Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4870/2021 20.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı X2, Cavabdeh 18 saylı Bakı Peşə Liseyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X2 cavabdeh 18 saylı Bakı Peşə Liseyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzürlü hesab edilməsi, cavabdeh 18 saylı Bakı Peşə Liseyinin 23-5/20 saylı, 16 sentyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun 18 saylı Bakı Peşə Liseyinə İstehsalat təlim ustası vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X6 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh 18 saylı Bakı Peşə Liseyinin nümayəndəsi X7 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz ərizəsi təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı 02 sentyabr 2013-cü il tarixdə 18 nömrəli Bakı Peşə liseyinə istehsalat təlimi ustası vəzifəsinə təyin edilmişdir. 02 oktyabr 2018-ci il tarixdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin 2018-2019-cu tədris ili üçün təsdiq etdiyi qəbul planında kompüter operatoru ixtisası üzrə büdcə hesabına qrup nəzərdə tutulmadığı və büdcədənkənar kompüter operatoru qrupu yığılmadığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 02 oktyabr 2018-ci il tarixdə xitam verilmişdir. Bundan sonra iddiaçı 19 dekabr 2018-ci il tarixdə müddətli əmək müqaviləsi ilə yenidən liseyə istehsalat təlimi ustası vəzifəsinə təyin edilmiş, əmək müqaviləsinə müddət bitdiyi üçün yəni, 16 sentyabr 2020-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bu səbəbdən iddianın təmin edilməsi üçün hər hansı əsas yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı X6 ilə cavabdeh 18 saylı Bakı Peşə Liseyi arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı 03.09.2013-cü il tarixdən liseyin istehsalat təlimi ustası vəzifəsinə təyin edilmişdir. İddiaçının 02.10.2018-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra 19.12.2018-ci il tarixdə tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı yenidən istehsalat təlimi ustası vəzifəsinə təyin edilmiş, həmin müqavilənin müddəti bir neçə dəfə, sonuncu dəfə isə 15.09.2020-ci il tarixədək uzadılmış və 16.09.2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” hissəsinə əsasən, yəni əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Hazırda iddiaçı cavabdehlə aralarında ilk əmək müqaviləsinin müddətsiz bağlanmasına baxmayaraq, sonradan onunla yenidən, lakin artıq müddətli əmək müqaviləsinin bağlandığını və bu halın, yəni onunla müddətli əmək müqaviləsinin bağlanmasının qanunsuz olduğunu iddia edir və onunla bağlanmış əmək müqaviləsinin müddətin bitməsi əsası ilə ləğv edilməsini qanunsuz hesab edərək, bu barədə əmrin ləğv edilməsini, tutduğu vəzifəyə işə bərpa edilməsini və məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qüvvədə olan əmək məcəlləsinin tələblərinə uyğun olaraq ləğv edildiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 16-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; 16-cı maddəsinin 4-cü hissəsinə əsasən ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər; 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir; 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında 02.09.2013-cü il tarixdə əmək müqaviləsi müddətsiz bağlanmış və bundan sonra həmin müqaviləyə 02.10.2018-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, yəni işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə ləğv edilsə də, bundan 2 ay 17 gün sonra, yəni 19.12.2018-ci il tarixdə aralarında bağlanmış yeni, lakin artıq müddətli əmək müqaviləsinə əsasən iddiaçı yenidən istehsalat təlimi ustası vəzifəyə işə qəbul edilmişdir. Hər bir halda, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi belə bir qısa müddətdə iddiaçının yenidən eyni vəzifəyə işə qəbul edilməsini istisna etməlidir. Digər tərəfdən 19.12.2018-ci il tarixdə əmək müqaviləsi müddətli, yəni 6 ay müddətinə bağlansa da, müddət bir neçə dəfə uzadılmış və müddət etibarı ilə iddiaçı 1 il 9 ay müddətində cavabdehlə əmək münasibətlərində olmuşdur. İddiaçının tutduğu istehsalat təlimi ustası vəzifəsi iddiaçı ilə ilk müqavilə bağlandığı tarixdən əvvəl də mövcud olmuş və hazırda da mövcuddur. Liseydə əmək fəaliyyəti ilə məşğul olan bütün, o cümlədən belə vəzifələr tutan işçilərin hər biri ilə əmək müqavilələri müddətli bağlanmamışdır. Məsələn, cavabdehin nümayəndəsi qismində çıxış edən X7 ilə əmək müqaviləsi müddətsiz bağlanmışdır. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verməsi hüququnu reallaşdırmaqla yanaşı qismən olsa da iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol vermiş olmuşdur. İddiaçı ilə əmək müqaviləsinin 19.12.2018-ci il tarixdə müddətli bağlanması ilə bağlı məhkəmə vurğulayır ki, iddiaçı 02.09.2013-cü il tarixdən (02.10.2018-ci il tarixdən 19.12.2018-ci il tarixədək müddət istisna olmaqla) 16.09.2020-ci il tarixədək, yəni həm ilk əmək müqaviləsi, həm də sonrakı əmək müqaviləsi üzrə eyni vəzifəni tutmuş və eyni əmək funksiyalarını yerinə yetirmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 10 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir. İddiaçının əmək funksiyası isə öz xüsusiyyətinə, icrası şərtlərinə, müddətinə və xarakterinə görə daimi kimi qiymətləndirilir. İddiaçı 7 ildir ki, həmin vəzifə üzrə əmək funksiyalarını yerinə yetirir və həmin vəzifə hazırda da mövcuddur. Başqa sözlə, iddiaçının əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi işin şərtlərinə görə daimi xarakterə malik olduğu cavabdeh üçün qabaqcadan bəlli olan bir hal olmuşdur. Bu səbəbdən iddiaçının əmək funksiyaları həmin maddənin “a-ə”, “g” və “ğ” bəndlərində sadalanan hallara uyğun gəlmir. Həmin maddənin “f” bəndi ilə bağlı qeyd olunmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45-ci və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilədə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, MPM-in 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. Bu baxımdan məhkəmə hesab edir ki, 5 ildən (02.09.2013-cü il - 16.09.2020-ci il) artıq müddət ərzində fasiləsiz olaraq Liseydə eyni vəzifədə işləmiş, bununla da 45-ci maddənin 5-hissəsinin tələbləri baxımından əmək müqaviləsi müddətsiz hesab edilmiş iddiaçının öz ərizəsi ilə işdən azad edildikdən (işçilərin sayı və ya ştatları ixtisarı əsası ilə) 2 ay 17 gün sonra, yəni 19.12.2018-ci il tarixdə onun yenidən istehsalat təlimi ustası vəzifəyə işə qəbul edilməsi ilə bağlı onunla 6 ay müddətinə müddətli əmək müqavilənin bağlanması, sonradan da bu müddətin bir neçə dəfə 15.09.2020-ci il tarixədək uzadılması qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və müddətli hesab oluna bilməz.Bu da öz növbəsində tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinin etibarsız olmasına dəlalət etməklə, onun müddətsiz bağlanmış hesab edilməsini şərtləndirir. Bununla belə, məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilən müddəaların tələblərini rəhbər tutub belə qənaətə gəlir ki, 16.09.2020-ci il tarixli, 23-5/20 saylı əmr Əmək Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən iddia tələbi “əmrin ləğv edilməsi” hissəsində əsaslıdır və təmin edilməli, 18 saylı Bakı Peşə Liseyinin “əmək müqaviləsinin ləğvi” barədə 16.09.2020-ci il tarixli, 23-5/20 saylı əmri ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” hissəsində də əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, iddiaçı X6 18 saylı Bakı Peşə Liseyinin istehsalat təlimi ustası vəzifəsinə işə bərpa edilməli, iddiaçı X4 məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh 18 saylı Bakı Peşə Liseyi tərəfindən ödənilməlidir. Məhkəmə cavabdeh tərəfin bu barədə ərizə ilə məhkəməyə müraciət etməməsini, yəni cavabdehin müddəti mübahisələndirmədiyini nəzərə alıb, iddiaçının iddia üzrə irəli sürdüyü buraxılmış müddətin üzürlü hesab edilməsi barədə tələbinə münasibət bildirməsinə hər hansı zərurət görmür. Digər tərəfdən bu məsələ iddiaçı tərəfindən tələb kimi irəli sürülsə də, hüquqi nəticə etibarı ilə prosessual vəsatətdir. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdeh 18 saylı Bakı Peşə Liseyinin “əmək müqaviləsinin ləğvi” barədə 16.09.2020-ci il tarixli, 23-5/20 saylı əmri ləğv edilməli, iddiaçı X6 cavabdeh 18 saylı Bakı Peşə Liseyinin istehsalat təlimi ustası vəzifəsinə işə bərpa edilməli, iddiaçı X4 məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh 18 saylı Bakı Peşə Liseyi tərəfindən ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 18 saylı Bakı Peşə Liseyinin “əmək müqaviləsinin ləğvi” barədə 16.09.2020-ci il tarixli, 23-5/20 saylı əmri ləğv edilsin. İddiaçı X6 cavabdeh 18 saylı Bakı Peşə Liseyinin istehsalat təlimi ustası vəzifəsinə işə bərpa edilsin. İddiaçı X4 məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh 18 saylı Bakı Peşə Liseyi tərəfindən ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4870/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4870/2021
20.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver