Məhkəmə qərarları › İş №2(001)-4772/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4772/2020

12.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4772/2020 12.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiacı İddiaçı Cavabdeh Haşim oğluna qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında acıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiacı İddiaçı Cavabdeh Haşim oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları xx.xx.2013-cü il təvəllüldlü X3 və xx.xx.2015-ci il təvəllüldlü X4 Bakı şəhəri,Binəqədi rayonu, Sumqayıt şossesi küçəsi, 6-cıl döngədə yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən zal, zaldan sonrakı yataq otağından və sanitar qovşağından, birinci mərtəbədə yerlə.ən mətbəxindən və sanitar qovşağından istifadə qaydalırınının müəyyən olunması və evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi X9 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, tərəflər xx xxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından iki yetkinlik yaşına çatmamış uşaqları vardır. İddiaçı ailə qurduqdan sonra cavabdehin ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi küçəsi, 6-cı döngədə yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əmlakını da həmin evə yerləşdirmişdir. Sonradan münasibətləri uyğun gəlmədiyindən məhkəmə qaydasında nikahlarına xitam verilmişdir. Boşandıqdan sonra cavabdeh iddiaçını iki uşaqla birlikdə evdən məcbur çıxarmış, iddiaçı hazırda valideynlərinin yaşadığı evdə yaşayır. İddia tələbində göstərilən evin hüquqmüəyyənedici sənədi mövcud deyil, qanunsuz tikilidir. İddiaçının valideynlərinin evində normal yaşayış şəraiti olmadığından o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda R.R.Əliyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, mübahisəli mənzil cavabdehə məxsus deyil. Tərəflər uzun müddət cavabdehin işi ilə əlaqədar olaraq müxtəlif rayonlarda kirayədə yaşamışlar. İddia tələbində göstərilən mənzildə isə cavabdehin ailə üzvləri ilə birlikdə qısa müddət yaşamışlar. Buna görə də, iddia təmin edilə bilməz. Sonda T.M.Talıbov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğu ücün təmin edilməməlidir. Belə ki, məhkəmədə müəyyən olundu ki, iddiaçı xx xxx 2012-ci ildə cavabdehlə nikaha girib və birgə nikahdan xx.xx.2013-cü il təvəllüldlü X6 və xx.xx.2015-ci il təvəllüldlü X7 adlı uşaqları olmuşdur. İddiaçı ailə həyatı qurduqdan sonra bir müddət mübahisəli evdə yaşamış, tərəflərin arasında nikah pozulduqdan sonra iddiaçı həmin fərdi yaşayış evindən çıxmışdır. Mübahisəli ev özbaşına tikilidir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hazırkı mənzillə bağlı hüquq münasibətləri 2009-cu ildən sonra əmələ gəldiyindən, hazırki mübahisəyə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Qüvvədə olan Mənzil Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə — Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra — tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 12.3-cü maddəsinə əsasən sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisənin predmetinin qanunsuz tikili olan fərdi ev təşkil etdiyindən mübahisə üzrə qanunun analogiyası tətbiq edilməli və Mənzil Məcəlləsinin aşağıdakı normaları rəhbər tutulmalıdır: Belə ki, hüquqi statusu məlum olmayan (qanunsuz tikili) yaşayış sahələrində köçürülmə və ya bu tip mübahisələrə baxılması ilə əlaqədar bir başa maddi hüquq norması mövcud deyil. Qüvvədə olan Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı mübahisəli evin qanunsuz tikili olmaqla yanaşı tərəflər arasında sözügedən evə dair hər hansı razılaşmanın olması da müəyyən edilmir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə hüququ yaranmış olsa idi belə, cavabdehlə aralarında olan nikah münasibətlərinə xitam verildikdən sonra qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən mənzildə olan hüququ itirilmişdir. Həmin fərdi yaşayış evində istifadə hüququ olmadığı tədqirdə iddiaçının uşaqları ilə birlikdə ora köçürülməsi yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə cıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh Haşim oğluna qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddiası rədd edilsin, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay kecdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar