Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-478/2021 11.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə 11 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 övladları X3 və X2 ilə birlikdə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, hazırda iddiaçıya məxsus olan ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər və onların övladları qanunsuz istifadə edirlər. Həmin şəxslərlə iddiaçı arasında heç bir müqavilə bağlanmamış, yalnız şifahi razılıq əsasında müəyyən haqq müqabilində həmin mənzildə qalmalarına icazə vermişdir. Lakin hazırda həmin şəxslərin iddiaçıya məxsus mənzildən çıxarılması zərurəti yaranmışdır. Cavabdehlər iddiaçının ailə üzvləri deyil, qohumluq əlaqələri yoxdur, aralarında heç bir hüquq münasibəti yaranmamış və heç bir müqavilə bağlamamışlar. İddiaçı dəfələrlə cavabdehlərdən mənzili tərk etmələrini və mənzili təhvil vermələrini xahiş etsə də, onlar imtina etmiş və mənzili tərk etməyəcəklərini bildirmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. İddiaçı caavbdehlərə ünvanladığı pretenziya məktubuna da həmçinin cavab ala bilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 2 (yeni qaydalarla: Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 19, M7, m.30 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. - Bakı İnzibati Məhkəməsinin 19.03.202021-ci il tarixli, 2-1(112)-2063/2021 saylı qərardadı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı üçüncü şəxs qismində işə cəlb olunmaqla ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyət hüququnu təsdiq edən ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkünsüz sayılmışdır. Mübahisəli mənzil üzərində mülkiyyət hüquqların İddiaçı məxsus olmasını məhkəmə işin mübahisələndirilməyən halı kimi qiymətləndirir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh2 və onun ailə üzvlərinin mübahisəli mənzildən istifadələri həmin mənzilin mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüquqlarını pozduğuna görə onlar mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2, Cavabdeh1 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və onların övladları X3, X2 Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, m.23 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş vəsaitin əvəzi kimi 10 manat müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-478/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-478/2021
11.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver