Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4859/2023 31.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası və Cavabdeh1 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi ünvanında yerləşən 7/19 saylı evin 113 nömrəli mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi ünvanında yerləşən 7/19 saylı evin 113 nömrəli mənzili ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmaqla onun şəxsi mülkiyyətindədir. 30 sentyabr 2013-cü il tarixdə AN-№ 032119 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin mənzili alqı-satqı yolu ilə Cavabdeh1 satın almışdır. Həmin mənzil xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 onun mərhum qayını X1 həyat yoldaşı olmuşdur. Onlar arasında olan nikah xx.xx.2001-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh1 ilə mərhum qaynı arasında olan nikah pozulmuş olsa da, həmişə ailələri arasında xoş münasibət olmuşdur. Bu səbəbdən də, mənzili alqı-satqı etdikləri zaman Cavabdeh1 öhtəsində azyaşlı qızı, indiki Cavabdeh2 olduğu üçün və onların köçüb yaşamağa başqa mənzilləri olmadığını və xoş münasibətləri nəzərə alaraq cavabdehlərin onun mülkiyyətində olan mənzildə bir müddət yaşamaqlarına icazə vermişdir. Həmin vaxtdan bu günki günə qədər cavabdehlər sözügedən mənzildə yaşayırlar. Bu yaxınlarda cavabdehlərdən mənzili boşaldıb qeydiyyatdan çıxarılmalarını xahiş etsə də, cavabdehlər mənzildən çıxmayacaqlarını ona bildirmişlər. Cavabdehlər ona öz şəxsi mülkündən rahatlıqla istifadə etmək imkanı vermirlər, bu da onun dövlət tərəfindən qanunla qorunan hüquqlarının pozulması deməkdir. Bu səbəbdən də, mövcud tələb ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh-iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında tərəfindən çəkilmiş təmir xərcinin əvəzi kimi 20000 (iyirmi min) manat pulun və 14400 (on dörd min dörd yüz) manat pulun cavabdeh İddiaçı Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh-iddiaçının nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsi üzrə dəqiqləşdirilmə verərək, ünvan 1 ünvanında tərəfindən çəkilmiş təmir xərcinin əvəzi kimi 20000 (iyirmi min) manat pulun və 14400 (on dörd min dörd yüz) manat kompensasiyanın cavabdeh İddiaçı Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının qayını X5 ilə rəsmi nikahları 1997-ci ilin mart ayında qeydə alınmışdır. Həmin ilin dekabr ayında birgə nikahlarından X4 anadan olmuşdur. Sonradan 2000-ci ildə yaşadığı və qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzili birgə nikah dövründə əldə etmişlər. Sadəcə olaraq gələcəkdə baş verə biləcək neqativ halları nəzərə almadan mənzili baldızı X3 adına 15 illik etibarnamə verdiyi üçün yoldaşı İddiaçı adına rəsmiləşdirərək və onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə ediblər. İddiaçı heç vaxt hazırki mənzildə yaşamamış və həmin mənzilin əldə edilməsində heç bir maddi vəsaiti olmamışdır. Sözügedən mənzildə o, keçmiş həyat yoldaşı ilə birgə nikahda olan zaman alınmış və həmin vaxtdan övladı ilə birlikdə yaşamışlar. Bununla da həmin mənzilə onun istifadə hüququ yaranmışdır. Əsas məqam ondan ibarətdir ki, o 2000-ci ildən həmin mənzilə köçmüş və mütəmadi olaraq həmin mənzildə tərəfindən təmir işləri aparılmışdır. Sonuncu dəfə 2014cü ildə həmin mənzili təmir etməyə başlamış və mənzilin təmiri 2016-cı ildə yekunlaşmışdır. Təmir xərclərinə ümumilikdə 25000 manat miqdarında vəsait xərcləmiş və bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə mütəxəssis rəyi tərtib edilmiş və mənzilin təmirinə çəkilmiş xərcin dəyəri 20320 manat müəyyən edilmişdir. Əlavə olaraq, həmin xərcin onun tərəfindən ödənilməsini təsdiq edəcək şahidlər vardır. Hesab edir ki, tərəfindən həmin mənzilə çəkilən xərc mənzilin şəraitini yaxşılaşdırmaqla onun bazar dəyərini faktiki olaraq artırdığından və onun həmin mənzildən istifadə hüququ olduğu üçün həmin təmir xərci cavabdehdən tutularaq ona ödənilməlidir. Tərəfindən mənzildə aparılmış təmir nəticəsində mənzilin bazar dəyəri kifayət qədər artmışdır. Həmçinin həmin mənzildə olan istifadə hüququ kompensasiya verilməklə xitam verilə bilər. Qeyd edir ki, mənzilin yerləşdiyi ərazi üzrə evlərin kirayə dəyəri 400-450 manat civarında olduğu üçün son 3 ilin kompensasiya məbləği 14400 manat edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək, iddianın təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Qeydiyyat tarixi xx.xx.2013-cü ildir. AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən, yaşayış sahəsi 29.47 kv. metr təşkil edən 2 otaqdan ibarət mənzil 30000 manata İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cüil tarixli arayışlarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadırlar. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən ünvan 4 ünvanında yerləşən 113 saylı mənzilin təmirtikinti işlərinə çəkilmiş xərcin məbləği 12 sentyabr 2023-cü il tarixinə 20320 manat təşkil edir. Qaimə-fakturaların surətlərindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2012-ci il tarixdə 322 manat, xx.xx.2012-ci il tarixdə 498,9 manat, xx.xx.2013-cü il tarixdə 73 manat, xx.xx.2013-cü il tarixdə 580 manat, xx.xx.2013-cü il tarixdə 74 manat, xx.xx.2013-cü il tarixdə 192 manat, xx.xx.2013-cü il tarixdə 1598,50 manat dəyərində mal alınmışdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ilkin iddia tələbi üzrə iddiaçı mübahisə predmeti təşkil edən mənzilin xüsusi mülkiyyətçisidir. Cavabdehlərə qeyd edilən evdə müvəqəti yaşamaq üçün iddiaçı tərəfindən icazə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, hazırda cavabdehlər iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan mənzili zəbt etməklə iddiaçının həmin mənzildən istifadə etməsinə maneə yaradırlar. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, ev 7/19 ünvanında yerləşən 113 saylı mənzildən çıxarılmalıdırlar. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Qarşılıqlı iddiaya gəlincə məhkəmə hesab edir ki, ilkin olaraq Cavabdeh1 mənzilə çəkilən təmir xərclərinin əvəzi olaraq 20000 (iyirmi min) manat pulun onun xeyrinə tutulasmı hissəsində rədd edilməlidir. Belə ki, sözügedən mübahisəli mənzilə təmir xərclərinin çəkildiyi məlumdur. Lakin təmir xərclərinin məhz cavabdeh-iddiaçı tərəfindən həyata keçirildiyi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM- in 81 -ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1087-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən mənzildə təmir işləri həmin mənzilin mülkiyyətçisinin razılığı olmadan aparılmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh-iddiaçı mənzili təmir etdirməklə öz yaşayış şəraitini yaxşılaşdırmışdır. Bundan başqa qarşılıqlı iddia tələbinin iddiaçı-Cavabdeh1 14400 (on dörd min dörd yüz) manat kompensasiyanın onun xeyrinə tutulması hissəsindədə təmin edilməməlidir. Belə ki, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Hazırda qarşılıqlı iddia tələbi üzrə iddiaçı mənzil mülkiyyətçisi olmadığı üçün hazırki tələb üzrə məhkəmədə iddia qaldırması əsassızdır. kompensasiya verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, ev 7/19 ünvanında yerləşən 113 saylı mənzildən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh1 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşlıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-4859/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4859/2023
31.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver