Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-49/2024 17.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh Şirkətinə qarşı Bakı şəhəri Binəqədi rayonu X5 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı cavabdeh “X8” Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, X5 tərəfindən 01 iyul 2005-ci il tarixində 1508 nömrəli sərəncam ilə torpaq sahəsinin alğı-satqı qaydasında X4 adına ayrılmış 600 kvadrat metr torpaq sahəsini Cavabdeh Şirkətinin istifadəsindən alınıb onun istifadəsinə verilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, X5 tərəfindən 01 iyul 2005-ci il tarixində 1508 nömrəli sərəncam ilə torpaq sahəsinin alğı-satqı qaydasında X4 adına 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Cavabdeh Şirkəti iddiaçıya verilmiş torpaq sahəsini zəbt edərək, daş hasar çəkib və onun istifadə etməsinə icazə vermir, ərazinin onların olduğunu bildirir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirib, verdiyi izahatında qeyd etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, X5 tərəfindən 01 iyul 2005-ci il tarixində 1508 nömrəli sərəncam ilə torpaq sahəsinin alğı-satqı qaydasında ona ayrılmış torpaq sahəsinə 5 dəfə baxmışlar. Həmin torpağı 10 ildir ki, almışdır. Torpaq sahəsinin üzərində tikili yoxdur, boş torpaq sahəsidir. Sonda iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərmişdir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi Cavabdeh Şirkətinin saziş ərazisidir. Ümumiyyətlə iddiaçı torpaq sahəsinin dədiq harada yerləşməsini göstərə bilmir. Bu səbəbdən iddianın rədd edilməsi xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X2 nümayəndəsi izahatında bildirmişdir ki, sözügdən ərazi Neft şirkəti tərəfindən hasarlanmış ərazidə yerləşir. Ətrafında neft kəməri yoxdur. Torpaq Neft şirkətinə məxsusdur. İştirak etdiyi məhkəmə iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsinin nümayəndəsi izahatında bildirmişdir ki, kəmər olmadığı təqdirdə sahənin bizim şirkətə heç bir aidiyyatı yoxdur. Mülki iş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayonu X2 AİT seriyalı, 675037 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı ******* manat ödəniş etmişdir. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən 600 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. - Bakı şəhəri Binəqədi rayonu X2 İddiaçı müraciətinə verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... X2 xx.xx.2005-ci il tarixli Sərəncamı ilə Sizin adınıza rəsmiləşdirilmiş 600 kv.m. torpaq sahəsi bələdiyyə üzvlərinin kollegial müzakirəsi əsasında qəbul edilmiş qərarla həyata keçirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsində torpaq sahələrinin dövlət, bələdiyyə və xüsusi mülkiyyət növü olduğu bildirilərək bütün mülkiyyət növlərinin dövlət tərəfindən qorunduğu bildirilir. Sizin mülkiyyətinizə ayrılmış torpaq sahəsinə verilmiş sərəncamın ləğvi yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Əlavə olaraq bildirilir ki, Cavabdeh Şirkəti özəl şirkət kimi SOCAR neft şirkəti ilə (cənab Prezidentin fərmanı əsasında) saziş imzalayaraq neft sənayesində kəşfiyyat axtarış işlərini həyata keçirsə də, kompaniyanın mülkiyyətində hər hansı formada torpaq sahəsi yoxdur”. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasinin Torpaq Məcəlləsi: Maddə: 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Maddə: 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Maddə: 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Maddə 65. 1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.
9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə görə, elektrik, rabitə, neft-qaz və nəqliyyat xəttləri və sənaye müəssisələrinin sanitariya mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün (tikinti) xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə müvafiq olaraq, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa fiziki və hüquqi şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə bələdiyyə hərrac və müsabiqənin keçirilməsi məqsədi ilə torpaq üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını və ya əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş hallarına görə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən 600 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. Tələbə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. İşin müəyyən edilmiş halları ilə mübahisəli sahənin iddiaçının mülkiyyətində olmamaqla yanaşı torpaq sahəsinin kadastr göstəriciləri, döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, habelə torpaq sahəsinin qonşu sərhədlərini əks etdirən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş plan və ölçünün mövcud olmadığı müəyyən edilir. İddiaçının boşaldılmasını tələb etdiyi torpaq sahəsinin zəbt edilib-edilmədiyini müəyyən etmək mümkün deyil. Bunun səbəbi isə qeyd olunduğu kimi iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin Torpaq Məcəlləsinin 65-ci maddəsində müəyyən edilmiş qaydada tərtib edilmiş planının mövcud olmamasıdır. Buna görə də mübahisəli sahə barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən də məlumatın alınması mümkün olmamışdır. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci hissəsinə görə, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq Məcəlləsinin 66-cı maddəsinə görə, bələdiyyə qərarı torpaq sahəsi üzərində hüquqları təsdiq edən sənəd sayılır. Lakin həmin hüququn şamil edildiyi torpaq sahəsinin hududlarını torpaq sahəsinin planı müəyyən edir. Plan olmadan hüququn pozulub-pozulmadığını müəyyən etmək mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının yalnız fərziyyəsi əsasında iddia etdiyi torpaq sahəsini cavabdehin istifadəsindən alınaraq ona qaytarılması ilə bağlı iddiasının heç bir əsası yoxdur. İddiaçı Torpaq Məcəlləsinin 65-ci maddəsində müəyyən edilmiş qaydada torpaq sahəsinin planını əldə etdikdən sonra müəyyən edərsə ki, həmin 600 kv.m torpaq sahəsi bələdiyyə qərarı ilə onun istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir, belə halda torpaq sahəsinin boşaldılması üçün yenidən ümumi qaydada iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, iddia rədd edilməli, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev