Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4567/2020 16.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbədə, qeyri-yaşayış sahəsini başlandığı sağ hissəsində (cənubda) əsas küçəyə paralel olan küçəboyu, ümumi sahəsi 195 kv.m. olan qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 90 kv.m. hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X12 xx.xx.2001-ci il tarixdən fərdi sahibkar kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin 1 saylı fililalında qeydiyyatdan keçməklə yaşayış binaları inşa edib, mənzil və qeyri-yaşayış sahələrini satmaqla sahibkarlıq fəaliyyətilə məşğul olmuşdur. Onunla iddiaçının əri X7 arasında xx.xx.2007-ci il tarixli müqavilə bağlanmış, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, Z mərtəbəsində ümumi sahəsi 90 kv.m. olan qeyri-yaşayış sahəsi (pay), qeyri-yaşayış sahəsinin hər bir kv.m-i 1800 ABŞ dolları olmaqla cəmi 162.000 ABŞ dolları məbləğində pula mərhum ərinə satılmışdır. Bundan sonra obyektin dəyəri tam ödənilmiş, lakin X12 binanı tikib təhvil verə bilməmiş, eləcə də digər ciddi maliyyə-vergi problemləri olduğundan barəsində cinayət işi başlanılmış, o vaxtki X23 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 1(101)-76/09 saylı hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məhkum edilmişdir. İddiaçının əri X7 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, məhkəmənin hökmü ilə X5 üzərinə obyektin Z.Zülfüqarova təhvil verilməsi vəzifəsi qoyulmuşdur. X7 xx.xx.2010-cu il tarixdə vəfat etmiş, X12 da onunla təxminən eyni vaxtda və ya bir neçə il sonra vəfat etmişdir. Binanın tikintisi tam yekunlaşmamış, istismara qəbul edilməmişdir. Hal-hazırda binada tikinti işləri yekunlaşmaq üzrədir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, Cavabdeh tərəfindən onlara məxsus qeyri-yaşayış sahəsi zəbt edilmiş, təmir işləri aparılır. Dərhal bununla bağlı cavabdehə müraciət edilsə də heç bir nəticəsi olmamışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmiş, bununla bağlı müvafiq maliyyə arayışı iddiaçının əri sağ ikən Zahid Zülfiqarova təhvil verilmiş, lakin həmin vaxt Şakir Hüseynov tərəfindən həmin maliyyə arayışına möhür, möhürün istintaq orqanı tərəfindən cinayət işi ilə əlaqədar Şakir Hüseynovdan götürülməsi səbəbindən vurulmamışdır. Eyni zamanda obyekt binanın qeyri-yaşayış sahələri yerləşdiyi mərtəbəsində, küçəboyu olmaqla yerləşmişdi, məhz bu səbəbdən onun qiyməti daha baha olmuşdur. Sonda Ü.Z.Məmmədov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X9 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh fərdi sahibkar Şakir Hüseynovla xx.xx.2007-ci il tarixli müqavilə bağlanmış, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.m. olan qeyri-yaşayış sahəsi, qeyri-yaşayış sahəsinin hər bir kv.m-i 600 manat olmaqla cəmi 120.000 manat məbləğində pula satın almışdır. Bundan sonra obyektin plan ölçüsü möhürlənmiş qaydada X12 tərəfindən cavabdehə təhvil verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evi “icraçı” tərəfindən tikilib qurtarmış, 2019-cu ilin dekabr ayının axırlarında obyekt 2007-ci ildə razılaşdırılmış plan əsasında Cavabdeh təhvil verilmişdir. Beləliklə, həmin obyekt Cavabdeh tərəfindən özbaşına, qanunsuz olaraq tutulmamış, obyekt təhvil alındıqdan sonra 2020-ci ilin yanvar ayından təmirə başlanılmış, mart ayında təmir işləri başa çatdırılmış, xx xxxx 2020-ci il tarixdən obyekt icarəyə verilmişdir. İddiaçının qeyd edilən mübahisə ilə əlaqədar cavabdehə qarşı iddia qaldırmaqda subyektiv hüququ yoxdur. Əslində iddiaçının iddiası müqavilə bağladığı şəxsə, yəni Şakir Hüseynova və ya onun hüquqi varislərinə yönəlməlidir. İddiaçı ilə cavabdeh arasında yalnız qonşuluq münasibətləri ola bilər, bu isə İddiaçı tərəfindən əmlak təhvil alındıqdan sonra yaranmış olacaqdır. Müqavilə ilə razılaşdırılmış əmlak isə iddiaçıya təhvil verilməmişdir. Həmçinin məhkəmənin xx.xx.2009-cu il tarixli hökmü ilə müəyyən edilmiş halda da iddia Şakir Hüseynova və ya hüquqi varisinə yönəlməlidir. Digər tərəfdən məhkəmənin hökmündən aydın olur ki, Zahid Zülfiqarov tərəfindən 162.000 ABŞ dolları ödənməli olduğu halda, cəmi 110.000 ABŞ dolları pul ödənilmişdir. Həmin hökmdən görünür ki, Zahid Zülfiqarov pulu 3 dəfəyə ödəmişdir. Beləliklə, Zahid Zülfiqarov müqavilə tələblərini tam icra etməmiş, müqavilədəki xx.xx.2007-ci il tarixli 52.000 ABŞ dolları pulun ödənilməsi üzrə sübut saxtalaşdırılmışdır. Buna görə də xüsusi qərardad çıxarılmalıdır. Sonda cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili X1 iştirak etdiyi məhkəmə prosesindən izahat verərək bildirdi ki, Cavabdeh qeyd edilən qeyriyaşayış sahəsinin dəyərini ödəmiş və oranı almışdır. Həmin sahənin dəyərindən ucuz satılmasında qeyri-adi heç nə yoxdur, bu tələb və təklif qaydasında satılıb, Babək oranı “katlavan”dan alıb. Həmin binada iddiaçının payı kimi qeyri-yaşayış sahəsi vardır, lakin, T.Hüseynov iddiaçının yerinin binanın hansı tərəfdə yerləşməsini bilmir. Eyni zamanda verilmiş suallara cavab olaraq 3-cü şəxsin nümayəndəsi bildirdi ki, müqavilədən görünür ki, Zahid Zülfiqarov tərəfindən pul tam ödənilməmişdir, bu hal hökmlə öz təsdiqini tapır. Həmçinin Cavabdeh tərəfindən pulun manatla deyil ABŞ dolları ilə ödənilməsinin səbəbi də onlara məlum deyildir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən məhkəmə, işə müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materialların əlavə edilmiş X12 ilə X7 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, Z mərtəbəsində ümumi sahəsi 90 kv.m. olan mənzil hər bir kv.m-i 1800 ABŞ dolları olmaqla, cəmi 162000 ABŞ dolları məbləğində pula Zahid Zülfiqarova satılmış (pay kimi verilmiş), həmin məbləğ tam şəkildə ödənilmişdir. İş materiallarına əlavə edilmiş İİ-ЖГ ******* saylı, xx.xx.1979-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X17 xx.xx.1979-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş AZ-İ437633 saylı, xx.xx.2010-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 14 saylı Notariat Ofisinin notariusunun xx.xx.2020-ci il tarixli, 2149 saylı məktubunun surətindən görünür ki, X4 vəfat etməsilə əlaqədar onun vərəsələrinin dairəsi – İddiaçı miras qoyanın vərəsəsi olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş X12 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.m. olan mənzil hər bir kv.m-i 600 manat olmaqla, cəmi 120.000 manat məbləğində pula Cavabdeh satılmış (pay kimi verilmiş), həmin məbləğ 120.000 ABŞ dolları olmaqla ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində qeyd etdi ki, Zahid adlı şəxsi tanımır, Babəkin qardaşı Habili tanıyır, bina ilə bağlı onu orada görübdür. Sakinlər öz aralarında iclaslar keçirmişlər, həmin iclaslar formal olmuşdur, yəni heç bir yerdə qeydiyyatdan keçməmişlər. Onun özünün də həmin binanın 1-ci mərtəbəsində 60 kv.m. qeyri-yaşayış obyekti var, hər kv.m-ə görə 1050 ABŞ dolları pul ödəmişdir, 2006-cı ildə müqavilə bağlamışdır. Onun obyekti əsas küçəyə baxmır. Hazırda obyektlərinin yerləşdiyi yeri sakinlər özləri keçən ilin sonlarında bölmüşlər və bu ümumi razılıq əsasında, mülahizələrinə uyğun olmuşdur. Zahid Zülfiqarov və ya onun vərəsəsi bölgüdə iştirak etsəydi, bu zaman ona da göstərdiyi hissədən yer verilməli idi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, Şakir Hüseynov onun doğma dayısı, 3-cü şəxs Əlnur Bayramov isə onun doğma qardaşıdır. İddiaçı tanımır, Zahid Zülfiqarovu isə şəxsən tanımasa da, onun tanışı Şirvan adlı şəxsin qardaşı Rəşadın qayınatası olduğunu bilir. Cavabdeh çox onun qardaşı Habili tanıyır. Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin sərəncamı Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən 2004-cü ildə qardaşı Əlnur Bayramovun adına verilmiş, lakin bütün işləri, alğı-satqıları dayısı Şakir aparmışdır. O, özü 2004-cü ildən bu işlərin içində olmuşdur. Hal-hazırda da binanın yarımçıq qalmış işlərini, tikintisinin davamını FHN-nin təklifi əsasında o aparır. Tərəflər arasındakı hazırki mübahisədən məlumatlıdır. Təxminən keçən ilin dekabr ayının sonu, bu ilin yanvar ayında binanın qeyri-yaşayış sahələri yerləşən mərtəbəsindən sakinlərin öz təşəbbüsü ilə, daxili iclaslarda bölgü aparılmışdır. Bölgü prosesində o iştirak etsə də, bölgü sakinlərin mülahizələrinə uyğun aparılmış, o, bu işlərə qarışmamışdır. Bölgüdə Habil, Elşən və digər şəxslər iştirak edib. Bölgü zamanı o, cavabdehin qardaşı Habilə, həmçinin digər şəxslərə bölgü aparılan hissədə Şirvanın qardaşının qayınatası Zahid Zülfiqarovun obyektinin olduğunu bildirmiş, onun nə vaxtsa gələcəyini özündə zənn etmişdir. Bölgü Şakir Hüseynov tərəfindən heç vaxt aparılmamış, heç kimə təhvil-təslimlə bağlı sənəd verilməmişdir. Çünki bina yarımçıq olmuş, həmin vaxt kiməsə hansısa sənəd verilməsi mümkün deyildir. Şakir Hüseynov 2015-ci ildə cəzaçəkmə müəssisəsində vəfat edib. Zahid Zülfiqarov adlı şəxs Şakir Hüseynovla bağlı məhkəmədən sonra heç vaxt binaya gəlib-getməyib, Babəkin qardaşı Habil isə davamlı olaraq binaya gəlib-getmişdir. Cavabdeh 2007-ci ildə kvadrat metri 600 manatdan qeyri-yaşayış sahəsinin satılması real deyil, çünki həmin vaxt qeyri-yaşayış sahəsinin 1 kv.m-nin qiyməti 1500-2000 ABŞ dolları aralığında olub, yaşayış sahələri isə 600, hətta 450 manatdan da satılıb. Ümumiyyətlə, Cavabdeh obyektinin hazırda yerləşdiyi yer 200 kv.m. deyil. Ora cəmi 160 kv.m boş sahə olub, Babək binanın layihəsində balkon kimi nəzərdə tutulmuş sahəni də öz yerinə qataraq 190-195 kv.m. sahə yaradıb. Hətta bölgü zamanı Babəkin yerləşmək istədiyi yerdə digər bir şəxslə mübahisə yaranmış, orada 50 kv.m. sahə Nəsrullayeva soyadlı başqa bir qadına məxsus olduğundan ona verilmişdir. Təmir işləri başlanmamışdan Zahidin kürəkəni Rəşadın dayısı oğlu Fuad adlı şəxs ona yaxınlaşmış, onlara ayrılmış yeri (küçəboyu) göstərmiş, o isə həmin yerin başqa şəxs tərəfindən tutulduğunu bildirmiş, Fuada başqa hissədən yer təklif etmişdir. Fuad isə məsləhətləşmədən sonra onlara məhz əsas küçə boyu 90 kv.m. qeyri-yaşayış sahəsinin satıldığını, obyektinin pulunu da məhz yerləşməsinə uyğun alındığını bildirmişdir. Bundan sonra o, Babəkin qardaşına bu barədə xəbərdarlıq etmiş, mübahisə həll olunanadək obyekti təmir etməməyi xahiş etmişdir. Lakin Habil ona əhəmiyyət verməmiş və obyekti təmir etdirmişdir. Hazırda Rəfiqə ilə yanaşı başqa bir şəxs də, həmin yerdə 28 kv.m. qeyri-yaşayış sahəsi aldığını, həmin yerin Babəkin obyektinin yerləşdiyi sahədə olması və Babəkin oranı tutması barədə onlara müraciət etmiş, o isə isə həmin şəxsə bu məsələlərə onu qatmamağı demişdir. Təbii ki, Zahid Zülfiqarov və ya onun vərəsəsi bölgüdə iştirak etsəydi, bu zaman onun da payı göstərdiyi yerdən verilməli idi. Zahid Zülfiqarovun obyektin dəyərini tam ödəyibödəməməsi barədə rəsmi bilməsə də, həmin vaxt yəni, Şakir Hüseynov həbs olunarkən bir çox sakin ya cəzaçəkmə müəssisəsində, ya da ofisdə borclu qaldıqları pulları ödəyərək binanın tikintisinin davam etdirilməsini tələb edirdilər. Yəqin ki, Zahid Zülfiqarov da belə etmişdir, əks halda onunla müqavilə pozulardı və ya razılıq olmaması səbəbindən məhkəmədə Zahid də şikayətçi olardı. Lakin həmin vaxt sakinlərin heç biri, eləcə də Zahid Zülfiqarov şikayətçi olmadılar, çünki onlar borclu qaldıqları məbləği ödədilər və hər birinə çatası pay sonradan verildi. Hazırda binanın digər bir hissəsində, məhəlləyə baxan hissədə 200 və 30 kv.m-lik qeyri yaşayış sahələri vardır və onların payçısı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Eyni norma Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır kimi qeyd edilmişdir. İş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, qeyri-yaşayış obyktlərinin yerləşdiyi mərtəbəsində ümumi sahəsi 90 kv.m. olan qeyri-yaşayış sahəsi (pay) X13 Zülfiqarovun birgə nikahları zamanı əldə edilmiş, Zahid Zülfiqarov hazırda vəfat etdiyindən, İddiaçı həm birgə nikah dövründə əldə edilmiş əmlak kimi, həm də Zahid Zülfiqarovun vərəsəsi kimi hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Eyni mövqe X21 Məhkəməsinin hazırkı işlə oxşar məzmunlu xx xxxxxxxx 2007-ci il tarixli qərarında (Akimova Azərbaycana qarşı) öz əksini tapmışdır. Həmin qərarın müvafiq bəndlərində (39, 40, 41) məhkəmə müəyyən etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Eləcə də, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir...” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin xx.xx.2018-ci il tarixədək qüvvədə olan mətndə qeyd edilmişdir ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Eyni norma Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsində “mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir” kimi təsbit edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan beynəlxalq, eləcə də daxili qanunvericiliyin mülkiyyətlə bağlı mövqeyi əsas götürülərsə, hazırki iş üzrə iddiaçı mülkiyyətin istifadə və sahiblik kompenentlərini tam əldə etmiş, əmlak üzərində qanuni gözlənti hüquna malikdir (nəzərə alınmalıdır ki, pay sahibi istifadə, sahibliklə yanaşı, hətta pay üzərində sərəncam hüquqlarına da malikdir), başqa sözlə, hazırki mülki dövriyyədə təşəkkül tapmış adət baxımından iddiaçının hüquqi statusu mülkiyyətçiyə bərabər tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarında olan X23 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 1(101)-76/09 saylı hökmüdən görünür ki, X12 ilə X7 arasında xx.xx.2007-ci il tarixli müqavilə bağlanmış, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 1-ci mərtəbəsində ümumi sahəsi 90 kv.m. olan qeyri-yaşayış sahəsi (pay), qeyri-yaşayış sahəsinin hər bir kv.m-i 1800 ABŞ dolları olmaqla, cəmi 162.000 ABŞ dolları məbləğində pula sonuncuya satılmışdır. Həmin payın dəyərinin 110.000 ABŞ dolları ödənilmiş, 52.000 ABŞ dolları borc qalmışdır. Həmin hökmlə müəyyən olunmuşdur ki, müqavilədəki imzalar həqiqidir, müqavilə tərəfləri tərəfindən icra edilmişdir, tərəflər üçün hüquq və vəzifələr doğurur. Eyni zamanda iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 1(103)-500/2009 saylı qərarından və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(102)-513/2011 saylı qərarından aydın olur ki, X23 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 1(101)-76/09 saylı hökmü ilə müəyyən edilmiş hallar təsdiqlənmişdir (hökmə dəyişiklik yalnız hökmün nəticə hissəsi ilə bağlı olmuşdur). Məhkəmə, mübahisəli qeyri-yaşayış sahəsinin tərəflərin iştirakı yerində müayinəsini həyata keçirmiş, bu zaman müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən istifadə edilən mübahisəli qeyri-yaşayış sahəsi 195 kv.m-dir. Həmin sahə market kimi fəaliyyət göstərir və icarəyə verilib. Qeyri-yaşayış sahəsi giriş hissə ilə üzbəüz dayandıqda küçəboyu və soldan məhəllə daxili yolboyu şüşə pəncərələrlə (vitrin) örtülüb. İddiaçı tərəf onlara məxsusluğunu iddia etdikləri hissə küçəboyu təxminən 8-9 metr uzunluğunda, 10 metr enindədir və bütünlükdə cavabdeh tərəfindən istifadə edilən sahə ilə üst-üstə düşür. Qeyriyaşayış sahəsinə vizual baxışla həmin sahənin düzbucaqlı və ya kvadrat formada olmadığı, girintili-çıxıntıl olduğu, qonşu sahələrə (obyektlərə) maneə yaratmamaq üçün mülahizəyə uyğun formada bölündüyü aydın sezilir. Beləliklə, məhkəmə hesab edir ki, X12 ilə X7 arasında xx.xx.2007-ci il tarixli müqavilənin bağlanılması, Zahid Zülfiqarova 90 kv.m. qeyri-yaşayış sahəsinin verilməsi, qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsi, qeyri-yaşayış sahəsinin əsas küçə boyu yerləşməsi mübahisəsizdir. Nəzərə alınmalıdır ki, iş materiallarına həmçinin X4 X12 və qeyriləri barəsindəki cinayət işi üzrə şahid qismində dindirilməsi ilə bağlı protokol, zərərçəkmiş şəxs kimi tanınması haqqında qərar, eləcə də əmlak payına görə borcun olmaması haqqında maliyyə arayışı da əlavə edilmiş, yuxarıda qeyd edilənlər həmin sübutlar əsasında da öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, həm iddiaçı, həm də cavabdeh tərəfindən təqdim edilmiş müqavilələr özü-özlüyündə qüsurlu tərtib edilmişdir. Belə ki, həmin müqavilələrdə alğı-satqı predmeti kimi mənzillər qeyd edilmiş, mənzillərin yerləşdiyi mərtəbə kimi 1, Z, hətta 1Z (şahid Elşən İmanovun təqdim etdiyi müqavilədə) göstərilmiş, mənzilin (qeyri-yaşayış sahəsinin) nömrəsi, yerləşmə hissəsi dəqiq müəyyən edilməmişdir. Bununla belə, digər müqavilələrə hüquqi münasibət bildirmədən, Zahid Zülfiqarova münasibətdə xx.xx.2007-ci il tarixli müqavilənin həqiqiliyi, tərəflərə öhdəlik yaratması, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş preyudisiyallıq baxımından şübhə altına alına bilməz. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh tərəfin Zahid Zülfiqarov tərəfindən müqavilə üzrə pulun tam ödənilməməsi ilə bağlı əks arqumenti hazırki iddianın əsaslılığına təsir göstərə bilməz. Belə ki, əvvəla, iş materiallarına əlavə edilmiş sənədlərdən (müqavilə, maliyyə arayışı) Zahid Zülfiqarov tərəfindən paya görə müəyyən edilmiş haqqın tam ödənildiyi aydın olur. İkincisi, fərz edilsə ki, Zahid Zülfiqarov tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmişdir, bu zaman həmin müqavilənin ləğvi qaydasında mübahisələndirmə hüququ müqavilə tərəflərinə mənsub idi ki, belə bir mübahisələndirmə olmamışdır. Üçüncüsü, qeyd edilən arqumentlə çıxış etmək, yəni hansısa payın dəyərinin ödənilib-ödənilməməsini mübahisələndirmək yalnız müqavilə tərəflərinin subyektiv hüququdur, cavabdeh tərəf qeyd edilən subyektivlikdən məhrumdur. Dördüncüsü, iş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh özü də müqavilə öhdəliklərini tam icra etməmiş, 120.000 manat əvəzinə, 120.000 ABŞ dolları pul ödəmişdir ki, bu da 2007-ci il üçün əhəmiyyətli məzənnə fərqi yaradır. Başqa sözlə, digər bir müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi, yalnız müqavilə tərəflərinin maraqları daxilndə mübahisələndirilə və həll oluna bilər, bu həmin müqavilənin yaratdığı hüquqi nəticəyə münasibətdə üçüncü şəxslərə öz mülahizəsinə uyğun hərəkət etmək səlahiyyəti vermir. Məhkəmə həmçinin iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsinin ərizəsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, əvvəla, cavabdehin nümayəndəsi məhkəmədən ümumi, yoxsa xüsusi iddia müddətinin tətbiqini tələb etməsini ərizədə qeyd etməmişdir, ikincisi nəzərə alınmalıdır ki, tərəflər arasındakı mübahisə 2019cu ilin sonu, 2020-ci ilin əvvəllərinə yaranmışdır, hər bir halda mübahisələndirmə müddəti ötməmişdir, ən nəhayət, hazırki iddia tələbi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələb olduğundan, ona iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, yəni, cavabdeh tərəfindən öz mülahizəsinə uyğun qaydada və arzu etdiyi formada ona məxsus qeyri-yaşayış sahəsini də öz payına əlavə etdiyini, ona məxsus əmlak barədə (həmçnin təyinatına dair) sərəncamverici hərəkətlər etməklə iddiaçının mülkiyyət hüququnun komponentlərini, sahiblik və istifadə hüququnu pozmuşdur, cavabdeh tərəf isə əksinə, iddianın əsassızlığı ilə bağlı heç bir dəlil gətirə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbədə, qeyri-yaşayış sahəsini başlandığı sağ hissəsində (cənubda) əsas küçəyə paralel olan küçəboyu, ümumi sahəsi 195 kv.m. olan qeyri-yaşayış sahəsinin İddiaçı məxsus 90 kv.m. hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbədə, qeyri-yaşayış sahəsini başlandığı sağ hissəsində (cənubda) əsas küçəyə paralel olan küçəboyu, ümumi sahəsi 195 kv.m. olan qeyri-yaşayış sahəsinin İddiaçı məxsus 90 kv.m. hissəsindən çıxarılsın. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4567/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4567/2020
16.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver