Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4704/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdehlər X9, Cavabdeh2, onların vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X9 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X9 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin 18 sentyabr 2006-cı il tarixli 17/45 saylı qərarı ilə 150 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X4 verilmişdir. X6 həmin torpaq sahəsini iddiaçıya etibarnamə əsasında satmış və həmin torpağın özəlləşdirilməsi ilə bağlı iddiaçıya 2031-ci ilədək etibarnamə vermişdir. Həmin toprağın üzərində ev tikilmiş və cavabdeh X9 bir gün iddiaçıdan yaşayış sahələrinin olmadığını bildirərək ona məxsus torpaqda tikilən evdə müvəqqəti qalmasını istəmiş və iddiaçı insanlıq xatirinə razılaşıb, evi müvəqqəti yaşamaq üçün cavabdehə vermişdir. Hal-hazırda iddiaçının övladları həddi buluğa çatmış və həmin evə köçüb yaşamaq qərarına gəliblər. Lakin cavabdehlər həmin evdə yaşamaqlarına imkan vermirlər. Cavabdehlər özlərini elə aparırlar ki, güya torpaq sahəsi onlara məxsusdur, sanki torpağın mülkiyyətçiləri onlardır. İddiaçı cavabdehlərdən torpaq sahəsindən çıxmalarını tələb etsə də, artıq 5 il keçməsinə baxmayaraq cavabdehlər iddiaçıya məxsus olan torpaqdan və həmin torpağın üzərində tikilmiş evdən heç bir təsir altında çıxmaq istəmirlər. Cavabdeh X9 iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər X9 2007-ci ildə İddiaçı baldızı İlahə ilə nişanlı olduğu vaxtda tanış olmuşlar. Nişanlı olan vaxtlar iddiaçının qayınanası cavabdehə 700 manat torpaq almasına kömək etmək məqsədi ilə vermişdir. Cavabdeh bu torpaq sahəsini və üzərində 6-7 daşdan ibarət kürsülü sahəni X5 adında olan şəxsdən almışdır. X5 bu torpaq sahəsini ona göstərdi və 500 manat beh aldı, orada Cavabdeh2 və qonşuları Amid iştirak etmişlər. Bir həftədən sonra isə danışdıqları məbləğin qalanını, yəni 3900 manatı X2 verdi. Pulu verəndə onlara dedilər ki, Bələdiyyə sənədini Bakı qeydiyyatında olanın adına keçirmək lazımdır. Cavabdeh həmin vaxt İddiaçı ilə təzə qohum olmuş və onun da qeydiyyatı Bakı şəhərinə idi. O, Biləcəri qəsəbəsində qeydiyyatda olduğu üçün onun adına etibarnamə verildi və sonra torpaq sahəsi cavabdehin adına keçirilməli idi. O vaxt cavabdeh iddiaçıya bildirid ki, “qohumuq, gəl sənin adına keçirdək, sonra öz adıma qeydiyyata salaram”. 2008-ci ildə İlahə ilə nişanları pozuldu, o vaxt apardıqları qızıl üzük, boyunbağı, sırğaları onlardan ala bilmədilər və valideynləri onlarla belə razılığa gəldilər ki, qızıl-zinət əşayalarını əvəzinə onların verdiyi 700 manatla əvəzləşdirirlər. Həmin vaxt məsələ bununla bitib. Bundan sonra cavabdeh başqa xanımla evlənmiş və iki övladı var. İddiaçı baldızı ilə olan məsələyə görə indi 15 ildən sonra gəlib “ev mənimdir” deyir. Cavabdeh bu evi alanda 7 daş üstündə, suvağı, döşəməsi, tavanı heç yox idi. İndi isə cavabdeh bu evi tikmiş və düzəltmişdir. Evin işıq sayğacı onun adınadır. Məişət tullantıları pullarını da cavabdeh özü ödəyir. İndi isə iddiaçı köhnə düşmənçiliyə görə gəlib deyir ki, “evi mən Sizə vermişəm”. Hətta qardaşı Füzuliyə də evdən çıxın deyirlər. Halbuki qardaşının evi ayrıdır, qonşuluqda yaşayır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər X9, Cavabdeh2, onların vəkili Vəkil etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda məhkəməyə bildirdi ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ yoxdur. Belə ki, bələdiyyə qərarı ilə mübahisəli torpaq sahəsi X4 ayrılmış, iddiaçıya verilmiş etibarnamədə isə X3 adından məhkəmədə iddia qaldırmaq səlahiyyəti nəzərdə tutulmamış və tutulsa idi belə, iddiaçı hazırkı iddianı X3 adından deyil, buna hüququ olmadığı halda, öz adından vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 18 senyabr 2006-cı il tarixli, 17/45 saylı qərarının surətindən görünür ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 150 kv.m. torpaq sahəsi alqısatqı yolu ilə X4 verilmişdir. Həmin torpaq sahəsinin hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsi olması həm iddiaçı, həm cavabdeh tərəfindən qəbul edilir və işin mübahisələndirilməyən hallarındandır. İş materiallarında olan 19.08.2008-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 rayon Xocəsən Bələdiyyəsinin 18 senyabr 2006-cı il tarixli, 17/45 saylı qərarına əsasən ona ayrılmış 150 kv.m. torpaq sahəsini idarə etməyi, ondan istifadə etməyi, lazımi sənədləri toplamağı, vergi və kommunal xərclərini ödəməyi, gələcəkdə tikinti işləri aparmağı, özəlləşdirməyi, reyestrdən çıxarışı və üzərində məhdudiyyətin olub-olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 19.08.2038-ci ilədək etibar etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən,bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: - öz hərəkətlərinə hüquqi ixtiyar; - başqa (borclu) şəxslərdən tələb etmək hüququ; - müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmadığına görə, onun cavabdehlər X9 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X9 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4704/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4704/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver