Məhkəmə qərarları › İş №2(001)-48/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-48/2025

28.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-48/2025 28.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon Binəqədi Bələdiyyəsinə qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi zərərin tutulması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi zərərin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Xarici Dairəvi küçəsi, 72 saylı yaşayış binasının arxasında ona məxsus 525 kv.m. ərazinin bir hissəsinə qanunsuz daxil olmaqla heç bir sənədi olmadan qanunsuz aparılmış hasarlama və tikintilərinin onun hesabına sökülməsinə, ona məxsus zəbt olunmuş ərazinin boşaldılaraq təhvil verilməsinə dair və vurulmuş maddi zərər 2000 manat və vurulmuş mənəvi zərər olaraq 1000 manat, ümumilikdə 3000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin dövlət rüsumunun dövlət nəfinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Bələdiyyəsi ilə bələdiyyənin hüdudları daxilində olan sahibkarlıq fəaliyyəti tikintisi üçün nəzərdə tutulmuş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Xarici Dairəvi küçəsi, 72 saylı yaşayış binasının arxasında 525 kv.m sahənin onun mülkiyyətinə verilməsinə dair aralarında 25 dekabr 2006-ci il tarixli, 463 a saylı torpaqların alqı-satqısına dair akt tərtib olunmuş və rəsmi olaraq hesabına pul ödənildikdən sonra Bakı şəhər Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-ci il tarixli, 463A saylı qərarı ilə həmin 525 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qərar verilmişdir. Qeyd edilən qərar və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialının arxivində mövcuddur. Bakı şəhəri Binəqədi rayonu, 7-ci mkr, Xarici Dairəvi küçəsi, 72 saylı yaşayış binasında yaşayan Cavabdeh qeyri-qanuni olaraq onun istifadəsində olan sahənin bir hissəsində heç bir icazə və sənədi olmadan qanunsuz daxil olaraq tikinti və hasarlama işləri apararaq 525 kv.m onun sahəsinə qanunsuz və özbaşına müdaxilə etmişdir. O, Cavabdeh özbaşınalığının və qanunsuz apardığı tikililərin qarşısının alınması üçün müxtəlif aidiyyatı dövlət orqanlarına şikayətlər etmişdir. Həmin şikayət ərizəsi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində təhqiqat şöbəsində araşdırılaraq, material aidiyyatı üzrə araşdırılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Lakin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən vətəndaş Cavabdeh barəsində cinayət işinin başlaması rədd edilmiş, ərizəçiyə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən o, pozulmuş prosessual hüquqlarının məhkəmə qaydasında müdafiə olunması məqsədi ilə cavabdehin ona məxsus əraziyə qanunsuz daxil olmaqla heç bir sənədi olmadan qanunsuz aparılmış tikilillərin onun hesabına sökülərək zəbt olunmuş ərazini boşaldaraq ona təhvil verilməsi və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Xarici Dairəvi küçəsi, 72 saylı yaşayış binasının arxasında 525 kv.m. ərazisi olan torpaq sahəsi Bələdiyyə sənədinə əsasən ona məxsusdur. Həmin ərazinin bir hissəsinə cavabdeh qanunsuz daxil olmaqla heç bir sənədi olmadan qanunsuz hasarlama və tikinti işləri aparmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, yaşadığı bina Layihə İnstitutunun yataqxanasıdır və ümumi istifadədə olan ərazidir. O, həmin ərazini 3-4 qonşu ilə birlikdə hasara almış və özləri üçün dincəlməyə yer düzəltmişlər. İddiaçıda həmin əraziyə dair sənəd saxta olduğunu iddia edərək iddianın rədd edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

b) Mülki işin materialları:

6. Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında qeyd edilmişdir ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanılması rədd olunmuşdur.

7. Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 463A nömrəli qərarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Xarici Dairəvi küçəsi, 72 saylı yaşayış binasının arxasında 525 kv.m torpaq sahəsi sahibkarlıqla məşqul olmaq üçün əlavə edilmiş cizgi əsasında (hər kv.m üçün YAN ilə 5 manat ödəmək şərti ilə) İddiaçı mülkiyyətinə verilmişdir.

8. Torpaq alqı-satqısına dair aktdan görünür ki, Həsənov X3 rayon Binəqədi Bələdiyyəsinə xx.xx.2006-cı il tarixdə torpaq sahəsi almaq məqsədi ilə müraciət etmiş, ərizəyə bələdiyyənin ümumi iclasında baxılmış və Binəqədi rayon Binəqədi Bələdiyyəsinin ərazisində yerləşən 525 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli, 463A saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Binəqədi rayon Binəqədi Bələdiyyəsinin hesabına əvvəlcədən 2625 manat haqq ödənilmişdir.

9. xx.xx.2006-cı il tarixli, 064881 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən Binəqədi rayon Binəqədi Bələdiyyəsinə sahibkarlıq məqsədi ilə ayrılmış 525 kv.m torpaq sahəsinin alqı-satqısı üçün 2625 manat məbləğində ödəniş edilmişdir.

10. Binəqədi rayon Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında d/514 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Xarici Dairəvi küçəsi, 72 saylı yaşayış binasının arxasında 525 kv.m torpaq sahəsini sahibkarlıqla məşqul olmaq üçün İddiaçı mülkiyyətinə verilmişdir.

11. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8420 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-33557/2023 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh ayrılmış torpaq sahəsinə dair torpaqayırma sənədləri təqdim edilmədiyindən ayrılmış torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən İddiaçı iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən faktiki sahəsi 497 kv.m. təşkil edən torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı tikinti işlərinin aparılmasının aşkar edilmədiyi, iddia olunan torpaq sahəsinin hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaması səbəbindən zəbt olunma halının aydınlaşdırılmasının mümkün olmadığı müəyyən edilir. Mütəxəssis rəyinə əsasən İddiaçı iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə görə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğu, yaşayış binalarının həyətində ümumi istifadədə olan ərazidə yerləşdiyi müəyyən edilir.

12. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/6962 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən torpaq sahəsinə vizual olaraq baxış keçirilmiş, sahənin bir hissəsinin metal torla sərhədlənərək yaşıllıq ərazisi olduğu digər mübahisəli hissənin isə üzərində qonşu tərəfindən tikili aparılmış və tikilinin çöl divarları ilə sərhədləndiyi müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilmiş sahənin çoxmənzilli yaşayış binalarının həyətində ümumi istifadə də olan yaşıllıq sahədən ibarət olduğu müəyyən edilmişdir. Sahənin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Sahəyə dair cizgidə dəqiq istinadlar və məsafələr olmasa da yerləşməsinin ümumi əraziyə uyğun gəldiyi müəyyən edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür.

15. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

17. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Azərbaycan Respublikası MPM-nin:

18. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

23. İş materiallarından görünür ki, iddiaçı “qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Xarici Dairəvi küçəsi, 72 saylı yaşayış binasının arxasında ona məxsus 525 kv.m. ərazinin bir hissəsinə qanunsuz daxil olmaqla heç bir sənədi olmadan qanunsuz aparılmış hasarlama və tikintilərinin onun hesabına sökülməsinə, ona məxsus zəbt olunmuş ərazinin boşaldılaraq təhvil verilməsinə dair və vurulmuş maddi zərər 2000 manat və vurulmuş mənəvi zərər olaraq 1000 manat, ümumilikdə 3000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin dövlət rüsumunun dövlət nəfinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

24. Müəyyən edilmişdir ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında d/514 nömrəli, xx.xx.2006-cı il tarixli müqaviləsinə əsasən Binəqədi rayon Binəqədi Bələdiyyəsi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Xarici Dairəvi küçəsi, 72 saylı yaşayış binasının arxasında 525 kv.m torpaq sahəsini sahibkarlıqla məşqul olmaq üçün İddiaçı mülkiyyətinə verilmişdir. Eləcə də müəyyən edildi ki, həmin qərar mübahisələndirilməmiş və ləğv olunmamışdır. Yəni mübahisəli torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya verilmişdir.

25. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh iddiaçıya verilmiş torpaq sahəsinin bir hissəsinə metal torla hasar çəkərək istifadə edir. Bu hal iş materialları, ekspert rəyi, o cümlədən tərəflərin izahatı ilə təsdiq olunur.

26. Belə ki, cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, həmin sahə evinin qarşısı olmaqla ümumi istifadədə olan sahədir. O, orada ağac əkib, bir neçə qonşu ilə manqal qoyub istifadə edirlər.

27. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsini metal torla hasara alması iddiaçının mübahisəli sahədən istifadəsinə maneçilik törədir.

28. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin mübahisəli torpaq sahəsində metal tordan çəkdiyi hasar sökülməli və cavabdeh oradan çıxarılmalıdır.

29. Məhkəmə eləcə də qeyd edir ki, iddia tələbi qanunsüz tikilinin sökülməsinə dair hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, mübahisəli sahədə cavabdeh tərəfindən hər hansı bir tikilinin inşa edildiyi müəyyən edilməmişdir.

30. Məhkəmə iddia ərizəsinin dəymiş maddi-mənəvi ziyanın ödənilməsi tələbi hissəsində hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

31. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

32. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər(Mülki Məcəllənin 1097.1. maddəsi).

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

35. İddiaçı iddia ərizəsində ona maddi zərərin vurulduğunu göstərsə də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Buna görə də iddia tələbi maddi zərərin ödənilməsi hissəsində rədd edilməlidir.

36. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın və psixi əzaba görə pulun ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir.

37. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir.

38. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.

39. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur.

40. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir.

41. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar.

46. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 2 qrup Çernobıl AES əlilidir.

47. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Xarici Dairəvi küçəsi, 72 saylı yaşayış binasının arxasında İddiaçı məxsus 525 kv.m. ərazinin bir hissəsinə metal tordan çəkdiyi hasar cavabdehin hesabına sökülməli və cavabdeh oradan çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, cavabdehdən 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X1rşı “qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Xarici Dairəvi küçəsi, 72 saylı yaşayış binasının arxasında İddiaçı məxsus 525 kv.m. ərazinin bir hissəsinə metal tordan çəkdiyi hasar cavabdehin hesabına sökülsün və cavabdeh oradan çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatların dəyərini təşkil edən cəmi 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar