Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4635/2022 01.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Kontoruna qarşı “vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 yanvar 2017-ci il tarixdə vəfat etmiş mərhum anası X1 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 7a saylı fərdi yaşayış evinə vərəsəlik qaydasında mülkiyyət hüquqununun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli Təlimatın mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, vərəsələr vərəsəlik hüquqlarını təmin etmək üçün qanunla müəyyən olunmuş zəruri hüquqi hərəkətləri etməyə borcludurlar. Həmin hərəkətlərdən biri miras açıldıqdan sonra mirasın qəbulu və miras əmlakın bölüşdürülməsi barədə ərizə ilə notariusa müraciət etmələridir. Hazırki ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən isə müəyyən olunur ki, iddiaçı 11 fevral 2017-ci il tarixdə 20 saylı Notariat Kontoruna müraciət etmiş və onun müraciətinə cavab olaraq bildirilmişdir ki, mərhum X2 17 dekabr 1965-ci il tarixdə X3 ilə, 05 yanvar 1985-ci il tarixdə isə X4 ilə nikah haqqında akt qeydləri aşkar olunmuş, lakin nikahlarının pozulması barədə məlumat əldə edilməmişdir. Bütün bunları nəzərə alaraq ona miras əmlaka dair yeganə vərəsə olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi imkanı xaricindədir. Ona görə də məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qeyd etməyi zəruri hesab edirəm ki, iddiaçı 5 il bundan əvvəl notiarat kontoruna müraciət etmiş və imtina cavabı almışdır. Hazırki vaxtda isə iddiaçı notariat orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir ki, bununla da iddiaçı mülki prosessual qanunvericiliyin məhkəməyə qədər (pretenziya) nizama salınma tələbinə riayət etməmişdir. Halbuki, keçən 5 il ərzində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməməsi üçün əsas olmuş halların aradan qalxması istisna edilmir. Ona görə də, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, iddia ərizəsinə hazırki xahişi ilə əlaqədar notariat orqanına müraciət edilməsi və həmin müraciətin hansı səbəblərdən təmin edilməməsi barədə sübutları əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Həmçinin hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından həmin ərizənin verilməsi üçün iddiaçı tərəfindən 28 iyun 2022-ci il tarixdə, ********* nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Kontoruna qarşı “vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, iddia ərizəsinə hazırki xahişi ilə əlaqədar notariat orqanına müraciət edilməsi və həmin müraciətin hansı səbəblərdən təmin edilməməsi barədə sübutları əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 28 iyun 2022-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4635/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4635/2022
01.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver