Məhkəmə qərarları › İş №2(001)-4612/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4612/2024

19.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4612/2024 19.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pasport qeydiyyatında olduğu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında istifadə hüquqlarına manelərin aradan qaldırılması və evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 1994-cü ildə nikaha daxil olub, cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsindəki evə el adəti ilə gəlin köçmüş və birgə təsərrüfat aparmışdır. Sözügedən ünvanda övladı - X1 dünyaya gəlmişdir. Bundan sonra cavabdehin çoxlu borcları yaranmış, ona məxsus evi satıb borclarını vermiş, əldə qalan pulun üstünü düzəldərək Xətai rayonunda ev almışlar. 2015-ci ildə isə yenidən cavabdehə görə sözügedən ərazini 49.000 manata satmışlar. Daha sonra əldə qalmış pulun üzərinə pul qoyaraq ünvan 2 ünvanındakı evi alaraq bu evdə yaşayıb təsərrüfat aparmışlar. Son günlərdə cavabdehlə münasibəti pisləşmiş və nikahın xitamı üçün məhkəməyə müraciət etmişdir. Cavabdehin bu yaşda qeyri-rəsmi nikahla ailə qurması, ailənin pullarını ona xərcləməsi, onu mütəmadi döyməsinə görə, nikaha xitam verəcəyinə görə birgə təsərrüfatda aldıqları, illərlə yaşadığı və pasport qeydiyyatında olduğu evdən onu çıxarmışdır. Bütün mebel, geyim və əşyaları sözügedən evdə qalmaqdadır. Onu evə buraxmır. Cavabdehlə mənzil Məcəlləsinin 123 və 53-cü maddələri qüvvədə olan zamandan hüquqi münasibətləri vardır. xx.xx.2024-cü il tarixdə cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, iddiaya etiraz etmir, iddiaçı gəlib evdə yaşaya bilər. Onun özü də, iddiaçını dəvət etmişdir. Sadəcə olaraq onun da şərtləri olacaq. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizəsində qeyd olunan məzmunda izahat verdi və iddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə tərəfləri dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 148243 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında nikah xx.xx.1994-cü il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. AZ-İİ 649062 və AZ-İİİ 022336 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X3 və xx.xx.1996-cı il təvəllüdlü X4 ataları Cavabdeh, anaları İddiaçıdır. Binəqədi RİH Başçısının Biləcəri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş sxemin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, 167 nömrəli ev 1 mərtəbəli, ümumi 3 otaqlı və sahəsi 49,87 kv.m-dir. xx.xx.2024-cü il tarixli, ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı 14 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmişdir; xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi mübahisəli ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. Hazırda iddiaçı həmin evə istifadə hüquqlarına maneələrin aradan qaldırılması və həmin evə köçürülməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evdən istifadə etmək hüququ mövcud olmalıdır ki, tələblərin təmin edilməsi üçün əsas olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin iddiaçının və ya onunla cavabdehin vəsaiti hesabına əldə edilməsi və ya onların vəsaiti hesabına həmin evdə təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikilinin faktiki olaraq iddiaçıya məxsus olması müəyyən edilə və ya həmin tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Hazırkı işdə də iddiaçı mübahisəli evi cavabdehlə birgə təsərrüfatları nəticəsində aldıqlarını bildirmiş, cavabdeh isə bu halı təkzib etməməklə yanaşı, iddiaya etiraz etmədiyini və iddiaçının evə köçürülməsinə razı olduğunu bildirmişdir. Belə olan halda məhkəmə bu qənaətdədir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Beləliklə, məhkəmə həm iddianın əsaslılığını həm də cavabdeh tərəfindən iddianın etiraf edildiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, 167 nömrəli evə istifadə hüquqlarına Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı və iddiaçı həmin evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, 167 nömrəli evə istifadə hüquqlarına Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və İddiaçı həmin evə köçürülsün. Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar