Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4664/2023 18.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə, evdən istifadəyə maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqları – 13 yanvar 2014-cü il təvəllüdlü X4 və 17 fevral 2015-ci il təvəllüdlü X6 ilə birlikdə qeydiyyatda olduqları və yaşadıqları ünvan 1 ünvanına köçürülmələri (köçürüldükləri ünvana yeni giriş qapısının açılmasının təmin edilməsi ilə bahəm) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 09 fevral 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla, 16 mart 2013-cü il tarixdə toy etməklə evlənmişlər. Həmin tarixdən cavabdehə məxsus, Bakı şəhəri, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında Cavadxan 56 ünvanındakı 2 otaqlı mənzildə yaşamışlar. Bir neçə gün sonra cavabdehlə birlikdə cavabdehin atasına məxsus, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Xutor, 1-ci sıra, 75 saylı fərdi yaşayış evinə köçürülmüş, həmin ünvanda qeydiyyata alınmış, nikahları pozulanadək həmin ünvanda yaşamışlar. Birgə nikahlarından iki yetkinlik yaşına çatmamış uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(001)-519/2023 saylı qətnaməsinə əsasən, tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların analarının yanında qalmaları qərara alınmışdır. Hazırda iddiaçı uşaqları ilə birlikdə iddia tələbində göstərilən evdə qeydiyyatdadır. Cavabdehlə və ailə üzvləri ilə birlikdə yaşamaq, ailə təsərrüfatını birgə idarə etmək dözülməzdir. Cavabdehin bu hərəkətlərinə görə iddiaçı uşaqları ilə birlikdə 2022-ci ilin iyul ayından atasına məxsus, ünvan 3 ünvanında yaşayır. Yaşayış üçün mənzili yoxdur. Cavabdeh və onun ailə üzvləri 24 iyul 2022-ci il tarixdən etibarən iddiaçını və uşaqlarını təhqir edərək, evdən qovmuşdur. İddiaçı hazırda imkansızlıqdan valideynlərinin evində yaşayır, evin hər şəraiti olsa da, uşaqların məktəbə, idmana və repetitor yanına aparıb-gətirməkdə çox əziyyət çəkir. İddia tələbində göstərilən ev yaşayış üçün normal şəraitli, yaşayış sahəsi qənaətbəxşdir. İddiaçıya 10 il bundan qabaq valideynləri tərəfindən verilmiş cehiz əşyalar, mebellər və s. bir hissəsi həmin evdə, qalanı Cavadxan 56 ünvanında yerləşir. İddiaçıya və uşaqlara məxsus geyim ləvazimatları, dərs ləvazimatları da həmin ünvanda yerləşir. Buna görə də, iddiaçı uşaqları ilə birlikdə həmin ünvana köçürülməli, lakin evə giriş-çıxış ayrıca olmalı, yeni giriş-çıxış qapısı açılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, iddiaçı cavabdehə münasibətdə ailə üzvü hesab edilmir. Buna görə də, iddianın təmin edilməsi üçün əsas yoxdur. Mülki iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(001)- 519/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 09 fevral 2013cü il tarixdə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan olan 13 yanvar 2014-cü il təvəllüdlü X4 və 17 fevral 2015-ci il təvəllüdlü X6 adlı uşaqların anaları X2 yanında saxlanmaları qərara alınmışdır. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli, 2098 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlandırılmış 29 avqust 2023-cü il tarixli məktubda göstərilmişdir ki, ünvan 6 ünvanının qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. İddiaçı tərəfindən isə göstərilənlərlə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı cavabdehin də sözügedən ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən evin məhz ona məxsus olduğu müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur, buna görə iddia rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə, evdən istifadəyə maneələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4664/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4664/2023
18.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver