Məhkəmə qərarları › İş №2(001)-4646/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4646/2021

23.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4646/2021 23.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddia tələbində göstərilə ev 1/3 hissədə onun paylı mülkiyyətindədir. Cavabdeh ilə onun oğlu X8 2013-cü ildə rəsmi nikaha daxil olmuş, iddia tələbində göstərilən evdə yaşamışlar. Evləndikləri vaxtdan ilk 2-3 il ərzində münasibətləri yaxşı olsa da, sonradan onun keçmiş arvadı ilə cavabdeh arasında söz-söhbətlər səngiməmiş, keçmiş arvadı cavabdeh barəsində dəfələrlə polisə şikayət etmişdir. O, söz-səhbətlərin yaranma səbəbini araşdırdıqda təqsirin cavabdehdə, yəni gəlinində olmasını aşkar etmiş, oğluna bu barədə bildirməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə olunmamışdır. Cavabdehin hərəkətləri getdikdə daha da ağlasığmaz hal almışdır. Öz hərəkətləri ilə cavabdeh faktiki olaraq onlara həmin evdə rahat yaşamağa imkan vermir. O, iddia ərizəsi ilə məhkəməyə müracitə edərək oğlunun və gəlininin sözügedən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(001)-844/2021 saylı qətnaməsinə əsasən, iddia tələbi qismən təmin olunaraq Cavabdeh ona məxsus evdən istifadə hüququnun olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 29.3-cü maddəsinə əsasən, ər və arvad bütün işlərdə azaddır və baxmayaraq ki, onların arasında nikah bağlanıb, cavabdeh özü seçən mənzildə yaşaya bilər, yəni qeydiyyatda olduğu ünvanda. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, iddiaçının oğlu Tofiq Hüseynovla evlidir, ailə qurduqları vaxtdan iddia tələbində göstərilən mənzildə yaşamışlar. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, ərinin iddia tələbində göstərilən evdən istifadə hüquqlarının olması müəyyən edilmiş, onun həmin əmlakın iddiaçıya məxsis 1/3 hissəsindən istifadə hüququna qarşı yönəlmiş hərəkətlərin edilməsi İddiaçı qadağan edilmişdir. Hazırda iddiaçı onun həmin evdən çıxarılmasını tələb edir ki, bu tamamilə əsassızdır. Onun iddiaçının oğlu ilə aralarındakı nikah pozulmamışdır, onlar hazırda rəsmi nikah münasibətlərindədirlər və belə olan halda onun ərindən və uşağından məcburi ayrılaraq evdən çıxarılması nə qanunidir, nə də ağlasığmazdır. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/3 hissədə İddiaçı, 1/3 hissədə X1 və 1/3 hissədə X2 paylı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(001)- 844/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh və X4 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ilk, X9 isə istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 doğulduğu gündən (1979-cu il) ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın atası İddiaçı məxsus olan hissəsində yaşayır və onun başqa yaşayış yeri yoxdur. Beləliklə, həmin qətnaməyə əsasən, Abi-zadə Zəhra Araz qızının Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı məxsus 1/3 hissəsinə istifadə hüququnun olmaması müəyyən edilmiş, X3 həmin ünvanda yerləşən daşınmaz əmlakın İddiaçı məxsus 1/3 hissəsindən istifadə hüququna qarşı yönəlmiş hərəkətlərin edilməsi İddiaçı qadağan edilmiş, həm ilk, həm qarşılıqlı iddia iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. - 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. - 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən evə mülkiyyət hüququ tam deyil 1/3 hissəsi məxsus olduğundan, mənzil üzərində hər 3 mülkiyyətçinin istifadə, sahiblik və sərəncam vermək hüquqları mövcuddur və digər mülkiyyətçilərin iradəsi ziddinə cavabdehin həmin yaşayış sahəsindən çıxarılması yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilsin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar