü ildə iddiaçının mərhum anası cavabdehlərə mübahisələndirilən otaqda müvəqqəti yaşamaqları üçün icazə vermişdir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının qardaşının arvadı, İqor isə qardaşıoğludur. Qohumluq əlaqələri nəzərə alınmaqla, iddiaçının mərhum anası vəfat edənədək cavabdehlərin həmin otaqdan çıxmalarını tələb etməmişdir. Lakin, hazırda iddiaçının öz qızının yaşayış yeri olmadığından, o, qızına həmin otağı vermək istəyir, cavabdehlər isə otaqdan çıxmırlar. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı öz nümayəndəsinin izahatına uyğun izahat verib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil2 iddiaya etirazda göstərilənlərin izahatı olaraq qəbul edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında hər iki cavabdeh ayrı-ayrılıqda iddianı qəbul etmədiklərini bildirib, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Cavabdeh1 onun qonşusudur. Onlar 43-45 ildir ki, qonşuluqda yaşayırlar. Anna həmin evə gəlin köçmüşdür. Annanın əri Vladimirin nə vaxt vəfat etdiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, həm iddiaçı, həm də cavabdehlər onunla qonşuluqda yaşayırlar. Cavabdeh1 illərdir ki, oğlu və nəvəsi ilə həmin ünvanda yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 da digər şahidlərin ifadələrinə uyğun ifadə verdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin ünvanına məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, onun tərəfindən səlahiyyətli nümayəndənin məhkəmədə iştirakı təmin edilməmişdir. Tədqiq edilən sübutlar: - “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X15 24 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 17 fevral 2023-cü il tarixli, 04/4 nömrəli Sərəncamında göstərilmişdir ki, “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 18 saylı evin, yaşayış sahəsi 20 kv.metr olan 1 otaqlı 18 saylı mənzilinin kirayəçisi X15 ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Hal-hazırda göstərilən mənzildə 1990-cı ildən qeydiyyata alınmış kirayəçinin oğlu İddiaçı 3 nəfər ailə üzvü ilə (özü, arvadı və oğlu) yaşayır. Vətəndaş İddiaçı ərizə ilə müraciət edərək, mənzilin kirayəçisinin ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmasını nəzərə alaraq, yaşayış sahəsinin kirayə müqaviləsini öz adına dəyişdirilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mənzil qanunvericiliyinə əsaslanaraq, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 18 saylı evin yaşayış sahəsi 20 kv.metr olan 1 otaqlı, 18 saylı mənzilinin kirayə müqaviləsi 3 nəfər ailə üzvü ilə (özü, arvadı və oğlu) İddiaçı adına dəyişdirilsin və o, həmin mənzilin kirayəçisi hesab edilsin...” - Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 145 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 01 mart 209 saylı arayışda göstərilmişdir ki, İddiaçı Binəqədi qəsəbəsi, İ mədən küçəsindəki 18 nömrəli 2 mərtəbəli evin 1-ci mərtəbəsində 20 kv.metr yaşayış sahəsi olan 1 otaqlı, 18 nömrəli mənzildə yaşayır. Bina Bakı şəhəri Mənzil-Komminal Təsərrüfatı Departamentinə məxsusdur. Kirayəşin İddiaçıdir və onun ailəsi 3 nəfərdən (özü, həyat yoldaşı və oğlu) ibarətdir. Onlar 23 avqust 1990-cı il tarixdə həmin mənzilə qeydiyyata alınmışlar. - “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X10 (Cavabdeh1 əri) 15 noyabr 2005-ci il tarixdə vəfat etmişdir. - 145 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Vəkil2 ünvanlandırılmış 28 avqust 2023-cü il tarixli, 32 saylı məktubda göstərilmişdir ki, “Binəqədi qəsəbəsi, İ mədən, 18 saylı yaşayış evinin 14 və 18 saylı mənzillərin hər birinin ayrıca giriş-çıxış qapıları mövcuddur. 14 və 18 saylı mənzillərin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Arxiv sənədlərə əsasən, X10 xx.xx.1973-cü ildən 2005-ci il vəfat etdiyi günə qədər sözügedən mənzildə pasport qeydiyyatında olmuşdur.” - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 01 sentyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, ev 18, 18 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. - 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı ünvanlandırılmış 19 sentyabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “Yaşadığınız mənzilə bitişik sahəsi 20 kv.metr olan 14 nömrəli yaşayış sahəsi Sizin ailəyə xx.xx.1980-cı il tarixli, B-01-4/17 nömrəli Binəqədi NQÇİ (Kirovneft) tərəfindən təsərrüfat məqsədi ilə verildiyi və uzun müddət həmin sahədən təsərrüfat məqsədi kimi istifadə etdiyinizi nəzərə alaraq, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi balanssaxlayıcı təşkilat olaraq bundan sonra da həmin sahənin təsərrüfat məqsədi kimi istifadə etməyinizə etiraz etmirik. Eyni zamanda, həmin sahədə əlavə olaraq yenidənqurma işlərinin aparılmasına Birliyin yazılığı olmadan heç bir yenilik edilməsinə icazə verilmir və Sizə aryılan sahəyə görə 145 saylı MKİS ilə müvafiq istismar yığımına görə nəzərdə tutulmuş qaydada müqavilə bağlayasınız.” - 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Vəkil1 ünvanlandırılmış 18 oktyabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “MKİS-in arxivində olan sənədlərə əsasən məlum edirik ki, Binəqədi rayonu, 1-ci Mədən küçəsində yerləşən, sahəsi 20 kv.metr olan 1 otaqlı mənzildə Bobrova M.N. ailə üzvləri ilə yaşayıb. Daha sonra Binəqədi NQÇ İdarəsi (Kirov Neft) 1980-cı ildə B 01-4/17 saylı məktubuna əsasən Bobrova M.N. ailə üzvlərinin çoxluğunu nəzərə alaraq 18 saylı mənzilə bitişik 14 saylı mənzilin sökülməsi mümkün olmadığından onun ailəsinin təsərrüfat məqsədi üçün istifadəsinə verilmişdir. Daha sonra Bobrova M.N. vəfatından sonra qeyd olunan ünvanda yerləşən 18 saylı mənzilin kirayə müqaviləsi Bobrova M.N.-nin oğlu İddiaçı adına dəyişdirilmiş və onunla kirayə müqaviləsi bağlanmışdır...” Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə: - 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 158.1-ci və 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. - 163.1. sahiblik əşyanın özünün verilməsi ilə verilir. - 164.1. sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. - 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasinin Mənzil Məcəlləsi (30 iyun 2009-cu il tarixədək qüvvədə olmuş), maddə: - 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. - 52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Otağın bir hissəsi və ya digər otaqla qapısı bir olan otaq (təcrid olunmayan iç-içə otaqlar), habelə yardımçı sahələr (mətbəx, dəhliz və i. a.) icarə müqaviləsinin müstəqil predmeti ola bilməz. - 79. Yaşayış sahəsinin icarədarı və onunla yaşayan ailə üzvləri, qarşılıqlı razılığa əsasən, istifadələrində olan yaşayış sahəsində başqa vətəndaşlarla (müvəqqəti sakinlərlə) əsas icarədardan icarəyə götürmə müqaviləsi bağlamadan və sahədən istifadə haqqı almadan onların müvəqqəti yaşamasına icazə verə bilərlər. Müvəqqəti sakinlərin bir ay yarımdan artıq müddətə köçməsinə yalnız bu Məcəllənin 40-cı maddəsinin birinci hissəsində müəyyən olunmuş mənzil sahəsi normasına əməl etmək şərtilə yol verilir. Müvəqqəti sakinlər icarədarın və ya onunla yaşayan ailə üzvlərinin tələbi ilə yaşayış sahəsini dərhal boşaltmalıdırlar. Müvəqqəti sakinlər imtina etdikdə başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsi, maddə: - 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: - 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; - 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; - 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; - 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; - 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; - 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. - 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. - 59.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. - 59.4. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. - 60.1. Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. - 60.2. Çoxmənzilli binanın yaşayış sahəsinin kirayəçisi həmin yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə binanın ümumi əmlakından istifadə hüququnu əldə edir. - 61.1. Yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. - 61.2. Ayrıca olmayan yaşayış sahəsi, yardımçı sahələr, habelə çoxmənzilli binanın ümumi əmlakı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, maddə: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Binəqədi qəsəbəsi, 1-ci mədən, 18 nömrəli evin 1 otaqlı, 20 kv.metrdən ibarət 18 saylı mənzili mərhum X7 məxsus olmuşdur. Onun ölümündən sonra mənzil arvadı X8 adına keçmişdir. Mariya Bobrovanın ölümündən sonra isə mənzilin balans saxlayıcısı tərəfindən sözügedən mənzil 3 nəfər ailə üzvü ilə birlikdə irayə müqaviləsi əsasında iddiaçıya verilmişdir. Bu işin mübahisəsiz halıdır. İşin mübahisəli halı 23 aprel 1980-cı il tarixli “Kirovneft” idarəsinin məktubu əsasında təsərrüfat məqsədləri üçün o dövrdə 18 saylı mənzilin kirayəçisi Mariya Bobrovanın müvəqqəti istifadəsinə verilmiş 14 saylı təsərrüfat otağından cavabdehlərin istifadəsi ilə bağlıdır. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, həm əvvəl qüvvədə olmuş həm hazırkı mənzil qanunvericiliyinə əsasən dövlət və ictimai mənzil fonduna aid yaşayış sahələrindən istifadə hüquqnun əmələ gəlməsi üçün qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər, habelə mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları əsas hesab edilir. İşin müəyyən edilən hallarına görə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 17 fevral 2023-cü il tarixli, 04/4 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 18 saylı evin yaşayış sahəsi 20 kv.metr olan 1 otaqlı, 18 saylı mənzilinin kirayə müqaviləsi 3 nəfər ailə üzvü ilə (özü, arvadı və oğlu) İddiaçı adına dəyişdirilsin və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. Bununla yanaşı 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı ünvanlandırılmış 19 sentyabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “Yaşadığınız mənzilə bitişik sahəsi 20 kv.metr olan 14 nömrəli yaşayış sahəsi Sizin ailəyə xx.xx.1980-cı il tarixli, B-01-4/17 nömrəli Binəqədi NQÇİ (Kirovneft) tərəfindən təsərrüfat məqsədi ilə verildiyi və uzun müddət həmin sahədən təsərrüfat məqsədi kimi istifadə etdiyinizi nəzərə alaraq, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi balanssaxlayıcı təşkilat olaraq bundan sonra da həmin sahənin təsərrüfat məqsədi kimi istifadə etməyinizə etiraz etmirik. Eyni zamanda, həmin sahədə əlavə olaraq yenidənqurma işlərinin aparılmasına Birliyin yazılığı olmadan heç bir yenilik edilməsinə icazə verilmir və Sizə aryılan sahəyə görə 145 saylı MKİS ilə müvafiq istismar yığımına görə nəzərdə tutulmuş qaydada müqavilə bağlayasınız.”. Göründüyü kimi sözügedən ünvanda yerləşən mübahisəli 18 və 14 saylı otaqlar iddiaçının qanuni istaifadəsində olduğu halda cavabdehlərin həmin otağa dair hər hansı hüquqmüəyyənedici sənədləri mövcud deyil. Məhkəmə iddiaya etirazda göstərilən “1984-cü il tarixdən həmin dövrdə kirayəçi Mariya Bobrovanın razılığı əsasında mərhum Vladimir Bobrov həyat yoldaşı Cavabdeh1 ilə həmin 14 saylı təsərrüfat otağına köçərək, oğlu, gəlini və 2 uşaqları ilə, cəmi 5 nəfər ailə tərkibində orada yaşamağa başlamasını, hal-hazırda isə onlara məxsus əşyalar da bu otaqda olmaqla, qeyd edilən 14 saylı mənzil 40 ilə yaxın müddətdir ki, etirazsız və fasiləsiz olaraq onların istifadəsində olmaları” dəlili ilə razılaşmayaraq qeyd edir ki, həmin dövrdə qüvvədə olan Mənzil Məccələsinin 79-cu maddəsi buna yola versə də, hazırda Azərbaycan Respublikası Mənzil Məcəlləsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsaslarında qeyd olunan hallardan hər hansı birinin cavabdehlərə şamil edilməsi müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 18 saylı evin 18 saylı mənzilinə bitişik 14 nömrəli otaqdan çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri baxımından, iddianın təmin edilməsi nəzərə alınmaqla, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 18 saylı evin 18 saylı mənzilinə bitişik 14 nömrəli otaqdan çıxarılsınlar. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4552/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4552/2023
20.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver