Məhkəmə qərarları › İş №2(001)-4855/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4855/2023

20.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4855/2023 20.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “hüquqi faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə, daha sonra ərizəyə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli AZ-İ seriyalı 935813 nömrəli ölüm haqqında şəhadətnamənin X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, yeganə qanun vərəsəsi kimi 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək mərhum anasından və mərhum bacısından qalmış həyətyanı torpaq sahələrini və fərdin evin mirasın faktiki qəbulunun təsdiqi kimi vərəsəlik şəhadətnaməsini alınmasını istəmişdir. 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 1203 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə onun mərhum anası X2 ölüm haqqında şəhadətnamədə soyadı “Ələsgərova”, onun doğum haqqında şəhadətnaməsində isə anasının soyadı “Bayramova” kimi qeyd edilmişdir. Eləcə də mərhum bacısı X4 doğum haqqında şəhadətnamədə eyni ilə anasının soyadı “Bayramova” kimi qeyd edilmişdir. Buna görə də onun mərhum anasına qanuni vərəsə kimi hüquqlarının tanınmasında müəyyən çətinliklər yaratmışdır. Buna görə də o, qanuni vərəsə kimi hüquqlarının tanınması üçün mərhum anasının soyadını bütün sənədlərdə Bayramova deyil, Ələsgərova olmasını məhkəməyə müraciət etməklə tanıda bilər. Belə ki, mərhum anası rəsmi nikahda olmamış, onun qız soyadı isə Ələsgərova olmuşdur. Sadəcə onun və mərhum bacısının doğum haqqında şəhadətnamələrində anasının rəsmi nikahda olması güman edələrək ana qrafasında atasının soyadı olan Bayramova yazılmışdır. Hal-hazırda o, qanuni vərəsə kimi vərəsəlik şəhadətnaməsinin alınması üçün qohumluq faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Qohumlarının hamısı hazırki faktı şahid qismində təsdiq edə bilərlər. AZ-İ seriyalı 935813 saylı ölüm haqqında şəhadətnamədə mərhum anası X2 20 iyun 2018-ci il tarixdə ölümünün səbəbi “kariogen şok, miokardın kəskin infarktı” diaqnozu ilə rəhmətə getməsi öz əksini tapmışdır. Onun 191 nömrəli doğum haqqında akt qeydində anasının soyadı Ələsgərova deyil, X11 yazılması öz əksini tapmışdır. Mərhum bacısı X4 39 nömrəli doğum haqqında akt qeydində anasının soyadı Ələsgərova deyil, X11 yazılması öz əksini tapmışdır. Mərhum anası Aminə Ələsgərova 20 iyun 2018-ci il tarixədək subay olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, o, ərizəçinin bibisidir. X1 onun qardaşının həyat yoldaşı olmuşdur. Onun soyadı “Ələsgərova” olmuş, sənədlərdə səhv olaraq Bayramova yazılmışdır. X8 2018-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, o, ərizəçinin xalası qızıdır. X1 onun xalası olmuşdur. Onun soyadı “Ələsgərova” olmuş, sənədlərdə səhv olaraq Bayramova yazılmışdır. Xalası 2018-ci ildə vəfat etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, onun anasının, yəni mərhumun bacısının da soyadı Ələsgərovadır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Goranboy rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi xx xxxxxx 1960-cı ildə Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olmuşdur. AZ-İ seriyalı 935813 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Goranboy rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X5 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. A.Ələsgərova öldüyü xx.xx.2018-ci il tarixədək subay olmuşdur. Goranboy rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X7 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. S.Bayramova öldüyü xx.xx.2022-ci il tarixədək subay olmuşdur. Goranboy rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X12 30 yanvar 1958-ci ildə Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olmuşdur. 25 aprel 2022-ci ildə vəfat etmiş S.S.Bayramovanın ölümü 04 may 2022-ci il tarixdə 300 nömrəli akt qeydi ilə Goranboy rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. AZ-İİ seriyalı 270926 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Ərizəçi xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, onun təqdim etdiyi sənədlərdən məlum olunmuşdur ki, anası - X2 ölüm haqqında şəhadətnaməsində soyadı “Ələsgərova”, onun doğum haqqında sənədində isə anasının soyadı “Bayramova” kimi qeyd edilmişdir. Ona görə də onun anasına vərəsə kimi tanınmağı çətinlik yaradır. Bu uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunur. xx.xx.2005-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X8 ölən günədək ona məxsus olan Əzizbəyov kəndində olan iki otaqdan ibarət yaşayış evi, tövlə, həyətyanı və pay torpağını oğlu Ərizəçi vəsiyyət etmişdir. xx.xx.1960-cı il tarixli 191 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə doğulmuş, ana qrafasında “X11” yazılmışdır. xx.xx.1958-cı il tarixli 39 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X14 xx.xx.1958-cı il tarixdə doğulmuş, ana qrafasında “X11” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi X2 oğludur. Belə ki, AZ-İ seriyalı 935813 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Lakin xx.xx.1960-cı il tarixli 191 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə doğulmuş, ana qrafasında “X11” yazılmışdır. Ərizəçi vərəsəliklə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional «ASAN xidmət» mərkəzində notariat ofisinə müraciət etmiş, lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, onun təqdim etdiyi sənədlərdən məlum olunmuşdur ki, anası - X2 ölüm haqqında şəhadətnaməsində soyadı “Ələsgərova”, onun doğum haqqında sənədində isə anasının soyadı “Bayramova” kimi qeyd edilmişdir. Ona görə də uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, AZ-İ seriyalı 935813 nömrəli ölüm haqqında şəhadətnamənin X10 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. AZ-İ seriyalı 935813 nömrəli ölüm haqqında şəhadətnamənin xx.xx.2018-ci il tarixdə vəfat etmiş X10 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar