Məhkəmə qərarları › İş №2(105)-626/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-626/2025

02.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-626/2025 02.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi, mülkiyyətin müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil (sonuncu iclasda iştirak etmir) iştirakları ilə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-23/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :

1. Torpağın mülkiyyətə verilməsinə dair JN-301A, kod ******* olan şəhadətnaməyə görə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0,06 hektar torpaq sahəsi verilmişdir.

2. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-1009/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiası təmin edilərək, Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-301A, kod ******* nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,0552 ha hissəsinin Cavabdeh qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılmış, Cavabdeh iddiaçıya qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)- 1349/2019 nömrəli qətnaməsi ilə cavabdeh və qarşlıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-4807/2019 saylı qərarı ilə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh kassasiya şikayətinə əsasən dəyişiklik edilmədən saxlanılmışdır.

3. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-173/2021 nömrəli qərardadına əsasən iddiaçı Cavabdeh Zamir oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz AİK-nin xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı İddiaçı 0,06 ha torpaq sahəsinin ayrılması hissəsində etibarsız hesab olunması, İddiaçı verilmiş JN-301A (KOD ********) seriya nömrəli xx.xx.2004-cü il tarixli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsinə dair iddiası mümkün sayılmamışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7807 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikili (yaşayış evi) iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin şimal, şimal-şərq istiqamətində yerləşərək və 158 kv metr hissəni əhatə etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 0,06 ha torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin (yaşayış evi) cavabdehin öz vəsaiti hesbına sökülməsi, cavabdehin hesabına torpaq sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi, cavabdehdən maddi ziyanın əvəzi olaraq 10000 manat pulun, mənəvi ziyanın əvəzi olaraq 15000 manat pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin faktiki hallarına istinad edilməklə əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə qərarları qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. xx.xx.2020-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vidadi Dadaşov, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerqurluşu Layihə Tətqiqat MMC-nin Xaçmaz rayon şöbəsinin mütəxəsisi Elşad Lətifovun iştirakı ilə rayon məhkəməsinin qətnaməsi icra olunarkən müəyyən olunmuşdur ki, icra sənədində qeyd olunan ona məxsus, 0,06 ha torpaq sahəsində cavabdeh tərəfindən 2 mərtəbəli (12x13 ölçüdə) ev inşa olunmuşdur. Cavabdehə dəfələrlə təklif edilmişdir ki, torpaq sahəsində inşa etdiyi yaşayış evini sökərək torpaq sahəni boşaltsın, yaxud da torpaq sahələrini dəyişdirsin. Lakin cavabdeh nə torpaq sahəsindəki özbaşına tikilini sökmüş, nə də ki, torpaq sahələrinin dəyişdirilməsinə razılaşmamışdır. İddiaçı qeyd etmişdir ki, cavabdeh faktiki olaraq azı 10000 manat məbləğində zərərin əvəzini ödəməli, habelə ötən bu müddət ərzində dəfələrlə məhkəmə çəkişmələrinə cəlb olunmağa məcbur olunmuş, əmlakından məhrum edildiyinə görə və cavabdehin ona məxsus torpaqda özbaşına olaraq onu saymadan yaşayış evi tikməsi nəticəsində mənəvi psixioloji sarsıntılar keçirmişdir. Uzun müddət mülkiyyətində olan torpaq sahəsinə yaxın düşə bilməmişdir. Hesab etmişdir ki, nəticədə ona 15000 manat məbləğində mənəvi ziyan, 10000 manat isə maddi ziyan dəymişdir.

7. Cavabdeh iddia tələbinə qarşı etiraz verərək göstərmişdir ki, mübahisəli torpaq sahəsi qanuni əsaslarla ona verilmişdir. Həmin torpaqda ev tikib yaşayır. İddiaçının torpaq sahəsinə dair şəhadətnaməsinin kökü olmamış, bu barədə müvafiq müraciətləri də olmuşdur.

8. Xaçmaz Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(067)-23/2023 nömrəli qətnaməsi ilə (hakim Anar Sadıqov) iddia qismən təmin edilərək, iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin şimal, şimal-şərq istiqamətində yerləşən və 158 kv metr hissəni əhatə edən, cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin (yaşayış evi) cavabdehin öz vəsaiti hesabına sökülərək həmin hissədə torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun və ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun cavabdehdən alınması qət edilmişdir. (hakim Anar Sadıqov).

9. Birinci instansiya məhkəməsi iddianın təmin olunması hissəsi ilə bağlı hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan 158 kv metrlik tikili cavabdeh tərəfindən özbaşına tikilmiş, onun həmin tikilini inşa etdirməyə müvafiq icra hakimiyyəti orqanlarından razılığı olmamış, cavabdehin hərəkətləri iddiaçının mülkiyyət hüququna müdaxilə ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının və qüvəvdə olan mülki qanunvericiliyin normalarına görə isə cavabdehin hərəkətləri yolverilməzdir, iddiaçının mülkiyyət hüququna müdaxilə hesab olunmalıdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 152.1, 152.2, 152.3, 157.2 və 157.5-ci maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84 və 111-ci maddələri, İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək mübahisəli qətnamənin iddianın təmin olunmuş hissəsini ləğv edilərək iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-95/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər L.E.Rəhimli (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov və F.Ə.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

c) Kassasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2(102)-69/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-95/2024 nömrəli mülki iş üzrə 17 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yeganə yaşayış sahəsi olan evin sökülməsi barədə qətnamə qəbul edərkən araşdırma aparmamışdır. Belə ki, həmin evin nə vaxt tikilib və iddiaçının adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə nə vaxt verilmişdir. Həmçinin iddiaçının adına olan şəhadətnamədə göstərilmiş 0,06 ha həyətyanı torpaq sahəsi əvvəl səlahiyyətli dövlət orqan tərəfindən qanuni əsaslarla onun istifadəsinə verilmişdirmi. Əgər məhkəmə qarşılıqlı iddia ərizəsini lazımı qaydada araşdırsaydı, həmin suallara cavab verməli və çox güman ki, məhkəmənin iş üzrə qəbul edəcək qətnamə başqa məzmunda ola bilərdi. Məhkəmə qətnaməsində evin özbaşına tikili olması göstərmiş. Mülki qanunvericiliyə əsasən özbaşına tikili vətəndaşın özünə məxsus olmayan və müvafiq icazələr alınmadan tikili kimi nəzərdə tutulmuşdur. Cavabdeh evi Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə ailəsinin mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsində tikmişdir. Ona görə də həmin ev özbaşına tikili sayıla bilməz.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Ona 1997-ci ildə torpaq sahəsi təhkim edilmiş, həmin ərazini çəpərləyərək istifadə etməyə başlamışdır. Həmin torpaq sahəsində ev tikib yaşamağa başlamışdır. Ona qanuni əsaslarla verilən torpaq sahəsində ev tikib. Faktiki olaraq 10 sot torpaq sahəsi verilməsinə baxmayaraq, şəhadətnamədə torpaq sahəsinin ölçüsü 6 sot göstərilmişdir. Bununla bağlı müvafiq orqana müraciət etdikdə isə texniki səhv olduğu bildirilmişdir. O, torpaq sahəsində fərdi yaşayış evini tikərkən, habelə ondan sonra uzun müddət ərzində iddiaçı tərəf ona hər hansı bir etiraz bildirməmişdir. Yalnız 2018-ci ildə ona qarşı iddiaçı tərəf məhkəməyə iddia tələbi ilə müraciət edib. Hazırkı iş üzrə ona qarşı iddia tələbini təmin edən məhkəmənin mövqeyi əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən Cavabdeh 1997-ci ilin may ayında torpaq sahəsi ayrılmış və 22 may 1997-ci il tarixli təhkim aktına əsasən 0,10 ha torpaq sahəsi yerində müəyyən edilərək ona təhvil verilmişdir. Həmin vaxtdan torpaq sahəsi onun faktiki istifadəsindədir. Cavabdeh həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş və faktiki olaraq öz ailəsi ilə birlikdə bu evdə yaşayır. Fərdi yaşayış evi tikilən zaman iddiaçı tərəfdən cavabdehə hər hansı etiraz edilməmişdir. Əgər hər hansı etiraz olsaydı, cavabdeh kifayət qədər xərc çəkməklə özünü maddi itkiyə məruz qoymazdı. Hazırda həmin evin sökülməsi əsassız olmaqla cavabdehin hüquqlarının pozulmasına səbəb olacaqdır. Çünki o, vicdanlı sahibdir. Həmin evin bugünkü real bazar qiyməti təxminən 120-130 min manat civarındadır. Hazırkı iddia üzrə iddiaçı tərəfə müvafiq olaraq 10-15 min manat aralıqda kompensasiya təklifinə, yaxud mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidən torpaq sahəsi təklifinə iddiaçı tərəf müsbət cavab verməmiş, əksinə digər tərəflərdən daha bahalı yerdə torpaq sahəsi istəmişdir ki, buna cavabdeh tərəfin maddi imkanı əl vermədiyindən mübahisə həll edilməmişdir. İşə baxan birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili Vəkil sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, əvvəllər iddaçı tərəfin faktiki istifadəsində olan torpaq sahəsi hazırda mübahisələndirilən torpaq sahəsi ilə qonşuluqda yerləşirdi. Lakin sonradan bələdiyyə iddiaçını faktiki istifadəsində olan torpaq sahəsindən çıxardı və bildirdi ki, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Bundan sonra müvafiq müraciət əsasında məlum oldu ki, iddiaçıya sənəd əsasında məxsus olan torpaq sahəsi məhz faktiki olaraq cavabdehin istifadəsindədir. Həmin ərazidə hazırda 6 sot torpaq sahəsi ən aşağısı 20-30 min manat qiymətindədir. Cavabdeh tərəf həmin ərazidə eyniölçüdə torpaq sahəsi almaq istəmir. Cavabdeh tərəf iddiaçıya 15 min manat məbləğində kompensasiya təklifi etməmişdir. Yalnız əvvəllər 2 min manat məbləğində kompensasiya təklifi edilmişdir ki, bu təklif qəbul edilməmişdir. Ümumiyyətlə cavabdeh tərəf mübahisənin həlli üçün heç bir təşəbbüs göstərmir. Göstərilənlərə əsasən nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

20. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyator qətnamənin tam ləğvini xahiş etmişdir.

24. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamağı zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə Xaçmaz Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(067)-23/2023 nömrəli qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

26. Baxılan iş üzrə iş materaillarına əlavə edilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0,06 hektar torpaq sahəsi verilmiş, 17 mart 2005-ci il tarixdə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-301A, kod ******* olan şəhadətnaməyə görə onun torpaq sahəsi üzərindəki mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

27. Ekspert və mütəxəssis rəylərinə görə Cavabdeh fatiki istifadəsində 0,1435 ha torpaq sahəsi vardır, həmin sahənin 0,06 ha hissəsi onun mülkiyyətindədir, qalan 0,0835 ha hissəsinin 0,0552 ha hissəsi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus sahədir, 0,0283 ha sahənin isə kimin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması müəyyən deyildir. Cavabdeh iddiaçının mülkiyyətində olan və özünün faktiki istifadəsində olan torpaq sahəsində ümumi sahəsi 158 kv. metr yaşayış evin inşa etdirmişdir.

28. Cavabdehə məxsus yaşayış evinin sökülməsini təmin edən birinci insansiya məhkəməsi iddiaçının mülkiyyət hüququnun üstün müdafiə edilməli olması qənaətinə gəlmiş, lakin işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra halların müəyyən olunmamasını nəzərə almamış, müəyyən olunmuş bəzi hallara isə düzgün hüquqi qiymət verməmişdir.

29. Belə ki, araşdırılan işdən görünür ki, İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququ 2005-ci ildə dövlət qeydiyyatına alınmasına baxmayaraq, o, uzun müddət həmin sahəyə yiyələnməmiş, torpaq sahəsi ilə maraqlanmamışdır. Torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri onun tərəfindən yalnız 2018-ci ildə başlanmşdır.

30. Qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)- 1009/2018 nömrəli qətnaməsinin məzmunundan da görünür ki, həmin vaxta kimi iddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin sərhədlərini bilməmiş, sərhədlərin müəyyən olunmasına cəhd göstərməmişdir. İddiaçının mülkiyyətində torpaq sahəsinin 0,0552 ha hissəsinin cavabdehin faktiki sahibliyində olması həmin qətnamə ilə, torpaq sahəsində 158 kv. metr ümumi sahəsi olan yaşayış evinin inşa olunması isə qətnamənin icrası zamanı müəyyən olunmuşdur.

31. Cavabdeh həmin torpaq sahəsinin 1997-ci ildən onun istifadəsində olduğunu, orada yaşayış evini inşa etdirdiyini göstərmiş, bu barədə Xaçmaz rayon İcra hakimyyətinin Susayqışlaq İƏV nümayəndəliyi tərəfindən verilmiş sənədlər təqdim etmişdir. Yaşayış evini inşa etdirərkən hesab etmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi özünə məxsusdur.

32. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılarkən iş materiallarında cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində yaşayış evinin inşası zamanı nə iddiaçının özü, nə də aidiyyəti dövlət orqanları tərəfindən hər hansı etirazın olması müəyyən edilməmiş, işə baxan birinci instansiya məhkəməsi də işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən bu məsələni müəyyən etməmiş, yaşayış evinin nə vaxt və kimin razılığı ilə inşa olunması, iddiaçının buna etiraz edib-etməməsi, əgər etiraz etmişdirsə, nə kimi nəticə verməsi, etiraz etməmişdirsə, bunun səbəbləri ilə bağlı tədqiqat aparmamışdır.

33. Nəzərə alınmalıdır ki, bu halların tədqiq edilməsi iddiaçının torpaq üzərində hüququn məhdudlaşdırılmasının (cavabeh tərəfindən yaşayış evi inşa edilməklə) özünün buna susmaqla razılığı ilə, yaxud iradəsi əleyhinə baş verməsinin, son nəticədə yaşayış evinin sökülməsinin kompensasiya verilməklə, yaxud kompensasiya verilmədən həyata keçirilməsinin müəyyən olunmasına əsas verir.

34. Beləliklə, baxılan iş üzrə tətbiq edilməli olan qanunvericiliyin mövqeyindən göründüyü kimi, başqasının mülkiyyət hüququnu pozmaq yolverilməzdir. Bununla belə, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Bu müddəa onu ehtiva edir ki, tikinti başa çatandan sonra həmin tikinti ilə torpaq sahəsinin sərhədi pozulmuş mülkiyyətçi pozucudan (tikinti sahibindən) tikintinin sökülməsini və zəbt olunmuş (tikinti yerləşən) torpaq sahəsinin qaytarılmasını tələb edə bilməz. Belə vəziyyətdə tikinti sahibi istifadə etdiyi özgə torpaq sahəsinin mülkiyyətçisinə ağlabatan əvəz (pul kompensasiyası) ödəməklə həmin (istifadə etdiyi) torpaq sahəsinə mülkiyyət hüququ əldə edə bilər.

35. Şərh olunanlara əsasən konkret halda iddiaçının cavabdehə qarşı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələblərini irəli sürməsi əsassızdır. Belə ki, öz torpaq sahəsində yaşayış evi tikmiş cavabdeh qərəzsiz olaraq, yəni özününkü bildiyi qonşu torpaq sahəsinin sərhədini pozmuş, buna görə ona heç kəs tərəfindən irad və etiraz bildirilməmiş, üstündən xeyli illər keçəndən sonra pozuntu faktını mübahisələndirməyə başlamışdır. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa, onun sökülməsi məsələsi qaldırıla bilər.

36. Halbuki, hazırkı iş üzrə cavabdeh neçə illər bundan əvvəl öz torpaq sahəsində yaşayış evi tikmiş, həmin vaxt tikintinin qonşu torpaq sahəsinə keçməsi bilinməmiş, cavabdeh və ailə üzvləri həmin evdə neçə illər yaşayandan sonra üzərində tikilinin olduğu torpaq sahəsinin sənəd üzrə qonşuya (iddiaçıya) məxsus olduğu ortaya çıxmışdır. Böyük məsrəflər hesabına başa gəlmiş və cavabdehin ailəsi ilə birlikdə yaşayış yeri olan tikilinin sökülərək mübahisəli torpaq sahəsinin iddiaçıya qaytarılması cavabdehə ağır maddi və mənəvi zərər vurmuş olar.

37. Buna görə də hazırda cavabdehin evinin sökülməsi tələbi ədalətsiz və qeyri-humanist yanaşma kimi təzahür edir. Belə halda, qanunvericilikdə (Mülki Məcəllənin 172.3 və 173.3cü maddələri) nəzərdə tutulduğu kimi, sərhədi pozulmuş qonşu (iddiaçı) müəyyən əvəz (pul kompensasiyası) almaqla həmin pozuntuya dözməli və zəbt olunmuş torpaq sahəsinə özünün mülkiyyət hüququnu əvəz müqabilində faktiki sahibə ötürməlidir.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, təsvir olunan vəziyyətdə cavabdehə qarşı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələblərinin irəli sürülməsi həm də hüquqdan sui-istifadə əlamətlərini ehtiva edir. Belə ki, Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3 və 560.3.4-cü maddələrində isə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hallarından biri kimi müəyyən olunmuşdur... Göründüyü kimi, cavabdehə ev tikərkən qonşu torpaq sahəsinə keçdiyi barədə neçə illər ərzində heç bir irad və etiraz bildirilmədiyi üçün o, qonşu torpaq sahələrinin mülkiyyətçiləri ilə normal və mübahisəsiz münasibətlərə güvənmiş olduğu halda indi ona qarşı tikilisinin sökülüb torpaq sahəsindən çıxarılması tələbinin irəli sürülməsi tələbkarın hüquqdan sui-istifadəyə yol verməsinə dəlalət edir.

39. Beləliklə yuxarıda göstərilən xüsusаtlаr və işin faktiki halları əsasında məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(067)-23/2023 nömrəli qətnaməsi, mübahisələndirilən hissədə ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

40. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 386 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(067)-23/2023 nömrəli qətnaməsi qismən, mübahisələndirilən hissədə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “0,06 ha torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin (yaşayış evi) cavabdehin öz vəsaiti hesbına sökülməsi, cavabdehin hesabına torpaq sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi”nə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.(elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar