Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4669/2024 24.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs kimi Maraqlı şəxs1 və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.1938-ci il təvəllüdlü X4 doğumunun qeydə alınma faktını müəyyən edərək, doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, onun mərhum atası X7 xx.xx.1938-ci ildə Şamaxı şəhərində doğulmuşdur. Ərizəçinin valideynləri: X7 və X3 təxminən 1962-1963cü illərdə ildə nikaha daxil olmuşlar. Ərizəçinin qardaşları X10 xx.xx.1969-cu ildə, X8 xx.xx.1980-ci ildə, bacısı X5 isə xx.xx.1978-ci ildə və doğulmuşdur. Ərizəçinin mərhum atası X7 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Bu barədə ölüm haqqıda akt qeydləri kitabında 2024-cü ilinin fevral ayının 20-də 256 nömrə ilə qeyd edilmişdir. Ərizəçinin mərhum anası X3 isə xx.xx.1975-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1975-ci ilin oktyabr ayının 13-də 105 nömrə ilə qeyd edilmişdir. Hazırda ərizəçinin mərhum atasının doğum haqqında akt qeydinin bəpa edilməsi zərurəti yaranmışdır. Ərizəçi mərhum atasının doğum haqqında akt qeydini bəpa etmək üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinə müraciət etmişdir. Lakin, Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzindən daxil olan xx.xx.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1938-1939-cu illərə dair (Şamaxı rayonu Qeydiyyat Şöbəsi, Cəyirli, Çuxuryurd, Quşçu, Xilmilli, Kərkənc, Dzerjinski, Bidcov, Mədrəsə, Mərəzə, Zarat, Leninabad, Padar, Kələxana, Çobani, Ləngəbiz, Göylər icra nümayəndəlikləri) X4 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat vermişdir.
4. Əvvəlki məhkəmə iclaslarında isə bildirmişdir ki, ona Yasamal rayon qeydiyyat şöbəsində atasının doğum haqqında şəhadətnaməsini təqdim etdiyi təqdirdə nənəsinin ölüm haqqında şəhadətnaməsini təqdim edə biləcəklərini bildirmişlər. Atasının doğum haqqında şəhadətnaməsini görməmişdir. Nənəsinin ölüm haqqında şəhadətnaməsini bərpa etmək istədiyindən mərhum atasının doğum haqqında şəhadətnaməsini tələb edirlər. Atası vəfat edəndən sonra işlədiyi universitetdə 6 aylıq əmək haqqısı və pensiyası qalmışdır. Babasının ölüm haqqında şəhadətnaməsi yoxdur. Belə ki, babası 1937-ci ildə güllələnmişdir. Lakin 1957-ci ildə mərhum babası bəraət almışdır. Onun ölüm haqqında şəhadətnaməsini arxivdən alacaq.
5. Maraqlı şəxs1 və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. Vıı-ЖГ seriyalı, 389881 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixində Bakı şəhərində doğulmuş, atası X7, anası X2r.
7. Nəsimi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 414209 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2024cü il tarixində beyin ödəmi səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 256 № ilə qeyd edilmişdir.
8. Binəqədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 402975 saylı ölüm haqqında arayışdan görünür ki, X3 xx.xx.1975-ci il tarixində ölmüşdür.
9. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzindən daxil olan xx.xx.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1938-1939-cu illərə dair (Şamaxı rayonu Qeydiyyat Şöbəsi, Cəyirli, Çuxuryurd, Quşçu, Xilmilli, Kərkənc, Dzerjinski, Bidcov, Mədrəsə, Mərəzə, Zarat, Leninabad, Padar, Kələxana, Çobani, Ləngəbiz, Göylər icra nümayəndəlikləri) X4 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır.
10. Azərbaycan Respublikası Vətəndaşının xarici pasportunun surətindən görünür ki, X7 xx.xx.1938-ci il tarixində Şamaxı şəhərində doğulmuşdur.
11. AM seriyalı, 147112 saylı hərbi biletdən görünür ki, X7 xx.xx.1938-ci il tarixində Şamaxı şəhərində doğulmuşdur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. X1 Ərizəçi atasıdır. X7 xx.xx.2024-cü il tarixində beyin ödəmi səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 256 № ilə qeyd edilmişdir.
13. Ərizəçi atasının doğum haqqında şəhadətnaməsini görməsə də, onun bərpa edilməsinin mümkünsüzlüyünü əsas gətirərək, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə istinad edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir.
14. Ərizəçi mərhum atasının doğum tarixi ilə bağlı məlumatı təqdim etdiyi atasına məxsus hərbi bilet və xarici pasportla sübut etməyə çalışır. Atasının doğum haqqında şəhadətnaməsi, ona nənəsinin ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Atasının valideynləri barədə məlumatı isə tam verə bilmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
16. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
17. 307.2.3-cü maddəsinə əsasən məhkəmədoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
18. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
19. 309.1-ci maddəsinə əasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.
20. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
21. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
24. İşin hallarından göründüyü kimi ərizəçinin mərhum atasının doğumu barədə müvafiq qeyd əvvəllər mövcud olmuşdur, çünki mərhuma məxsus hərbi biletdə və xarici pasportda onun doğum tarixi və yeri barədə məlumatlar əks olunmuşdur.
25. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizəçinin mərhum atasının hərbi biletində və xarici pasportunda onun doğulduğu yer və tarix barədə məlumatların əks olunması onun doğumunun nə vaxtsa qeydə alındığı qənaətini yaradır və həmin qeydin başqa qaydada bərpasının mümkün olmadığı nəzərə alındıqda müəyyən edilməsi xahiş edilən hüquqi fakt əsaslıdır. Tətbiq edilən prosessual normalar:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
28. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
30. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. 218.3-cü maddəsinə əsasə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Nəticə:
32. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 xx.xx.1938-ci il tarixdə doğumunun qeydə alınma faktı müəyyən edilməlidir.
33. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 xx.xx.1938-ci il tarixdə doğumunun qeydə alınma faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev