Məhkəmə qərarları › İş №2(001)-4766/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4766/2022

12.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4766/2022 12.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Şirkətinə qarşı əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işdən çıxarma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Şirkətinə qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehin 03 iyun 2022-ci il tarixli, HRQ 01/22 nömrəli işdən çıxarma əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxma dövrünə görə ona əmək haqqının ödənilməsi və əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1962-ci il təvəllüdlüdür, ali təhsilli mühəndis konstruktor texnoloqdur. O, Azərbaycan Politexnik İnstitutunda ali təhsil almış, 29 oktyabr 1984-cü il tarixdən aktiv əmək fəaliyyəti ilə məşğuldur. O, həmin ildən etibarən müxtəlif zavod və müəssisələrdə usta, mühəndis, mühəndis texnoloq və s. vəzifələrində işləyib. O, 2001-ci ildən etibarən 6 aylıq fasilə istisna olmaqla 2022-ci ilin iyun ayınadək Cavabdeh Şirkətində (əvvəlki adı “X5 Çıxarma İdarəsi”) çalışıb. Belə ki, o, 24 aprel 2001-ci il tarixdə “X5 Çıxarma İdarəsi”ndə quyuların əsaslı təmiri sexində 4-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul olub. 01 iyun 2004-cü il tarixdə ona 5-ci dərəcə təyin olunub. 01 oktyabr 2004-cü il tarixdə quyuların əsaslı təmir sexi quyuların əsaslı təmiri və qazma sexi adlanıb. 01 sentyabr 2005-ci il tarixdə ləğv etmə komissiyasının 09 sentyabr 2005-ci il tarixli 1 saylı protokoluna əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madddəsinin "a" bəndinə (müəssisənin ləğv olunması ilə əlaqədar) onunla əmək müqaviləsinə xitam verilib. O, 01 sentyabr 2005-ci il tarixdə cavabdeh şirkətdə əsaslı təmir sexinə usta vəzifəsinə qəbul olunub. 01 oktyabr 2007-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar əsaslı təmir sexi quyuların yeraltı və əsaslı təmir sexi adlanıb. 09 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən bütün yerltı və əsaslı təmir sexi işçiləri ilə birlikdə tutduğu vəzifədən azad olunub. O, 2001-2019-cu illər aralığında cavabdeh şirkətdə müddətsiz əmək müqaviləsi əsasında işləyib. 10 dekabr 2019-cu il tarixdə "Şirvan Drilling Limited" şirkətinin filialında quyuların əsaslı və yeraltı təmiri sexində bütün işçilərlə birlikdə quyuların yeraltı təmiri üzrə usta vəzifəsinə işə qəbul edilib. Təxminən 6 aydan sonra – 31 may 2020-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar) işdən azad olunub. Sonradan cavabdeh şirkətə qayıdanda onunla müddətli müqavilə imzalanıb. Belə ki, o, 01 iyun 2020-ci il tarixdə "X3" şirkətində quyuların yeraltı və əsaslı təmir sexinə usta vəzifəsnə qəbul edilib. Həmin vaxt onunla bağlanmış 2045 saylı əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən müqavilə 1 il müddətinə, 01 iyun 2021-ci il tarixinədək bağlanıb. Müqavilənin hansı səbəbdən müddətli bağlanması ona izah edilməyib. Sözügedən müqavilənin 4.1-ci bəndinə əsasən onun aylıq əmək haqqı 837 manat təşkil edib. Müqavilənin 4.11-ci bəndinə əsasən beş günlük iş həftəsində iş günü gündə 8 saatdan, altı günlük iş həftəsində 7 saatdan, həftədə isə 40 saatdan çox təşkil etməməlidir. Növbəti iş rejimində isə növbə müddəti növbəyə görə 12 saatdan çox olmamalıdır. Müqavilənin 7.1-ci bəndinə görə, işçi iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsalat vasitələrinin - maşın, mexanizm, avadanlıq, cihaz və alətlər, qurğu, habelə işəgötürənin mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehdir. Müqavilənin 9.1ci bəndinə görə, bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 71, 73, 74 və 75-ci maddələrində nəzrədə tutulan əsaslara-qaydalara ciddi əməl olunmaqla birinin təşəbbüsü ilə ləğv edilə bilər. Müqavilənin 10.2-ci bəndinə əsasən tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcək. Sonradan cavabdeh şirkət onunla bu müqavilə müddətini daha bir il müddətinə uzadıb. 03 iyun 2020-ci il tarixdə isə Azərbaycan Respublikası ƏMnin 73-ci maddəsinin 1-ci hissəsinə əsasən (əmək müqaviləsinin bitməsi ilə əlaqədar) cavabdeh şirkət onunla bağlanmış 2045 saylı 01 iyun 2020-co oı tarixli əmək müqaviləsinə xitam verib. Əmrdə istifadə edilməmiş məzuniyyətə görə ona 30 təqvim günü məbləğində kompensasiya ödənilməsi qeyd edilib. O, əmək müqaviləsinin uzadılmamasının onun əmək hüquqlarının kobud şəkildə pozduğu səbəbilə cavabdeh şirkətlə mübahisənin məhkəmədən kənar həllinə cəhd edib. O, mübahisənin mediasiya vasitəsilə tənzimlənməsinə səy göstərib, lakin cavabdeh şirkətin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməyib. Əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran halların olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması qanunsuzdur və Azərbaycan Respublikası ƏM-nin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. Məcəllənin həmin maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Faktların təsviri hissəsindən göründüyü kimi, iddiaçı təxminən 21 il cavabdeh qurumda çalışıb. Yalnız 2020-ci ilin iyun ayından etibarən onunla əmək müqaviləsi müddətli bağlanmağa başlanıb. Müddətli əmək müqaviləsi bağlanan zaman işçi öz işinin keyfiyyətindən asılı olmayaraq daima işdən çıxarılmaq qorxusu altında olur və bu zaman Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən olunmuş əməyə təminat hüququna malik olmur. İşəgötürən tprəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. Başqa sözlə, iddiaçının eyni şirkətdə əvvəllər müddətsiz əmək müqaviləsinə əsasən işlədiyi halda, həmin qurumda onunla 2020-ci il iyun ayının 1-dən etibarən müddətli əmək müqaviləsi bağlanması qanunsuzdur, yəni, müddətli əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlanması ciddi şübhə doğurur. Azərbaycan Respublikasi ƏM-nin 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Başqa sözlə, onunla müddətli əmək müqaviləsinin bağlanması ƏM-nin 45-ci maddəsinin tələblərinə zidd olub. Həmçinin, onun çalışdığı sahə sözügedən Məcəllənin 47-ci maddəsinin tələbinə əsasən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilən hallar siyahısına da aid deyil. Onun işdən azad edildikdən sonra işsiz qalmaq təhlükəsi ilə üzləşməsini əsas götürsək hesab etmək olar ki, onunla işəgötürən arasında 2020-ci ilin iyun ayında müddətli əmək müqaviləsi bağlanılarkən hüquq bərabərliyi prinsipinə riayət olunmayıb. Həmçinin qeyd olunmalıdır kı, işçinin əmək funksiyasının daimi xarakterə malik olması qabaqcadan bəlli olub və iddiaçının əmək müqaviləsi əvvəl müddətisiz olduğu halda, yeni əmək müqaviləsinin müddətli bağlamasının iradə ifadəsinə uyğun olması inanılmaz və məntiqsizdir. İkincisi, cavabdehin 03 iyun 2022-ci il tarixli, HRQ 01/22 saylı əmri ƏM-nin 84-cü maddəsinin tələblərinə uyğun tərtib edilməyib. Üçüncüsü, iddiaçı neftqaz sahəsində işlədiyi 21 il müddətində onun haqqında hər hansı intizam tənbeh tədbiri görülməyib, əksinə nümunəvi işinə görə daima təriflənib, vəzifələrdə irəli çəkilib. Yalnız 2020-ci ildən etibarən, o, cavabdeh şirkətin davamlı əsassız basqıları və qanunsuz intizam tənbehlərinə məruz qalıb. Bunun əsas səbəbləri isə iddiaçının şirkətin neft və qazın hasilatı üzrə departamentinin müdiri İlqar Kərimin "yazılmamış qanunları" ilə barışmaması və onun şirkətdə çalışan doğma qardaşı X1 2020-ci ildə həmin şirkəti qanunsuz işdən çıxarma əmrinə görə məhkəməyə verməsi olub. Məhz sonuncu hadisədən sonra, yəni, 2020-ci ilin iyul ayında İlqar Kərim iddiaçını yanına çağıraraq, qardaşı X1 məhkəməyə ünvanladığı iddia ərizəsi ilə bağlı onu şirkətin kadrlar şöbəsinin rəisi Loğman Məmiyevin adından xəbərdar edib, qardaşının məhkəmədən iddia ərizəsini geri götürməsini tələb edib, əks təqdirdə işdə ciddi problemlərinin yaranacağı ilə hədələyib. İddiaçı onun bu təklifinə etirazını bildirib, qardaşının müstəqil şəxs olduğunu, onun işinə qarışa bilməyəcəyini bildirib. Onun bu təkliflə razılaşmamasından sonra onun gözümçıxdıya salınması daha da davamlı hal alıb. Bütün şirkətdə adi hal kimi qəbul edilən işlər onda nöqsan kimi qəbul edilməyə başlanıb. Məhz bu təqiblərin nəticəsində, 2021-ci il noyabrın 23-də iddiaçı ilə şirkətin digər işçisi, qaldırıcı maşinist Nəcəf Nəcəfov arasında ikincinin şirkətdən 3 kanistrda olmaqla 60 litr dizel yanacağı və kəsilib yığılmış borular oğurladığı səbəbindən baş verən konfliktdə o, mükafatlandırılmaq əvəzinə, davam edən qərəzli münasibətin nəticəsində iki dəfə 30 noyabr 2021-ci il və 25 may 2022-ci il tarixli əmrlərlə töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmətlə cəzalandırılıb, daha sonra isə heç bir səbəb göstərmədən onunla müqavilənin uzadılmasından imtina edilib. Yeri gəlmişkən, iddiaçının qardaşı X1 şirkətin onunla əmək müqaviləsini uzatmasından imtina ilə bağlı əmrindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə verilən iddia həmin Məhkəmənin 20 avqust 2020-ci il tarixli, 2(001)-4053/2020 saylı qətnaməsi ilə təmin edilib, şirkətin əmri ləğv edilib, Hikmət Səmədov işə bərpa edilib və daha sonrakı illərdə pensiya yaşına çatdığı üçün pensiyaya çıxıb. Dördüncüsü, o, 3 nəfərlik ailənin yeganə qazanc gətirən üzvüdür. Ondan başqa, ailədə işləyən və əmək haqqı alan heç kim yoxdur. Beşincisi, koronavirus pandemiyası ilə əlaqədar çıxışlarında ölkə Prezidenti dəfələrlə özəl şirkətlərə işçiləri ixtisar etməməklə bağlı öz tövsiyələrini verib. Lakin, cavabdeh şirkət pandemiyanın nəticələrinin hələ də davam etdiyi bir vaxtda bu tövsiyyələrə əhəmiyyət verməyərək, onunla bağlanmış əmək müqaviləsini qərəzli şəkildə uzatmaqdan imtina edib. Altıncısı, başqa işçilərlə əmək müqaviləsi uzadılıb, yalnız onunla əmək müqaviləsinin uzadılmasından imtina edilib. Lakin, bu imtina hec cür əsaslandırılmayıb. Onun hazırda 60 yaşı var, onun pensiya yaşına çatmağına çox az qalıb. Cavabdeh şirkət uzunmüddətli və qüsursuz xidmətlərini nəzərə almayaraq, onunla bağlanmış müqaviləni uzatmaqdan imtina edib. Halbuki, ƏM-nin 16-cı maddəsində əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi nəzərdə tutulub. Cavabdeh iddiaya etiraz göndərərək göstərmişdir ki, iddia ərizəsinin arqumentlərinin heç biri həqiqəti əks etdirmədiyindən və şirkətin əmrinin qanunsuz hesab edilməsi ilə bağlı heç bir mötəbər sübut göstərilmədiyindən iddia təmin edilməməlidir. Əvvəla iddiaçının iddia ərizəsində göstərdikləri heç də həqiqəti əks etdirmir ona görə ki, iddiaçı özünün bildirdiyi kimi 21 il fasiləsiz olaraq Cavabdeh şirkətində işləməmişdir. Belə bir sual yaranır ki, əgər şirkət 2005-ci ildən Azərbaycan Respublikasında fəaliyyətə başlamışdırsa, o zaman iddiaçı 2001-ci ildən hansı şirkətdə işləmiş olur? 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X6 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmışdır. 01 sentyabr 2005-ci il tarixdən isə Sazişin müddəlanna uyğun olaraq Cavabdeh şirkəti Podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə Əməliyyatçı kimi fəaliyyət göstərir. Lakin, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı 2001-ci ildən Şirkətdə yox, ARDNŞ "xxxx" İstehsalat Birliyinin tərkibində olmuş “Binəqədineft” Neft və Qazçıxarma İdarəsində çalışmışdır. Həmin İdarənin isə şirkətlə heç bir əlaqəsi və bağlılığı yoxdur. Bir sözlə “X4” şirkəti müstəqil hüquqi şəxsdir və “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin hüquqi varisi deyildir. Sözügedən “Binəqədineft Neft və Qazçıxarma” idarəsi "xxxx" İB-nin tərkibində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("xxxx" və ya “SOCAR”) 92 saylı, 31 aqvsut 2005-ci il tarixli əmri əsasında tamamilə ləğv edilmişdir. İddiaçı şirkətdə ilk dəfə olaraq 01 sentyabr 2005-ci il tarixdən çalışmağa başlamışdır. Belə ki, həmin vaxtdan şirkətin quyuların yeraltı və əsaslı təmiri sexində müxtəlif vəzifələrdə işləyən iddiaçı 09 dekabr 2019-cu il tarixdə ərizə ilə şirkət rəhbərliyinə müraciət edərək öz istəyi ilə işdən azad edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının ərizəsi əsasında şirkətin HRR 106/19 saylı, 05 dekabr 2019-cu il tarixli əmri ilə əmək müqaviləsinə xitam verməklə iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Daha sonra şirkətdən öz xahişi ilə işdən azad edildikdən sonra iddiaçı bir müddət “Şirvan Drilling Limited” şirkətinin Azərbaycab Respublikasındakı filialında çalışmış və həmin filialdan da işdən çıxdığı üçün işləmək məqsədilə yenidən Cavabdeh şirkətinə müraciət etmişdir. Bundan sonra 01 iyun 2020-ci il tarixdə şirkətlə iddiaçı arasında 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanmış və 01 iyun 2021-ci il tarixdə də həmin müqavilənin müddəti daha 1 il, yəni 01 iyun 2022-ci il tarixədək uzadılmışdır. İddiaçı özünün intizamlı, yüksək əmək keyfiyyətinə malik işçi olduğunu bildirsə də, lakin, şirkətdə işə qəbul edildiyi 01 iyun 2020-ci il tarixdən işdən azad edildiyi 01 iyun 2022-ci il tarixədək (yəni 2 il) müddətdə dəfələrlə şirkətdaxili nizam-intizam qaydalarını pozduğuna görə şirkətin müvafiq əmrləri əsasında ona “töhmət” və “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Şirkət iddiaçıya 02 iyun 2022-ci il tarixli bildirişlə aralarında mövcud olan 2045 saylı, 01 iyun 2020-ci il tarixli əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar xitam verildiyi barədə məlumat təqdim etmiş və həmin bildirişi iddiaçı qəbul etməkdən imtina etdiyi üçün bildiriş poçt xidməti vasitəsilə qeyd olunan tarixdə iddiaçının ünvanına göndərilmişdir. Bununla da şirkətin HRQ 01/22 saylı, 03 iyun 2022-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsası onun müddətli əmək müqaviləsinin müddətinin bitməsi olmuşdur. Hesab edir ki, şirkət iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsaslı olaraq xitam verilmişdir və əmək müqaviləsinin xitamı ilə bağlı əmr verilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Ona görə də hazırki iddia ərizəsi məhkəmə tərəfindən əsassız hesab edilməklə təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh şirkəti ilə İddiaçı arasında bağlanmış 01 iyun 2020-ci il tarixli, 2045 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı 1 il müddətinə usta vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh şirkəti ilə İddiaçı arasında bağlanmış 01 iyun 2021-ci il tarixli razılaşmadan görünür ki, tərəflər 01 iyun 2020-ci il tarixli, 2045 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə razılığa gəlmiş və müqavilənin müddəti 01 iyun 2022-ci ilədək uzadılmışdır. Cavabdeh şirkətinin “İşçiyə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin tədbiq edilməsi barədə” 30 noyabr 2021-ci il tarixli, HRT 31/21 nömrəli əmrindən görünür ki, İddiaçı töhmət verilmiş və 2021-ci ilin noyabr ayının mükafatından məhrum edilmişdir. Cavabdeh şirkətinin “İşçiyə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin tədbiq edilməsi barədə” 25 may 2022-ci il tarixli, HRT 07/22 nömrəli əmrindən görünür ki, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Cavabdeh şirkətinin “Əmək müqaviləsinə xitam verilməsi barədə” 03 iyun 2022-ci il tarixli, HRQ 01/22 nömrəli əmrindən görünür ki, Cavabdeh şirkətinin Quyuların Yeraltı və Əsaslı Təmiri Sexinin ustası İddiaçı ilə Cavabdeh şirkəti arasında bağlanmış 2045 saylı 01 iyun 2020-ci il tarixli əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən 03 iyun 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, 01 sentyabr 2005-ci il tarixdə Cavabdeh şirkətinə əsaslı təmir sexinə usta vəzifəsinə qəbul edilmiş, 01 oktyabr 2007-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq əsaslı təmir sexi quyuların yeraltı və əsaslı təmir sexi adlanmış, 09 dekabr 2019-cu il tarixdə öz xahişi ilə vəzifəsindən azad edilmiş, 01 iyun 2020-ci il tarixdə yenidən Cavabdeh şirkətində quyuların yeraltı və əsaslı təmir sexinə usta vəzifəsinə qəbul edilmiş, 03 iyun 2022-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı əmək qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinin tələblərinə görə Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri sayılır; 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır; 45-ci maddəsinin 4-cü hissəsində göstərilir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qeyd edir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi hamıya məlum olan haldır. İşəgötürən, işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamvercici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı 01 sentyabr 2005-ci il tarixdən 09 dekabr 2019-cu il tarixədək fasiləsiz və etirazsız olaraq cavabdeh şirkətdə eyni vəzifədə və eyni sexdə işləmiş, yəni iddiaçının gördüyü iş daimi xarakterə malikdir. Belə olan halda, iddiaçının öz ərizəsi ilə işdən azad edildikdən sonra həmin şirkətin iddiaçı ilə 01 iyun 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlaması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, yuxarıda göstərilən maddələrin mənasına görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, işəgötürən işçi ilə müddətli əmək müqaviləsi bağlaya bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış 01 iyun 2020-ci il tarixli, 2045 saylı əmək müqaviləsi müddətsiz hesab edilməli, müqavilə müddətsiz hesab edildiyindən cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 03 iyun 2022-ci il tarixli, HRQ 01/22 nömrəli əmri ləğv edilməli, iddiaçı öz vəzifəsinə bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1 və 9.1.1 maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 iyun 2020-ci il tarixli, 2045 saylı əmək müqaviləsi müddətsiz hesab edilsin, Cavabdeh Şirkətinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 03 iyun 2022-ci il tarixli, HRQ 01/22 nömrəli əmri ləğv edilsin, İddiaçı öz vəzifəsinə bərpa edilsin və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı Cavabdeh Şirkəti tərəfindən ödənilsin. Cavabdeh Şirkətindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar