Məhkəmə qərarları › İş №2(001)-4754/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4754/2020

22.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4754/2020 22.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi Nəsirov Nicat Abbas oğlunun katibliyi, Ərizəçi qızının iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun xx xxxxxxx 1993-cü il tarixdə Bakı şəhəri, Mərdəkan qəsəbəsində doğulması, atasının X5, anasının X1, milliyyətinin azərbaycanlı olmaqla doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, xx xxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X2, anası X3r. O, doğularkən valideynlərinə xx xxxxxx 1993-cü il tarixdə Bakı şhəəri Əzizbəyov (indiki Xəzər) rayon VVADQ şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Lakin o, 16 yaşına çatanda şəxsiyyət vəsiqəsi almamış, sonradan isə doğum haqqında şəhadətnaməsini itirmişdir. Daha sonra ailə qurmuş, bir azyaşlı uşağı vardır. Lakin, doğum haqqında şəhadətnaməsi, habelə şəxsiyyət vəsiqəsi olmadığından nikahını rəsmiləşdirə, eləcə də uşağının sənədlərini qaydasına sala bilmir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, şöbədən imtina cavabını almış, buna görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclası yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.6-cı maddələrinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, X2, anası X4r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 xx xxxx 1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlandırdığı xx xxxxx 2018-ci il tarixli məktubun məzmunundan görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şəxsiyyətini təsdiq edən sənəd olmadığından ərizənin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi xx xxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olub və Əzizbəyov (hazırda Xəzər) rayonunun VVAQ şöbəsi tərəfindən ona doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçi 16 yaşına çatarkən şəxsiyyət vəsiqəsi almamış hazırda isə doğum haqqında şəhadətnaməni itirmişdir. Maraqlı şəxs onun şəxsiyyətini təsdiq edən sənədi olmadığından təkrar şəhadətnaməni verməkdən imtina etmişdir. Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının: - 1.2-ci bəndində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. - 1.3-cü bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. - 1.4-cü bəndində göstərilir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. - 1.5-ci bəndində göstərilir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Hazırkı halda Ərizəçi doğulması barədə Əzizbəyov (hazırda Xəzər) rayonunun VVAQ şöbəsi tərəfindən xx xxxxxx 1993-cü il tarixdə 590 nömrə ilə akt qeydində qeyd aparıldığından onun doğumunun qeydə alınması faktının yenidən məhkəmə qaydasında müəyyən edilməsi əsassızdır. Digər tərəfdən ərizəçinin şəxsiyyətini təsdiq edən sənədi olmadığından təkrar şəhadətnaməni almaq imkanın olmması ilə bağlı məhkəmə izah edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Hazırkı halda ərizəçinin şəxsiyyət vəsiqəsi olmadığından doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı maraqlı şəxs qismində onun anasının vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə (Xəzər rayonu) ərizə ilə müraciət etmək hüququ mövcuddur. Onun ərizəsi üzrə Qeydiyyat şöbəsinin imtinası və ya hərəkətsizliyi olduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində müəyyən edilmiş aidiyyəti iddia növü ilə inzibatı məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar