Məhkəmə qərarları › İş №2(060)-9/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9/2025

19.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9/2025 19.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh1 qarşı iddia qaldıraraq Cavabdeh1 tərəfindən onun hasarına bitişik 3 ədəd inşa edilmiş qanunsuz tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, həmçinin ona dəymiş maddi və mənəvi zərərin aradan qaldırılması üçün 5000 manat məbləğində pul vəsaiti, məhkəməyə müraciət üçün hüquq şirkətinə ödədiyi 989 manat məbləğində xidmət haqqı, 170 manat manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6159 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə, həmçinin özbaşına tikintinin həyata keçirilməsinə hərəkətsizlik edən aidiyyəti orqanların müvafiq əməkdaşları barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 dəqiqləşmə verərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerlşən 2195H və 2195G saylı evlər və 2195V saylı torpaq sahəsində tikilən tikili şəhərsalma və tikinti normaları pozularaq tikildikləri üçün özbaşına tikili hesab olunması, həmin evlərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, həmçinin ona dəymiş maddi və mənəzi zərərin aradan qaldırılması üçün 5000 manat məbləğində pul vəsaiti, məhkəməyə müraciət üçün hüquq şirkətinə ödədiyi 989 manat məbləğində xidmət haqqı, 170 manat manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə, həmçinin özbaşına tikintinin həyata keçirilməsinə hərəkətsizlik edən aidiyyəti orqanların müvafiq əməkdaşları barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən bağ evi və torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Ona mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarış verilmişdir. Cavabdeh, yəni hasar qonşusu öz torpaq sahəsində 3 yeni yaşayış evi inşa edib, evləri ona məxsus torpaq sahəsinin hasarına demək olar bitişik (3 sm ara olmaqla) 2 mərtəbəli inşa etdirmiş və 2-ci mərtəbələrdə onun həyətinə baxan pəncərələr quraşdırmışdır. Cavabdehdən onun evinin hasarına bitişik tikinti aparmağı dayandırmasını tələb etsə də, buna məhəl qoymayaraq işinə davam etmişdir. Bununla bağlı qonşuya müraciət edəndə evin bu qaydada tikilməsinə icra hakimiyyətindən razılığının olduğunu, tikintini dayandırmayacağını və istənilən quruma şikayət etmək hüququnun olduğunu bildirmişdir. Müraciətlərinə məhəl qoymayaraq onun hüquqlarını pozmaqla qanuna zidd əməllərini davam etdirmişdir. Beləliklə onun tərəfindən 6 aydan çox müddət ərzində edilmiş şikayətlər nəticəsiz qalmış, cavabdeh öz tikinti və təmir işlərini davam etdirmiş, dövlət qurumları tərəfindən heç bir addım atılmamış, məsuliyyətin digər qurumda olduğu barədə cavablar göndərilmiş, cavabdehin qanunsuz tikinti və təmir işlərini davam etdirməsinə şərait yaratmışlar. Belə ki, ilkin şikayəti zamanı cavabdeh 2 qanunsuz tikinti inşa etdiyi halda, 6 ay şikayət müddətində əlavə olaraq 1 tikili də inşa edilmiş və həmin tikililər təmir edilmişdir. Bütün bunlardan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin qərəzli hərəkətləri nəticəsində ona maddi və mənəzi zərər dəymişdir. Belə ki, cavabdehin tikdiyi qanunsuz tikili onun öz əmlakından istifadə etmək hüququnu məhdudlaşdırmış, sərbəst istifadə və istirahət hüququna maneə olmuşdur. Həmçinin bu 6 ay müddətində keçirdiyi sarsıntı nəticəsində psixoloji vəziyyətində pozuntu baş vermiş, nevroloji vəziyyətinin bərpası və əsəblərinin sakitləşdirilməsi üçün müalicə almışdır.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, əlavə olaraq bildirdi ki, iddiaçının torpaq sahəsi zəbt etmə məsələsi hazırki iddia tələbinin predmeti deyildir. Bununla bağlı iddia tələbi ilə hər hansısa müraciət olmamış, iddiaçının hər hansısa torpaq sahəsini zəbt edib-etməməsi məsələsi araşdırılmamışdır. Hesab edir ki, həmin məsələ ilə bağlı ekspertizanın keçirilməsi tam əsassızdır. İşlə bağlı əvvəl ekspertiza təyin edilmişdir. Qarşı tərəf sənədləri təqdim etmədiyini bildirir, lakin tərəfindən sənədlər təqdim edilmişdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, iş digər hakimin icraatında olan zaman vəsatətləri əsasında işlə bağlı məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir. İddiaçı tərəf evlərin onun hasarına birləşik şəkildə inşa etdiyini bildirmişdir. Hansı ki, iddiaçının həmin hasarı özbaşına zəbt etdiyini iddia edirlər. Bununla bağlı ekspertiza rəy tərtib edə bilmir, qarşı tərəf isə sənədləri məhkəməyə təqdim etmir. İşin obyektiv həlli üçün ekspert tərəfindən iddiaçının hasarı ona məxsus olan hüdudlarda inşa edib-etməməsi ilə bağlı rəy verilməlidir. 1 ildir ki, ekspertiza rəy verməmiş, qarşı tərəf isə sənəd təqdim etməmişdir.

6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, qeyd olunan torpaq sahələrinin ona heç bir aidiyyəti yoxdur.

7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, qeyd olunan torpaq sahələri ilə hazırda heç bir əlaqəsi yoxdur. Belə ki, əvvəl həmin torpaq sahələrinə aidiyyəti olsa da, artıq mübahisəli torpaq sahələri satılmışdır və mülkiyyətçisi başqa şəxsdir. Həmin ev tikilməmişdən əvvəl çıxarış əldə etmişdirlər. Daşınmaz Əmlakın nümayəndəsi hasarın həmin tikiliyə aid olmadığını bildirdi. Belə ki, sənədlərə əsasən hasar biraz arxa hissədə olmalı idi. Onlara sənəd verilmiş və onun əsasında tikinti işləri aparılmışdır.

8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2195E üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır.

Sumqayıt şəhəri Corat bağları ərazisində yerləşən 2195H saylı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair sənədlər:

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195H saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195H saylı torpaq sahəsi və üzərində yerləşən bağ evi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır.

12. Cavabdeh2 ilə X12 arasında 13 may 2023-cü ildə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195H saylı torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini X2.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195H saylı torpaq sahəsi və üzərində yerləşən sahəsi 63,6 kv.m olan bağ evi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmışdır.

Sumqayıt şəhəri Corat bağları ərazisində yerləşən 2195HG saylı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair sənədlər:

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195G saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır.

15. Cavabdeh2 ilə Cavabdeh3 arasında 24 fevral 2023-cü ildə bağlanmış alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195G saylı torpaq sahəsini Cavabdeh3 satmışdır.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195G saylı torpaq sahəsi və üzərində yerləşən sahəsi 70 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydiyyata alınmışdır.

17. Cavabdeh3 ilə X11 arasında 28 mart 2023-cü ildə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195G saylı torpaq sahəsini və üzərində yerləşən sahəsi 70 kv.m olan 2 otaqlı fərdi yaşayış evini X7 satmışdır. Sumqayıt şəhəri Corat bağları ərazisində yerləşən 2195V saylı torpaq sahəsinə dair sənədlər:

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195V saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Məmmədov Taleh Əbiş oğlunun adına qeydiyyata alınmışdır.

19. 11 iyun 2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Məmmədov Taleh Əbiş oğlu Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195V ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 0,0307 ha hissəsini X3.

20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,0893 ha olan 2195V saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Məmmədov Taleh Əbiş oğlunun adına qeydiyyata alınmışdır.

21. 21 oktyabr 2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Məmmədov Taleh Əbiş oğlu Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195V ünvanında yerləşən 0,0893 ha torpaq sahəsinin 0,0095 ha hissəsini X1.

22. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,0693 ha olan 2195V saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Məmmədov Taleh Əbiş oğlunun adına qeydiyyata alınmışdır.

23. Torpaq sahəsinin bölgüsü haqqında 14 aprel 2021-ci il tarixli müqavilədən görünür ki, Məmmədov Taleh Əbiş oğluna məxsus Corat bağları ərazisi, 2195V ünvanında yerləşən sahəsi 0,0693 ha olan torpaq sahəsinijn 0,0111 ha hissəsi bölünərək İddiaçı verilmişdir.

24. Daşınmaz əmlakın alqı-satqısı haqqında 14 aprel 2021-ci il tarixli, AN-İ ******* saylı müqavilədən görünür ki, Məmmədov Taleh Əbiş oğlu ona məxsus olan Corat bağları ərazisi, 2195V ünvanında yerləşən sahəsi 0,0693 ha olan torpaq sahəsinin 0,0111 ha hissəsini İddiaçı satmışdır.

25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,0582 ha olan 2195V saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Məmmədov Taleh Əbiş oğlunun adına qeydiyyata alınmışdır.

26. Məmmədov Taleh Əbiş oğlu ilə Cavabdeh2 arasında bağlanmış 12 may 2022ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Məmmədov Taleh Əbiş oğlu mülkiyyətində olan 0,0582 ha torpaq sahəsini Cavabdeh2 satmışdır.

27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,0582 ha olan 2195V saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır.

28. Cavabdeh2 ilə X15 arasında bağlanmış 06 may 2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 ona məxsus 0,0095 ha torpaq sahəsini X4.

29. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,0095 ha olan 2195V saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində X10 adına qeydiyyata alınmışdır.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4297 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən 2195V saylı torpaq sahəsində inşa olunan tikiliyə dair texniki pasport, layihə sənədləri təqdim olunmadığına və 2195E saylı torpaq sahəsi ilə qonşuluğu olmadığına görə həmin tikili üzrə tədqiqat aparmağın mümkün olmadığı, həmçinin 2195H və 2195G saylı torpaq sahələrində inşa olunmuş tikililərin, həmin tikililərə dair tərtib olunmuş texniki pasportun göstəricilərinə uyğun olduğunun müəyyən olunduğu, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, 2195H, 2195G və 2195V saylı torpaq sahələrində inşa olunmuş tikililər ilə, həmin tikililərin inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər məsafənin 0,07-0,17 metr olduğunu nəzərə alaraq həmin məsafənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-

1. bəndinin tələbinə uyğun olmadığının müəyyən olunduğu qeyd olunmuşdur.

Tətbiq edilən hüquq:

31. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.0.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. -54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. -54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

32. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.

33. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195E saylı ev İddiaçı məxsusdur. İddiaçı ona məxsus torpaq sahəsi ilə qoşuluqda yerləşən 2195H, 2195G və 2195V saylı torpaq sahələrində inşa edilmiş tikililərin onun hasarına bitişik tikilməklə ara məsafəsi qaydalarını pozması səbəbindən sökülməsini məhkəmədən xahiş edir.

34. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda cavabdeh qismində qoyduğu şəxslər- Cavabdeh2 iddiaçının sökülməsini tələb etdiyi 2195H, 2195G və 2195 V saylı və Cavabdeh3 isə 2195 G saylı torpaq sahələrinin və onu üzərində yerləşən tikililərin əvvəlki mülkiyyətçiləri olmuşlar. Hazırki iş üzrə Cavabdeh1 isə həmin tikililərdən hər hansı birinin mülkiyyətçisi olduğu iş materialları ilə müəyyən edilməmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş sənədlərlə müəyyən edilir ki, halhazırda 2195 H saylı torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin mülkiyyətçisi X12, 2195G saylı torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin mülkiyyətçisi X11, 2195V saylı torpaq sahəsinin mülkiyyətçisi isə X14r.

35. Qeyd edilən torpaq sahələri və üzərində yerləşən tikililərdən 2195 H və 2195V saylı torpaq sahələri iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman Cavabdeh2, 2195G saylı torpaq sahəsi isə Cavabdeh3 mülkiyyətində olmuş, hazırki mübahisə üzrə mülki iş məhkəmənin icraatında olduğu dövrdə özgəninkiləşdirilmişdir. İddia ərizəsi verilən zaman və ya ondan əvvəl iddiaçı həmin torpaq sahələrinin başqa şəxslərə özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair müvəqqəti təminat tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməmişdir.

36. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkilinə cavabdehlərin əsl cavabdehlərlə əvəz edilməsi təklif edilmiş, lakin o, cavabdehlərin başqa cavabdehlərlə əvəz edilməsinə razı olmadığını bildirmişdir.

37. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilənəvəz edə bilər; 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

38. İstinad olunan prosessual normaların tələblərindən göründüyü kimi, iş üzrə tərəflər yalnız iddiaçı və cavabdehdir. Tələb etmək hüququ olan şəxs iddiaçı, iddiaya cavab vermək vəzifəsi olan şəxs isə cavabdehdir.

39. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır.

40. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə müvafiq qərar verə bilər.

41. Məhkəmə həmçinin qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur.

42. İddianın əsaslılığı məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddia ona cavab verməli olan subyektlərə (torpaq sahələrinin və tikililərin mülkiyyətçilərinə) qarşı irəli sürüldüyü halda, iddianın əsaslı olub-olmaması məsələsinə hüquqi qiymət verilə bilər. İddia ona cavab verməli olmayan şəxslərə qarşı qaldırıldığından iddia təmin edilməməlidir.

43. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

44. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.

Nəticə:

45. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tətdiqatına görə 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar