Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-460/2025 16.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, yəni Ərizəçi xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikasının Stepanavan şəhərində doğulmuşdur. 1977-1988-ci illərdə Ermənistan Respublikası, Stepanavan şəhəri, 3 nömrəli orta məktəbdə təhsil almışdır. Əvvəlcə 8 illik ümumi orta təhsil səviyyəsini, daha sonra isə 3 il təhsil alaraq 11 illik tam orta təhsil səviyyəsini bitirmişdir. 8 illik təhsili bitirdikdən sonra attestat almış, sonra 11 illik təhsil almaq üçün aldığı attestatı məktəbə təqdim etmişdir. 1988-ci ildə məlum hadisələr baş verdikdən sonra Azərbaycan Respublikasına gəlmişdir. Gələrkən həm 8 illik, həm də 11 illik təhsil üzrə attestatları oxuduğu Ermənistan Respublikası, Stepanavan şəhəri, 3 nömrəli orta məktəbdə qalmışdır. O, hazırda X5 getmək niyyətindədir. Səfirlikdən onun təhsilini təsdiq edən sənəd tələb olunur. O, isə ondan asılı olmayan səbəblərdən - obyektiv səbəblərdən qeyd olunan sənədləri ala bilmədiyinə görə, hazırda məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. O, attestatın alınması ilə bağlı maraqlı şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə onlayn qaydada müraciət etmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, “ümumi orta və tam orta təhsil haqqında attestat itirildiyi və ya korlandığı halda dublikat attestat arxiv sənədləri əsasında verilir. Bu qayda yalnız Azərbaycan Respublikası ərazisində təhsil almış şəxslərə şamil olunur. Nəzərə almağınız xahiş olunur”. Məhz buna görə də, o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi yuxarıda göstərilənləri nəzərə alaraq, onun, yəni Ərizəçi 1977-1988-ci illərdə Ermənistan Respublikası, Stepanavan şəhəri, 3 nömrəli orta məktəbdə tam orta təhsil alması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları bir daha təsdiq etmiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə Ərizəçi adına arxiv məlumatlarının olmadığını, dublikatın arxiv sənədlərinə əsasən verildiyini, lakin məhkəmə qətnaməsi olarsa sözügedən sənədi vətəndaşa təqdim edə biləcəklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış digər maraqlı şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə digər maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Ərizəçi ünvanlanmış cavab məktubundan görünür ki, tərəflərindən Ərizəçi müraciətinə baxılmış və bildirilmişdir ki, ümumi orta və tam orta təhsil haqqında attestat itirildiyi və yaxud korlandığı halda dublikat attestat arxiv sənədləri əsasında verilir. Bu qayda yalnız Azərbaycan Respublikası ərazisində təhsil almış şəxslərə şamil olunur. Nəzərə alınması xahiş olunmuşdur. İş materiallarında olan X6 aid orta təhsil haqqında attestatın tərcümə və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1963-cü il təvəllüdlü X9 Ermənistan SSR, Stepanavan axşam məktəbində təhsil almış və 1982-ci ildə nümunəvi davranışla məktəbi bitirmişdir. İş materiallarında olan X3 aid orta təhsil haqqında attestatın tərcümə və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1963-cü il təvəllüdlü X1 Azərbaycan 8 illik 3 №-li məktəbində təhsil almış və 1979-cu ildə nümunəvi davranışla məktəbi bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Agentlik tərəfindən sorğuya baxılmış və bildirilmişdir ki, sorğunun icrası ilə əlaqədar müvafiq araşdırma aparılmış və Ərizəçi (xxxxxxx) təhsili ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Ərizəçi sinif yoldaşları ilə birlikdə xatirə fotoşəkili çəkdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ərizəçinin qardaşı olmaqla yanaşı, Ərizəçi 1977-1988-ci illər ərzində Ermənistan Respublikası, Stepanavan şəhəri, 3 №-li orta məktəbdə təhsil alması faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ərizəçinin həm qonşusu, həm də qardaşının yoldaşı olmaqla yanaşı, Ərizəçi 1977-1988-ci illər ərzində Ermənistan Respublikası, Stepanavan şəhəri, 3 №-li orta məktəbdə təhsil alması faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Beləliklə, məhkəmə baxışında müəyyən edilmişdir ki, ərizəçi hazırda X5 getmək niyyətindədir və səfirlikdən onun təhsilini təsdiq edən sənəd tələb olunur. Qeyd edilməlidir ki, ərizəçinin təsdiq edilməsini tələb etdiyi fakt hüquqi nəticələr doğurmaqla onun ali təhsil almaq yaxud əmək hüquqlarının həyata keçirilməsi üçün zəruridir və ərizəçinin həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada alması istisna edilir. Məhkəmə mülki prosessual qanunvericiliyin normalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında olan tövsiyyələrini rəhbər tutaraq hesab edir ki, Ərizəçi 1977-1988-ci illərdə Ermənistan Respublikası, Stepanavan şəhəri, 3 nömrəli orta məktəbdə tam orta təhsil almasını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi 1977- 1988-ci illərdə Ermənistan Respublikası, Stepanavan şəhəri, 3 №-li orta məktəbdə təhsil alması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi 1977-1988-ci illərdə Ermənistan Respublikası, Stepanavan şəhəri, 3 №-li orta məktəbdə təhsil alması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-460/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-460/2025
16.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver