Məhkəmə qərarları › İş №2(001)-4843/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4843/2020

04.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4843/2020 04.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsinə köçürülmə, yaşayış sahəsindən istifadə hüququnun tanınması və qeydiyyata alınma” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vaxtı ilə onun ata və ana mülki olan hazırda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus olan ünvan 1 ünvanına köçürülməsi, həmin evdən istifadə hüququnun tanınması və qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, şəxsin pasport qeydiyyatına alınması barədə tələbə (iddiaya) rayon (şəhər) məhkəmələri tərəfindən deyil, inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Bununla belə, qeyd olunmalıdır ki, iddiaçı pasport qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin aidiyyəti struktur qurumuna müraciət etməli və bundan imtina edildiyi halda müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 153-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsinə köçürülmə, yaşayış sahəsindən istifadə hüququnun tanınması və qeydiyyata alınma” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı “yaşayış sahəsinə qeydiyyata alınma” tələbinə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması, habelə tələbini bu hissədə azaltmaqla digər tələblərlə yenidən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar