Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4613/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X12, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X16, X1 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1998-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1995-ci il tarixdə X5 şəhərində doğulmuşdur. Bu barədə Stavropol şəhərinin Administrasiyasının VVAQ şöbəsi tərəfindən xx xxxx 1995-ci il tarixdə doğum haqqında şəhadətnamə verilmişdir. Onun atası X8, anası isə X9. 1998-ci ildə anası X7 özü ilə birlikdə Azərbaycan Respublikasına gətirmişdir və həmin vaxtdan da o, Azərbaycan Respublikasını tərk etməmiş və heç bir xarici dövlətə getməmişdir. Anası X11 xx xxxxxx 2006-cı il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra Bakı şəhəri Pirşağı qəsəbəsi 1 nömrəli internat məktəbinə verilmiş və 2008-ci ilədək həmin məktəbdə təhsil almışdır. 2008-ci ildə Bakı şəhəri 299 saylı tam orta məktəbə keçirilmiş və 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Şəxsiyyət vəsiqəsi olmadığından həqiqi hərbi xidmətə aparılmamışdır. xx.xx.2018-ci il tarixdə bacısı X2 yaşadığı ünvan 1 ünvanına AR Dövlət Miqrasiya Xidməti Bakı şəhər X3 yer üzrə qeydiyyata alınmışdır. 2016-cı ildə Azərbaycan Respublikasının vətəndaşı X19 ilə faktiki olaraq evlənmiş və faktiki nikahdan xx xxxxx 2017-ci il tarixdə X17 doğulmuşdur. Sənədləri olmadığından nikahın rəsmiləşdirilməsi mümkün olmamış, həmçinin atalığın etirafı mümkün olmamışdır. Azərbaycan Respublikasında olduğu müddətdə heç bir qanun pozuntusuna yol verməmiş, barəsində heç bir inzibati tədbir görülməmişdir. Miqrasiya Xidməti onun barəsində heç bir sanksiya tətbiq etməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X21 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ərizəçi xx.xx.2018-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Bununlabağlı ona xx.xx.2018-ci il tarixli məktubla qanunvericiliyin tələbləri izah olunaraq, aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Eyni zamanda, “Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) vasitəsi ilə yoxlanış aparılmış və bu zaman ərizəçinin ölkə ərazisindən kənara çıxışı qeydə alınmamışdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmiş və ərizənin təmin edilibedilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Onlar, o cümlədən Ərizəçi 1995-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdilər. Həmin vaxtdan da ərizəçi Azərbaycan Respublikasında yaşayır və Azərbaycan Respublikasını tərk etməmişdir. Mövcud, yəni sənədsiz vəziyyətdə onun ölkəni tərk etməsi qeyri-mümkün olmuşdur. Ərizəçi Azərbaycan Respublikasında təhsil almış, ilk öncə Bakı şəhəri Pirşağı qəsəbəsi 1 nömrəli internat məktəbində, sonra isə 299 saylı orta məktəbdə oxumuşdur. 2016-cı il tarixdə ailə qurmuş, şəxsiyyətini təsdiq edən sənəd olmadığından nikahını rəsmiləşdirə bilməmişdir və hazırda faktiki nikahdadır. Həmin nikahdan bir uşaqları olmuşdur. Müraciətinə əsasən və onun razılığı ilə ərizəçi Dövlət Miqrasiya Xidməti tərəfindən onun yaşadığı ünvan üzrə qeydiyyata alınmışdır. Ərizəçi Azərbaycan Respublikasına köçdüyü vaxtdan ölkəni tərk etməmiş və daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X19 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçini 6 ilə yaxın müddətdir ki, tanıyır. 2016-cı ildə isə ərizəçi ilə faktiki nikaha daxil olmuşdur və həmin vaxtdan bir yerdə yaşayırlar. Birgə nikahdan bir uşaqları olmuşdur. Ərizəçinin şəxsiyyətini təsdiq edən sənəd olmadığından nikahlarını rəsmiləşdirə bilmirlər. xx xxxxx 2017-ci il tarixdə faktiki nikahlarından X17 olmuşdur. ərizəçi ilə tanış olduğu vaxtdan ərizəçi ölkəni tərk etməmiş və daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Məhkəmə, tərəflərin izahatını, habelə şahidlərin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1995-ci il tarixdə X6 şəhərində doğulmuşdur. Atası X8, anası X9. Anası X11 xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin Konsulluq şöbəsinin “Rusiya Federasiyası vətəndaşlığının olmaması haqqında” arayışına əsasən ərizəçi Rusiya Federasiyası vətəndaşlığını əldə etməmiş və Rusiya Federasiyasının vətəndaşlıq haqqında qanunvericiliyinə uyğun olaraq, Rusiya Federasiyasının vətəndaşı deyil. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər X15 tərəfindən ünvan 3 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Ərizəçi Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş, lakin ona aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. “Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) vasitəsi ilə aparılmış yoxlama zamanı ərizəçinin Azərbaycan Respublikasının ərazisindən kənara çıxışının qeydə alınmadığı aşkar edilmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahidlər ərizəçinin ölkə hüdudlarından kənara çıxmadığını və daimi olaraq Azərbaycan Respublikasında yaşadığını bildirirlər. Hazırda Ərizəçi məhkəməyə müraciət edərək, 1998-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsini tələb edir. Maraqlı şəxs ərizənin təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarına əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Məhkəmə, aparılmış araşdırmanın nəticələrini rəhbər tutub, bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarının tələblərinə əsaslanıb, qeyd edir ki, ərizəçi 1998-ci ildən bugünədək daimi olaraq Azərbaycan Respublikasında yaşayır, onun həmin müddət ərzində hər hansı əsasla və hər hansı müddətə ölkəni tərk etməsi müəyyən edilməmişdir (mövcud vəziyyətdə şəxsiyyətini təsdiq edən sənəd olmadığından, bu mümkün də deyil). Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub deyil. X14 doğulması, reallıqda onun məhz bu dövlətin vətəndaşı olması ehtimalını artırır. Lakin həmin dövlətin Azərbaycan Respublikasındakı Səfirliyinin Konsulluq şöbəsinin rəsmi məlumatına əsasən ərizəçi Rusiya Federasiyası vətəndaşlığını əldə etməmiş və Rusiya Federasiyasının vətəndaşı deyil. Bu halların müəyyən edilməsi ərizəçiyə Azərbaycan Respublikasının vətəndaşlığının və bundan irəli gələrək aidiyyəti sənədlərin, o cümlədən şəxsiyyət vəsiqəsinin əldə edilməsi, 2016-cı ildə faktiki olaraq bağladığı nikahın rəsmiləşdirilməsi və həmin nikahdan olmuş uşağın atası kimi qydə alınması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1998-ci il tarixdən etibarən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1998-ci il tarixdən etibarən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4613/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4613/2020
14.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver