Məhkəmə qərarları › İş №2(001)-4866/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4866/2020

24.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4866/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pasport qeydiyyatına xitam verilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 2 saylı evin 51 saylı mənzilindən pasport qeydiyyatına xitam verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 2 saylı evin 51 saylı mənzili xx xxxx 2019-cu il tarixdə onun xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Hazırki iş üzrə cavabdeh onun oğludur. Cavabdeh həmin mənzildə qeydiyyatda olmaqla onunla birlikdə yaşamışdır. xx xxxxxx 2015-ci il tarixdə Fuad Abşeron rayonu 2 saylı Notariat Ofisinə verdiyi ərizədə göstərmişdir ki, ondan və atası X1 özünə düşən vərəsəlik payını bütünlükdə almışdır. Valideynləri əmlak payını satdıqda həmin mülklərə dair heç bir iddiası olmayacaq və gələcəkdə heç bir məhkəmə orqanlarına iddia ərizəsi ilə müraciət etməyəcəkdir. Bundan başqa, Cavabdeh notariat ofisinə verdiyi **********716 saylı ərizəsində bildirmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış bütün əmlaklardan ona çatan miras payından anasının, yəni onun xeyrinə imtina edir. Digər tərəfdən, öz xətti ilə yazdığı iltizamda göstərmişdir ki, “ ... mən Cavabdeh öz imzamla təsdiq edirəm ki, atam İslamov Ehtibardan tam vərəsəlik payımdan qalan 2000 manat pulu sayaraq aldım. Bir də onu bildirirəm ki, ata evində olduğum qeydiyyatdan çıxmaq istəyirəm və çıxacam. Bunları imzamla təsdiq edirəm...” Ayrıldıqdan sonra Fuad onunla vəailə üzvləri ilə mütəmadi əlaqə saxlamır, lakin iddia tələbində göstərilən mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdehin həmin evdə formal xarakterli qeydiyyatı ona mülkiyyəti barədə sərəncam verməyə mane olur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, notariat ofisində məlum ərizələri yazarkən anası ona evdən pay veriləcəyini bildirmiş, lakin sonradan heç bir pay verilməmişdir. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 2 saylı evin 51 saylı mənzili xx xxxx 2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən Abşeron rayonu 2 saylı Notariat Ofisinə ünvanlandırılmış ərizədə göstərilmişdir ki, “valideynlərim anam İddiaçı və atam X1 mənə düşən vərəsəlik payımı bütünlükdə aldım. Valideynlərim əmlak payını satdıqda həmin mülklərə dair heç bir iddiam olmayacq və gələcəkdə heç bir məhkəmə orqanlarına iddia ərizəsi ilə müraciət etməyəcəm.” Cavabdeh tərəfindən Bakı şəhəri 32 saylı Notariat ofisinə ünvanlandırılmış **********716 nömrəli ərizədə göstərilmişdir ki, “xx.xx.2018-ci ildə ölmüş atam X1 miras qalmış bütün əmlaklardan mənə çatan miras payından İddiaçı xeyrinə imtina edirəm. Gələcəkdə pay tələbi ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyəcəm.” Cavabdeh tərəfindən yazılmış sadə yazılı iltizamda göstərilmişdir ki, “Mən Cavabdeh öz imzamla təsdiq edirəm ki, atam İslamov Etibar oğlundan tam vərəsəlik payımdan qalan 2000 manat pulu sayaraq aldım. Bir də onu bildirirəm ki, ata evində olduğum qeydiyyatdan çıxmaq istəyirəm və çıxacam. Bunları öz imzamla təsdiq edirəm.” Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. 140 nömrəli Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 118 nömrəli arayışdan görünür ki, Cavabdeh iddia tələbində göstərilən mənzildə qeydiyyatdadır. Məhkəmə hazırki mübahisə ilə bağı aşağıdakıları qeyd etməyi zəruri bilir: İlk növbədə bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehin evdə pasport qeydiyyatında qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi şəxsin məhkəmə qaydasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə və yaxud evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə qəbul edildikdə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa əsas verir. Hazırkı halda isə tələb cavabdehin istifadə hüququna xitam verilməsi ilə bağlı deyil onun pasport qeydiyyatına xitam verilməsi ilə bağlıdır ki, bu növ tələblə mülki məhkəmə icraatı qaydasında deyil inzibati məhkəmə icraatı qaydasında inzibatı orqana qarşı tələb irəli sürülməklə baxıla bilər. Belə olan halda məhkmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pasport qeydiyyatına xitam verilməsi tələbinə dair iddiası rədd edilsin və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar