Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4780/2021 09.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “yetkinlik yaşına çatmayan uşaqlarla birlikdə özbaşına tikintiyə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh birgə nikahından olmuş 08 aprel 2011-ci il təvəllüdlü X5 və 20 aprel 2014-cü il təvəllüdlü X4 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi, 1-ci mədən *-ci döngədə yerləşən 4 otaqdan ibarət olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(039)-744/2021 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin təşəbbüsü ilə X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun hazırda yaşamağa yeri yoxdur. O, müvəqqəti olaraq valideynlərinin evində sığınmışdır. Mübahisəli ev onun həyat yoldaşı olmuş Cavabdeh tərəfindən inşa edilmiş və bundan sonra onlar 2013-cü ildə həmin evə köçmüşlər və o, uşaqları ilə birlikdə 2019-cu il tarixədək həmin evdə yaşamışdır. Ev onun həyat yoldaşı tərəfindən inşa edildiyindən və o, uzun illər həmin evdə yaşadığından hazırda da uşaqları ilə birlikdə həmin evə köçürülməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi özbaşına tikintidir və həmin tikinti onun valideynləri tərəfindən və onların vəsaitləri hesabına inşa edilmişdir. Bu səbəbdən ev onun valideynlərinə məxsusdur, hətta evə müxtəlif kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr onun anası X3 ilə bağlanmışdır. Onun belə bir tikintini inşa etmək üçün maddi imkanı olmamışdır. Həmin tikintidə iddiaçı və uşaqları ilə birlikdə, onun valideynləri, hətta bir müddət qardaşının ailəsi də yaşamışdır. Bu da evin ona deyil, onun valideynlərinə məxsus olmasını bir daha təsdiq edir. Digər tərəfdən həm onun, həm də anasının iddiaçı ilə münasibətləri gərgindir. İddiaçı ilə onun anası arasında yaranmış mübahisə nəticəsində iddiaçı hətta onun anasına əl qaldırmış və xəsarət yetirmişdir. Hazırda da o, valideynləri ilə birlikdə mübahisəli evdə yaşayır. İddiaçının da həmin evə köçməsindən sonra onların arasında gündəlik mübahisələrin yaranması qaçılmaz hal olacaqdır. Bu mübahisələr nəticəsində iddiaçının və ya onun anasının, hətta onun özünün qeyri-ixtiyari olaraq fiziki xəsarət almasından ehtiyatlanır. Bununla belə, iddiaçının mübahisəli evdə yaşamasına həm hər hansı hüququ yoxdur, həm də aralarında olan prinsipial münasibətlərə görə onun həmin evdə yaşaması mümkün deyil. Bu hallar olmasa idi, ola bilsin ki, o, iddiaçının həmin evdə yaşamasına könüllü olaraq razı olardı, lakin münasibətlər gərgin olduğundan qəti olaraq iddiaçının həmin evdə yaşamasına razı deyil. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X3 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı köçürülməsini tələb etdiyi ev onun oğlu tərəfindən deyil, onunla əri tərəfindən inşa edilmişdir. Belə ki, onun oğlunun bunun üçün maddi imkanı olmamışdır. Həmin evi də onlar öz ailələri üçün inşa etmişdilər. İddiaçı da onun oğlu və uşaqları ilə birlikdə həmin evdə yaşamışdır. Evə kommunal xidmətlərin göstərilməsi üçün aidiyyəti qurumlarla müqavilələr də onunla bağlanmışdır. İddiaçı ilə onun oğlu arasında bağlanmış nikah da artıq pozulmuş və hazırda iddiaçının həmin evə köçməsi üçün hər hansı əsas yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 08 aprel 2011-ci il təvəllüdlü X5 və 20 aprel 2014-cü il təvəllüdlü X6 doğulmuşdur. 2013-cü il tarixdə onlar Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 1-ci mədən korpus 1, *-ci döngədə yerləşən 4 otaqdan ibarət olan fərdi yaşayış evinə köçmüşdülər və iddiaçı uşaqları ilə birlikdə 2019-cu ilin avqust ayına kimi həmin evdə yaşamışdır. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş və uşaqlar iddiaçının yanında saxlanılmışdır. Hazırda iddiaçı həmin evin onun keçmiş həyat yoldaşı tərəfindən inşa edildiyini və uşaqları ilə birlikdə həmin evdə 2013-2019-cu illərdə yaşadığını və hazırda onun bu evdə yaşamaq hüququnun yarandığını iddia edir və uşaqları ilə birlikdə evə köçürülməsini tələb edir. Cavabdeh hazırda onun himayəsində yaşayan uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 1-ci mədən *-ci döngədə yerləşən 4 otaqdan ibarət olan fərdi yaşayış evinə köçürülməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir. Evin onun vəsaiti hesabına deyil, valideynlərinin vəsaiti hesabına inşa edildiyini, evə kommunal xidmətlərin göstərilməsi ilə bağlı aidiyyəti qurumlarla müqavilələrin onun anası tərəfindən bağlandığını bildirir. Mübahisəli evə işıq sayğacının quraşdırılması ilə bağlı müqavilə cavabdehin anası, yəni üçüncü şəxs X3 ilə bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülübköçürülməməsinin bilavasitə fərdi yaşayış evinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən, bu əmlakın hansı şəxsin mülkiyyətində olmasından, onun həmin fərdi yaşayış evinə hər hansı, o cümlədən istifadə hüququnun yaranıb-yaranmamasından və iddiaçının həmin evin alınmasında hər hansı vəsait sərf etməsindən asılıdır. Belə ki, iddiaçının həmin ev alındıqdan sonra oraya köçməsi və bir neçə il həmin evdə yaşaması və pasport qeydiyyatında olması onun həmin mənzilə köçürülməsi üçün əsas ola bilməz. Lakin araşdırma zamanı mübahisəli evlə bağlı nəinki cavabdehin, ümumiyyətlə hər hansı şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmadığı müəyyən edilmişdir. Başqa sözlə, mübahisəli mənzil cavabdehin mülkiyyətində deyil, hüquqi nəticə etibarı ilə özbaşına tikintidir. İddiaçı həmin evin cavabdehin vəsaiti hesabına inşa edildiyini iddia etsə də, bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Cavabdehin mübahisəli evin inşasında və hazırki vəziyyətə çatdırılmasında hər hansı formada iştirak etdiyi, o cümlədən bu işlərin görülməsi üçün hər hansı məbləğdə vəsait sərf etdiyi məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Evə kommunal xidmətlərin göstərilməsi üçün aidiyyəti qurumlarla müqavilələr də cavabdehlə deyil, onun anası ilə bağlanmışdır. Beləliklə göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin cavabdehin mülkiyyətində olması, həmin evin iddiaçı ilə cavabdehin birgə (gəlirləri) vəsaiti hesabına alınması, o cümlədən evin inşası üçün iddiaçının hər hansı məbləğdə vəsait sərf etməsi, habelə iddiaçının həmin evə hər hansı, o cümlədən istifadə hüququnun yaranması müəyyən edilməmişdir. Bununla belə, iddiaçının mübahisəli evə köçməsi və orada yaşaması həmin evdə yaşayan şəxslərin könüllü razılığı əsasında olmuş və onunla cavabdeh, habelə cavabdehin valideynləri arasında olan və ailə üzvülüyündən irəli gələn münasibətlərə söykənmişdir. Hazırda isə iddiaçı cavabdehə və onun valideynlərinə münasibətdə keçmiş ailə üzvü statusuna malik olan şəxsdir və cavabdeh onun həmin evə köçürülməsinə razı deyil. Bu səbəbdən iddiaçının evdə bir neçə il yaşaması onun həmin evə köçürülməsi üçün əsas ola bilməz və iddiaçının cavabdeh və onun valideynləri tərəfindən evə buraxılmaması onun bu evdə yaşamaqdan qanunsuz olaraq məhrum edilməsi kimi qiymətləndirilə bilməz. Bu da öz növbəsində iddianın əsassız olmasına dəlalət edir və onun rədd edilməsini şərtləndirir. Məhkəmə eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Məhkəmə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 04.07.2014-cü il tarixli qərarına istinadən onu da qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Bu səbəbdən də hüququ olduğu təqdirdə belə, iddiaçının mübahisəli tikintiyə köçürülməsi (tərəflərin, o cümlədən iddiaçı ilə cavabdehin anasının arasında münasibətlərin gərgin və prinsipial olmasında və onların açıq-aydın biri-digərindən yola getməməsində özünü biruzə verməsi) və orada yaşaması (iddiaçı mütəmadi olaraq həmin tikintiyə öz valideynlərini də qonaq kimi dəvət etmək niyyətindədir) icra baxımdan qeyrimümkün olmaqla hüquqi nəticə etibarı ilə xəyali hüquqa çevriləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “yetkinlik yaşına çatmayan uşaqlarla birlikdə özbaşına tikintiyə köçürülmə” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yetkinlik yaşına çatmayan uşaqlarla birlikdə özbaşına tikintiyə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4780/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4780/2021
09.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver