Məhkəmə qərarları › İş №2(001)-4770/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4770/2021

08.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4770/2021 08.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə, Maraqlı şəxsin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsini qeyd etməklə, 1976-1978-ci illərdə Bakı Soyuducular Zavodunun Ağdam filialında, 1980-1987-ci illərdə Ağdam Dəzgahqayırma zavodunda, 1987-1988-ci illərdə Mets Firnutur (KP-3) zavodunda, 1988-1989-cu illərdə PATO Avtobazada, 1989-1995-ci illərdə X2 filialında işləmə faktının, sosial siğorta stajının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 1976 sentyabr-1978 may aylarında Bakı Soyuducular Zavodunun Ağdam filialında fəhlə vəzifəsində, 1980 iyun-1987-ci illərdə Ağdam Dəzgahqayırma zavodunda mühəndis vəzifəsində, 1987-1988-ci illərdə Metis Firnutur (KP-3) mühəndis vəzifəsində, 1988-1989-cu illərdə PATO Avtobazada, 1989- 1995-ci illərdə X2 filialının rəisi vəzifəsində işləməklə əmək fəaliyyətini həyata keçirmişdir. 1992-1993-cü illərdə 1-ci Qarabağ müharibəsi zamanı məlum işğalla əlaqədar ərizəçiyə məxsus olan əmək kitabçası və digər sənədlər məhv olmuşdur. Sənədlərin bərpasına görə Dövlət Notariat Arxivinə müraciət etsə də, imtina cavabı verilmişdir. Hal-hazırda ərizəçiyə İİ qrup əllillik təyin olunmuş, lakin sosial siğorta stajının olmaması pensiya məbləğinin xeyli az hesablanmasına, yalnız baza məbləğinin müəyyən olunmasına gətirib çıxarmışdır. Bu səbəbdən aldığı pensiya dərman xərclərini belə qarşılamır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, nümayəndəsi olduğu atasının konkret olaraq hansı illərdə və harda işləməsini deyə bilmir, ərizədə qeyd olunanları müdafiə edir. Ərizəçinin əmək kitabçası yoxdur. Belə ki, birinci Qarabağ müharibəsi zamanı atası işlədiyi ərazilərdə hər kəs canını qurtarmağın dərdində idi, sənəd barədə fikirləşməyə heç kəsin imkanı yox idi. Ərizəçinin 1995-ci ilədək ərizədə göstərilmiş yerlərdə və vəzifələrdə işləməsini şahidlər təsdiq edə bilər. Onların əmək kitabçalarına işlədikləri yerlərə dair məlumat var. Ərizəçinin son işlədiyi idarə işğal zamanı bir müddət Ağcabədi rayonunun ərazisində fəaliyyət göstərmiş, atası da həmin rayonda işləmişdir. 1995-ci ildən sonra isə ümumiyyələ işləməyib. Hər hansı quruma əlavə sorğu verilməsinə zərurət görmür. Belə ki, Azərbaycan Respublikası Dövlət X8 müraciət edilmiş və həmin qurumdan ərizəçiyə işlədiyi idarələrin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət X8 təhvil verilməməsi barədə məlumat verilmişdir. Qeyd olunanlara əsasən ərizəçinin nümayəndəsi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X10 izahatında məhkəməyə bildirdi ki, ərizədə qeyd olunan idarələrdən heç birinin arxiv sənədlərinin hal-hazırda mövcud olmaması mümkün deyil. Ərizəçinin əmək kitabçası olmasa belə, əmək haqqı almasına dair müvafiq "tabellər" və digər sənədlərlə onun həmin idarələrdə işləməsi təsdiq oluna bilərdi. Ərizəçinin nümayəndəsinin özünün qeyd etdiyinə görə, məhkəməyə dəvət edilmiş şahidlər ərizəçi ilə işləmiş və onların hamısının əmək kitabçaları özlərindədir. Eyni zamanda ərizəçinin nümayəndəsinin sözlərinə görə, Ağdam işğal olunandan sonra, ərizəçinin son işlədiyi idarə Ağcabədi rayonuna köçürülmüş və orada fəaliyyət göstərmişdir. Ərizəçinin həmin tarixdən əvvəlki sənədlərinin Ağdamda qalması ehtimal edilsə belə, idarənin Ağcabədidə fəaliyyət göstərdiyi dövrə aid olan sənədlər hal-hazırda mövcud olmalı idi. Qeyd olunanlara əsasən maraqlı şəxsin nümayəndəsi ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət X5 28.04.2021-ci il tarixli, 46 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “ ... məktubda qeyd olunan sizin 1976-1978-ci ildə Bakı Soyuducular Zavodunun Ağdam Filialının, 1980-1987-ci il Ağdam Dəzgahqayırma zavodunun, 1987-1988-ci ildə Mets Firnitur (KP-3), 1988-1989- cu ildə PATO Avtobazanın, 1989-1995-ci ildə X2 fılialının və yuxarıda qeyd olunan idarələrin hec birinin arxiv sənədləri Dövlət X8 təhvil verilməmişdr.( Filialda mühafizə olunmur)”. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində məhkəməyə bildirdi ki, o, 1976-cı ildən Mets Firnutur zavodunda işləyib. El arasında həmin zavoda “düymə” zavodu deyilirdi. Ərizəçi isə həmin zavodda 1987-ci ildən 1989-cu ilin axrına qədər texnoloq vəzifəsində işləyib. 1989-cu ildən Ərizəçi həmin zavoddan işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində məhkəməyə bildirdi ki, o, 1980-1987-ci illərdə Dəzgah Tərtibatı zavodunda işləmişdir. Onu həmin işə Ərizəçi düzəldmişdir. Ərizəçi özü həmin zavodda 1978-ci ildən işləyirdi. 1985-ci ildə zavoddan işdən çıxmışdır. Zavodda texniki nəzarətçi işləyirdi. Məlumatı var ki, Ərizəçi 1986-1987-ci illərdə Avtobazada, 1994-1995-ci illərdə isə Ağdam rayonunda sürücülük məktəbində işlmişdir.. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində məhkəməyə bildirdi ki, Ərizəçi Ağdam rayonunda sürücülük məktəbində işləyən zaman onun müdiri olub. 1990- 1995-ci illərdə Ərizəçi ilə işləmişdir.Ağdam işğal olunandan sonra sürücülük məktəbi Ağcabədi rayonuna köürülmüşdürü. O, 1995-ci ildə işdən çıdı, Ərizəçi onda hələ həmin idarədə işləyirdiı. Əmək kitabçasını Bakı şəhərində yerləşən X9 götürmüşdür Həmin idarə Ağcabədidə fəaliyyət göstərən idarənin baş idarəsi sayılırdı. Məhkəmə şahid ifadələrinə tənqidi yanaşır. Belə ki, ərizəçi 1976-197-8ci illərdə Bakı Soyuducular Zavodunun Ağdam filialında, 1980-1987-ci illərdə Ağdam Dəzgahqayırma zavodunda, 1987-1988-ci illərdə Mets Firnutur (KP-3) zavodunda, 1988-1989-cu illərdə PATO Avtobazada, 1989-1995-ci illərdə X2 filialında işləməsini qeyd etsə də, Ağdam Dəzgahqayırma zavodunda işləməsini təsdiq etmək üçün dəvət edilmiş X1 onun həmin (zavodun adını ifadəsində "Dəzgah Tərtibatı zavodu" kimi qeyd etmiş) zavodda 1978-ci ildən 1985-ci ilədək işləməsini; Mets Firnutur (KP-3) zavodunda işləməsini təsdiq etmək üçün dəvət edilmiş X13 onun həmin zavodda 1987-1989-cu illərdə işləməsini qeyd etmişdir. Xronoloji baxımdan yalnız X3 ifadəsi ərizədə qeyd olunanlarla üst-üstə düşür, onun da həmin dövrdə ərizəçi ilə bir idarədə işləməsinə baxmayaraq hər hansı problem yaşamadan əmək kitabçasını işlədiyi idarənin Bakı şəhərində yerləşən baş idarəsində alması ərizədə göstərilənləri və ərizəçinin nümayəndəsinin məhkəmə iclasında dediklərini sual altına qoyur. İş materiallarından ərizəçinin (şahid Tofiq Abbasovun əmək kitabçasını aldığı) Bakı şəhərində yerləşən X12 müraciət etməsini təsdiq edən hər hansı sübut mövcud deyil, ərizəçinin nümayəndəsi isə məhkəmə iclasında sədrlik edənin bu barədə sualına cavab olaraq bildirmişdir ki, ərizəçi tərəfindən Azərbaycan Respublikası Dövlət X8 müraciət edilmiş və sənədlər mövcud olduğu təqdirdə orada olardı. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir”. Ərizəçi tərəfindən məhkəməyə dəvət edilmiş və onunla müəyyən dövrlərdə eyni (işğal olunmuş ərazidə) idarələrdə işləmiş şahidlərin üçünün də əmək kitabçalarının özlərində olması, hətta 1995-ci ilədək ərizəçi ilə eyni idarədə işləyən şahidin əmək kitabçasını Bakı şəhərində baş idarədən alması iş stajı, əmək fəaliyyəti barəsində sənədlərin üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilməməsini təkzib edir. Ərizəçi bu xüsusatı təsdiq etmək üçün Azərbaycan Respublikası Dövlət X5 cavab məktubunu təqdim etməklə kifayətlənmiş və, göründüyü kimi, üzərinə düşən sübutetmə yükünü icra etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Ərizəçi 1976-1978-ci illərdə Bakı Soyuducular Zavodunun Ağdam filialında, 1980-1987-ci illərdə Ağdam Dəzgahqayırma zavodunda, 1987-1988-ci illərdə Mets Firnutur (KP-3) zavodunda, 1988-1989-cu illərdə PATO Avtobazada, 1989-1995-ci illərdə X2 filialında işləmə faktının, sosial siğorta stajının müəyyən edilməsi barədə ərizəsi rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar