Məhkəmə qərarları › İş №2(001)-4724/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4724/2025

24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4724/2025 24.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X1 xx.xx.1960-cı il tarixdə Ermənistan SSR-nin Vedi rayonu, Şirazlı kəndində anadan olması faktının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X3 xx.xx.1960-cı ildə Ermənistan SSR-nin Vedi rayonu, Şirazlı kəndində anadan olmuşdur, Şirazlı kənd soveti tərəfindən xx.xx.1960-cı il tarixdə ona verilmiş doğum haqqında şəhadətnamədə anası Sultanova Şirinin ata adında düzəliş edilərək “Əkbər” qızı yazılmışdır. Düzəliş edilməsi barədə şəhadətnamədə qeyd aparılaraq möhürlə təsdiqlənmişdir. Sultanov Asiflə xx.xx.1984-cü ildə Ermənistan SSR-də rəsmi nikaha girərək ailə qurmuşlar və həmin nikah xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası ərazisində bərpa edilmişdir.Sultanov Asif xx.xx.2024-cü il tarixdə ağ ciyər xəstəliyindən ölmüşdür. Vərəsəlik işinin açılması ilə əlaqədar X2 verilmiş doğum haqqında şəhadətnamənin Azərbacan Respublikası ərazisində bərpa edilib qeydə alınmasına zərurət yaranmışdır. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən aşağıda göstərilənlərə əsasən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 1.3-cü bəndinə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.2-ci bəndinə əsasən, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Aərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarınının 9.1-ci bəndinə əsasən, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Ərizəyə əlavə edilən sənədlərdən görünür ki, X1 doğum haqqında şəhadətnaməsinin əsli vardır və onun doğumu Ermənistan SSR, Şirazlı kənd sovetində akt qeydləri kitabında 112 nömrə ilə qeydə alınmışdır. Həmin şəhadətnamədə doğumu qeydə alınan şəxsin anasının ata adı qaralanmışdır. Doğum haqqında akt qeydinin bərpasından həmin əsasla Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə imtina edilmişdir. Odur ki, mübahisə doğum akt qeydində düzəliş(dəyişiklik) edilməsi ilə bağlı olduğundan ərizəyə xüsusi icraat qaydasında mülki məhkəmədə baxıla bilməz və bu səbəbdən ərizənin icraata qəbul edilməsinən imtina olunmalı, ərizəçiyə qeydiyyat şöbəsinin imtinasından inzibati məhkəməyə şikayət vermək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizənin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə qaytarılsın. Ərizəçiyə qeydiyyat şöbəsinin imtinasından inzibati məhkəməyə şikayət vermək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar