Məhkəmə qərarları › İş №2(001)-4554/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4554/2023

06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4554/2023 06.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən 21 fevral 2022-ci il tarixdə qeydə alınmış (440 saylı nömrə ilə qeyd edilmişdir) onunla Cavabdeh arasında bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi belə əsaslandırılmışdır ki, onunla cavabdeh X4 arasında 21 fevral 2022-ci ildə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində nikah qeydə alınmışdır. (440 saylı nömrə ilə qeyd edilmişdir). Nikahlarının qeydə alındığı vaxtdan xx.xx.2022-ci ildən 3 ay müddət keçdikdən sonra ona məlum olmuşdur ki, cavabdehlə heç xasiyyətləri uyğun gəlmir. Bu səbəbdən də həmin nikah onun qanuni hüquqlarını və maraqlarını pozur. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı olan nikahın etibarsız sayılması tələbinə dair iddianı qəbul etdiyini və onların arasında rəsmi nikah bağlansa da, faktiki nikah münasibətlərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, o, ailə qurmaq niyyəti ilə nikaha daxil olsa da, sonradan cavabdehlə xasiyyətləri uyğun gəlmədi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini, 21 fevral 2022-ci ildə iddiaçı ilə aralarında rəsmi nikah bağlansa da, faktiki nikah münasibətlərinin olmadığını bildirib, idda tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, o, ailə qurmaq niyyəti ilə nikaha daxil olsa da, sonradan iddiaçı ilə xasiyyətləri uyğun gəlmədi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ seriyalı 491221 №-li Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 arasında nikah xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 440 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Cəfərova Babayeva” soyadı verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. 10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 11.1-ci maddəsinə əsasən, nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. 11.2-ci maddəsinə əsasən, bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. 12-ci maddəsinə əsasən, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir. 13.7-ci maddəsinə əsasən, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3-cü maddəsinə əsasən, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Hal-hazırda isə iddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış nikahın etibarsız hesab edilməsini xahiş edir və iddia tələbini “xx.xx.2022-ci ildən 3 ay müddət keçdikdən sonra ona cavabdehlə heç xasiyyətlərinin uyğun gəlməməsinin məlum olması” ilə əsaslandırmışdır. Cavabdeh isə iddia tələbini qəbul etdiyini və iddiaçı ilə aralarında rəsmi nikah bağlansa da, faktiki nikah münasibətlərində olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcələsinin 25.1.-ci maddəsində nikahın etibarsız sayılmasının konkret əsasları qeyd edilmiş və həmin əsaslara- nikah yaşının və nikahın bağlanma şərtlərinin pozulması, nikahın bağlanmasına mane olan hallar və nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətməsi daxildir. Göründüyü kimi iddiaçının qeyd etdiyi hal, yəni cavabdehlə xasiyyətlərinin tutmaması və eləcə də cavabdehin iddiaçı ilə faktiki nikah münasibətlərində olmamasına dair gətirdiyi dəlil nikahın etibarsız hesab edilməsi üçün əsaslar deyildir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbi barədə iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbi barədə iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik еdən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar