Məhkəmə qərarları › İş №2(001)-4809/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4809/2022

28.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4809/2022 28.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi və onun vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında 1998-ci ildən daimi yaşama faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 08 sentyabr 1981-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur. O, atası ilə birlikdə 1998-ci ildə Azərbaycan Respublikasına gəlmişdir. O, həmin dövrdə yetkinlik yaşına çatmadığından Sərhəd Xidmətini doğum haqqında şəhadətnaməsi ilə keçmişdir. Atası onu Qazax rayonunda qohumlarının yanında qoyub Gürcüstana qayıtmış və o, uzun müddət qohumları ilə yaşamışdır. Buna səbəb anası rəhmətə getmişdir və ögey ana ilə yaşamasın deyə qohumları onu öz yanlarında saxlamışlar. O, Azərbaycana gəldikdə 17 yaşı tamam deyildi. Həddi büluğa çatdıqdan sonra onu fəhlə kimi günəmuzd işə düzəltmişlər, o, işləmiş, daha sonra el adəti ilə 2008-ci ildə Azərbaycanda Aysel Paşayeva ilə evlənmişdir. Həmin nikahdan iki övladı 10 avqust 2009-cu ildə X8 və 31 may 2013-cü ildə isə X12 dünyaya gəlmişdir. X11 vətəndaşı olduğundan hər iki uşaq Gürcüstan Respublikasında doğulmuşdur. Övladları dünyaya gələn zaman şəxsiyyətini təsdiq edən sənədə ehtiyac olduqda, şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etmiş, lakin bəlli olmuşdur ki, o, Azərbaycan Respublikasında şəxsiyyət vəsiqəsi ala bilməz. Ona görə hər iki övladı Ayselin soyadını daşıyır. Bundan sonra bir çox yerə müraciət etsə də Gürcüstandan vəsiqə ala biləcəyini bildirdilər. 2020-ci ildə Azərbaycan Respublikasında və dünyada pandemiya ilə bağlı qapanma olduğundan sənədləşmə işi yenə qaldı. 07 oktyabr 2021-ci ildə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək mənsubiyyət arayışı almışdır ki, Azərbaycan Respublikasının vətəndaşı deyil. Daha sonra 11 fevral 2022-ci ildə Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vətəndaşlığın olmaması ilə bağlı arayış almışdır. Bəlli olmuşdur ki, faktiki heç bir dövlətin vətəndaşı deyil. O, Azəbaycan Respublikasında 1998-ci ildən daimi fasiləsiz olaraq yaşayır. Bunu şahid ifadələri və foto, video vasitələri ilə sübuta yetirmək mümkündür. Mövcud qanunvericiliyin tələbinə əsasən o, 2006-cı ilin yanvar ayının 1-dək və hal-hazırda da Azərbaycan Respublikasında daimi yaşadığından və hər hansı başqa dövlətin vətəndaşı olmadığından bu fakt məhkəmə qaydasında təsdiq olunarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul oluna bilər. Məhkəmə iclasında iştirak edən ərizəçi və onun vəkili yuxarıda qeyd olunan məzmunda izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Həmçinin ərizəçi ona verilmiş suala cavab olaraq bildirdi ki, 2010-cu ildə o, istirahət üçün ailəsi ilə birlikdə Gürcüstan Respublikasına getmək istəsə də, o, sərhəddə saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə, yəni ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən edilməsinə etiraz etmədiklərini bildirdi. Bu barədə məhkəməyə ərizə də təqdim edilmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, ərizəyə əvvəl etiraz etmələrinin səbəbi o idi ki, elektron sistemdə ərizəçinin sərhəddən çıxışı qeydə alınmışdır. Lakin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin məktubundan məlum oldu ki, ərizəçi 10 iyul 2010-cu il tarixdə Azərbaycan Respublikasından çıxış istiqamətində hərəkəti zamanı saxlanılaraq Qazax Rayon Polis Şöbəsinə təhvil verilmiş, nəticə etibari ilə ölkəni tərk etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş Aysel Paşayeva (Aısel Fashaeva) ifadəsində bildirmişdir ki, o, ərizəçinin arvadıdır. Onlar 2008-ci ildən faktiki nikah münasibətindədirlər. Onlar el adət ənənəsi ilə ailə qurub evlənmişlər. Ərizəçi həm də onun anasının dayısı oğludur. Ərizəçi 1998-ci ildən Azərbaycan Respublikasında yaşayır. Ərizəçi əvvəllər qohumları ilə birlikdə Qazax rayonunda yaşamış, daha sonra isə Bakı şəhərində yaşamağa başlamışdır. Ailə qurduqdan sonra o, Gürcüstan Respublikasına gedib-gəlsə də, ərizəçi heç vaxt gedə bilməmişdir. Nikahlarından olan uşaqları onun soyadını daşıyır. Hazırda onlar Bakı şəhərində yaşayırlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Elvin Paşayev (Pashaev Elvın) ifadəsində bildirmişdir ki, ərizəçi onun həm bacısının əri, həm də anasının dayısı oğludur. Ərizəçi ilə bacısı 2008-ci ildə ailə qurmuş və iki uşaqları dünyaya gəlmişdir. Onlar hazırda Bakı şəhərində yaşayır, uşaqları Bakı şəhərində məktəbdə oxuyurlar. Bacısı ailə qurduqdan sonra Gürcüstan Respublikasına gedib gəlsə də, Tural heç vaxt gedə bilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun bibisinin nəvəsidir. Ərizəçi 1998-ci ildə Gürcüstandan Azərbaycan Respublikasına gəlmiş və hal-hazırki vaxta qədər respublikanı tərk etməmişdir. Ərizəçi gəldiyi vaxt Qazax rayonunda qohumlarının yanında qalmış, daha sonra işləmək üçün Bakı şəhərinə gəlmişdir. O, ərizəçi ilə həmişə yaxşı qohumluq münasibətdə olmuş və gediş-gəlişləri çox olmuşdur. Onlar birlikdə qohumlarının xeyir-şər məclislərində iştirak etmişlər. Ərizəçi 2008-ci ildə Aysel xanımla ailə həyatı qurmuş və iki uşaqları olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun ana tərəfindən qohumudur. Ərizəçi ilə yaxın dostluq münasibətindədir. Ərizəçi 1998-ci ildə atası ilə birlikdə Gürcüstandan gəlmiş və onun nənəsinin yanında qalmışdır. Daha sonra isə işləmək üçün Bakı şəhərinə gəlmişdir. O, ərizəçiyə iş tapmasında köməklik etmiş, hətta bir müddət birlikdə işləmişlər. Hazırda ərizəçi evlidir və iki uşağı var. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun tanışıdır. Belə ki, ərizəçi işləmək üçün Qazax rayonundan Bakı şəhərinə gələndə onun evində kirayəçi kimi qalmışdır. Ərizəçi 2002-ci ildən 2008-ci ilə qədər onun evində kirayədə yaşamış, daha sonra isə ailə həyatı quraraq onun evindən köçmüşdür. Hazırda ərizəçi evlidir və iki uşağı var. İş materiallarında olan: DSİA Marneuli VR Xidməti tərəfindən verilmiş **********0 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, 08 sentyabr 1981-ci il təvəllüdlü Ərizəçi doğum yeri – Gürcüstan, Marneuli, vətəndaşlığı -, valideynləri İbrahim Ayvazov və Qənirə Şərifovadır. VRA-nin Marneuli Xidməti tərəfindən verilmiş NK 971659 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, 05 avqust 2009-cu il təvəllüdlü Qənirə Paşayevanın doğum yeri – Gürcüstan, Tbilisi, vətəndaşlığı Gürcüstan, valideynləri Tural Paşayev və Aysel Paşayevadır. DSİA Marneuli VR Xidməti tərəfindən verilmiş **********3 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, 31 may 2013-cü il təvəllüdlü Tunar Paşayevin doğum yeri – Azərbaycan, vətəndaşlığı Gürcüstan, anası Aysel Paşayevadır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” 07 oktyabr 2021-ci il tarixli ******* saylı arayışından görünür ki, 08 sentyabr 1981-ci il təvəllüdlü Ərizəçi 208527/m nömrəli, 24 sentyabr 2021-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin 11 fevral 2022-ci il tarixli arayışının tərcümə edilmiş surətindən görünür ki, Ərizəçi “Gürcüstan Vətəndaşlıq haqqında” Gürcüstan orqan qanununun 30-cu maddəsinin “b” bəndinə müvafiq olaraq, Gürcüstan Ədliyyə Nazirliyinin X3 Agentliyinə təqdim olunan və əldə edilən sənədlərə əsasən Gürcüstan vətəndaşı hesab olunmur. Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 24 may 2022-ci il tarixli arayışdan görünür ki, X10 və Ayvazov X5 rayonu, 1-ci mədən, korpus 26, ev 188-də müvəqqəti qeydiyyatdadırlar. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin sərhədkeçmə barədə elektron çıxarışından görünür ki, Ayvazov (Aıvazov) Tural İbrahim oğlunun GG ******* nömrəli sənədlə 10 iyul 2010-cu il tarixdə, saat 21:32:00 da “Şıxlı” sərhəd məntəqəsində çıxış istiqaməti olmuşdur. Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin konsulunun məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 13 sentyabr 2022-ci il tarixli, 12/27879 nömrəli məktubdan görünür ki, Gürcüstanın Dövlət Xidmətinin X1 və Miqrasiya Xidmətindən daxil olan məlumata əsasən, 08 sentyabr 1981-ci il təvəllüdlü Ərizəçi Gürcüstan vətəndaşlığını qəbul etməyib və Gürcüstan vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 17 oktyabr 2022-ci il tarixli, 33/4111 nömrəli məktubdan görünür ki, 08 sentyabr 1981-ci il təvəllüdlü Ayvazov (Aıvazov) Tural İbrahim oğlunun dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 16 noyabr 2022-ci il tarixli, 33/4487 nömrəli məktubdan görünür ki, 08 sentyabr 1981-ci il təvəllüdlü Ayvazov (Aıvazov) Tural İbrahim oğlu 10 iyul 2010-cu il tarixdə çıxış istiqamətində hərəkəti zamanı saxlanılaraq Qazax Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, Ərizəçi 2003, 2006, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2015, 2016-ci illərdə “Altay”, “Aura”, “Golden Ring”, “Banıçiçək”, “Ağ Saray”, “Sona” “Fəridə”, “Şəlalə Avropa zalı” “Nizami Kinoteatrı” adlı restoranlarda qohumları ilə birlikdə müxtəlif məclislərdə iştirak etmişdir. Həmçinin, fotoşəkillər arasında ərizəçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının (əvvəlki adı Milli Bank) qarşısında da fotoşəkli vardır. 06 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün ərizəçinin vəkili Vəkil tərəfindən məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsininin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 08 sentyabr 1981-ci il təvəllüdlü Ərizəçi 1998-ci ildə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gəlmiş, əvvəl Qazax rayonunda qohumlarının yanında, daha sonra isə Bakı şəhərində yaşamış, 2008-ci ildə Aysel Paşayeva ilə ailə həyatı qurmuş, onların faktiki nikahından iki uşaqları anadan olmuşdur. Ərizəçi 10 iyul 2010-cu il tarixdə ölkə sərhədindən çıxış etmək istəsə də, o, saxlanılmış və Qazax Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Hazırda ərizəçi ailəsi ilə birlikdə Bakı şəhərində yaşamaqla, müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 26, ev 188-də qeydiyatdadırlar. Bunlardan əlavə o da müəyyən edildi ki, ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. Ona görə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 08 sentyabr 1981-ci il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1998-ci ildən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə hesab edir ki, ərizəçinin vəkili tərəfindən hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 08 sentyabr 1981-ci il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1998-ci ildən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin vəkili Vəkil aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar