Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4561/2020 15.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Cavabdeh1 xahişi ilə onu və 3 nəfər ailə üzvünü sonradan istənilən vaxt qeydiyyatdan çıxacağı şərti ilə mülkiyyətində olan mənzilə qeydiyyata salmışdır. Lakin sonradan cavabdehlər mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdehlər və onun ailə üzvləri bir gün belə onun mənzilində yaşamamışdır. Sadəcə olaraq, cavabdehlər Bakı şəhərində pasport qeydiyyatına düşmək istəmişdilər. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (yetkinlik yaşına çatmayan uşaqları, 2011-ci il təvəllüdlü X2 və 2015-ci il təvəllüdlü X3 ilə birlikdə) onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəzəbəsi, məhəllə 5057/68, 7 saylı evin, 90 saylı mənzilindən istifadə hüquqları olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin və tələbin dəişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 müraciətinə əsasən onu, ailə üzvləri ilə birlikdə 2015-ci ildə mülkiyyətində olan mənzilə pasport qeydiyyatına alınmasına razılıq vermişdir. Həmin vaxtdan da bu şəxslər qeyd edilən mənzildə pasport qeydiyyatındadırlar. Lakin bir gün belə mənzildə yaşamamışdılar. Onların pasport qeydiyyatları formal xarakter daşıyır və eyni zamanda, ona hüquqi çətinliklər yaradır. Belə ki, bu şəxslərə görə mənzili özəlləşdirə bilmir. Cavabdehlər vəd verməsinə baxmayaraq, hazırda pasport qeydiyyatından çıxmağa razılıq vermir. Onların həmin mənzildən istifadə hüququ yaranmamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, 7 saylı evin, 90 saylı mənzili xx.xx.2009-cu il tarixli orderlə X4 tərəfindən İddiaçı istifadə və sahibliyinə verilmişdir. Həmin mənzil hazırda da onun istifadə və sahibliyindədir və o, mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Onun razılığı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları 2011-ci il təvəllüdlü X2 və 2015-ci il təvəllüdlü X3 ilə birlikdə 2015-ci il tarixdə bu mənzilə pasport qeydiyyatına alınmışdır və həmin vaxtdan qeydiyyatdadır. Cavabdehlərin və onların uşaqlarının qeyd edilən mənzildə hər hansı bir vaxt yaşadığı, habelə mənzildən istifadə etdiyi barədə hər hansı sübut mövcud deyil. Cavabdehlər barədə orderdə hər hansı qeyd aparılmamışdır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləği cavabdehlərdən tələb etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 60.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir; 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər; 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar; 69.1-ci maddəsinə əsasən kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır; 69.2-ci maddəsinə əsasən kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Beləliklə, göründüyü kimi, cavabdehlər mübahisəli mənzilə köçürülməmiş və heç vaxt mübahisəli mənzildə yaşamamışdılar. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. İddiaçı da hüquqi baxımdan bu halın müəyyən edilməsinə nail olmaqla, cavabdehləri onun mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxartmaq istəyir. Bu da öz növbəsində iddianın əsaslı olmasına dəlalət edir və onun təmin edilməsini şərtləndirir. Məhkəmə onu da qeyd edir ki, cavabdehlərin mübahisəli mənzilə pasport qeydiyyatına alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onların vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzildə pasport qeydiyyatında olması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə pasport qeydiyyatında qalması iddiaçıya həmin əmlakdan istədiyi kimi istifadə etməsinə və ona sahiblik etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən cavabdehlərin mübahisəli mənzildə pasport qeydiyyatında qalması iddiaçının hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və onların həmin mənzildən istifadə hüququnun olmaması pasport qeydiyyatından çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (yetkinlik yaşına çatmayan uşaqları, 2011-ci il təvəllüdlü X2 və 2015-ci il təvəllüdlü X3 ilə birlikdə) İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, 7 saylı evin, 90 saylı mənzildən istifadə hüququ olmayan şəxslər hesab edilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Bu Qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (yetkinlik yaşına çatmayan uşaqları, 2011-ci il təvəllüdlü X2 və 2015-ci il təvəllüdlü X3 ilə birlikdə) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, 7 saylı evin, 90 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsas olmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (yetkinlik yaşına çatmayan uşaqları, 2011-ci il təvəllüdlü X2 və 2015-ci il təvəllüdlü X3 ilə birlikdə) İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, 7 saylı evin, 90 saylı mənzilindən istifadə hüququ olmayan şəxslər hesab edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Bu Qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (yetkinlik yaşına çatmayan uşaqları, 2011-ci il təvəllüdlü X2 və 2015-ci il təvəllüdlü X3 ilə birlikdə) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, 7 saylı evin, 90 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4561/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4561/2020
15.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver