Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4926/2020 19.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2 saylı evdən yaşama və istifadə hüquqlarının tanınması, həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2004-2005-ci illərdən mübahisəli evə qayıtmağa çalışır, lakin razılıq olmadığından qayıda bilmir. O, 2012-ci ildə ailə qurmuş və 2015-ci il tarixədək əri ilə birlikdə Kürdəmir rayonunda yaşamışdır. 2015-ci il tarixdə aralarında bağlanmış nikah pozulduqdan sonra Bakı şəhərinə qayıtmış və 2019-cu il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 92 ünvanında kirayə əsaslarla yaşamışdır. 2019-cu ildən etibarən mübahisəli evin qonşuluqda yerləşən evdə yaşayır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə və iddiaçının izahatına uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının hazırda pasport qeydiyyatında olduğu ünvanda iddiaçının atasına məxsus ev olmuş və iddiaçının valideynləri rəhmətə gedənə kimi iddiaçı məhz atasına məxsus evdə yaşamışdır. Valideynlər rəhmətə gedəndən sonra iddiaçı nənəsinin qəyyumluğuna verilmiş və həmin evi tərk etmək məcburiyyətində qalmışdır. Cavabdeh də bundan istifadə edərək, iddiaçının atasına məxsus evin hesabına öz yaşayış sahəsini genişləndirmişdir. Qeyd edilən ünvanda iddiaçının atasına məxsus ev olduğundan onun həmin evə istifadə hüququ tanınmalı və o, evə köçürülməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçının qeydiyyatda olduğu ünvanda iddiaçının atasının mülkiyyətində hər hansı ev və ya torpaq sahəsi olmamışdır. Mübahisəli evdə vaxtı ilə cavabdeh, onun atası, qardaşı Ədalət, Gülağa və Rafiq yaşamışdır. Bu ev özbaşına tikili olmuşdur. İddiaçı, anası 2002-ci il tarixdə rəhmətə getdikdən sonra nənəsi ilə birlikdə başqa ünvanda yaşamışdır. Cavabdeh hazırda mübahisəli evdə yaşamır, o, 1998-ci il tarixdə ailə qurduqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonun aşağı hissəsində şam ağaclarının içində boş torpaq sahəsində 1 otaqdan ibarət özbaşına tikili inşa etmiş və hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. İddiaçının köçmək istədiyi ünvanın da cavabdehə hər hansı bir aidiyyəti yoxdur. İddiaçı da mübahisəli evdən çıxdıqdan sonra həmin evə qayıtmamış, orada qalmamışdır. İddiaçı nənəsi ilə yaşamış, sonra isə ailə həyatı quraraq Kürdəmir rayonununa köçmüş, nikahı pozulduqdan sonra isə yenə də nənəsi ilə yaşamağa davam etmişdir. Bununla da o, müddət etibarı ilə 18 il bundan əvvəl mübahisəli evi daimi əsaslarla və öz xoşu ilə tərk etmiş və heç vaxt həmin evə qayıtmaq niyyətində olmamışdır. Onun pasport qeydiyyatı da formal xarakter daşıyır. Nikahı pozulduqdan sonra da digər qohumlara nənəsinin evinin yanında özünə ayrıca otaq tikmək istədiyini bildirmiş və bunun üçün ona yardım edilməsini xahiş etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qardaşı qızıdır. Onların hər ikisi ünvan 2 ünvanında pasport qeydiyyatındadır. İddiaçı, doğulduğu, yəni xx.xx.1993-cü il tarixdən anası X2 ölənə kimi, yəni 2002-ci ilin mart ayınadək həmin ünvada yerləşən fərdi yaşayış evində yaşamışdır. Bundan sonra həmin evi tərk edərək, ana nənəsi X1 yaşadığı evə köçmüş, xx.xx.2007-ci il tarixdə nənəsi rəsmi olaraq onun qəyyumu təyin edilmiş və o, 2012-ci il tarixədək nənəsi ilə birlikdə yaşamışdır. 2012-ci ildə nikaha daxil olmuş və 2015-ci il tarixədək əri ilə birlikdə Kürdəmir rayonunda yaşamışdır. Nikahı pozulduqdan sonra Bakı şəhərinə qayıtmış və hazırda da nənəsi ilə yaşayır. Cavabdeh pasport qeydiyyatı üzrə, yəni mübahisəli evdə yaşamır, 3 nəfər ailə üzvü ilə birlikdə 5ci Dağlıq küçəsində inşa edilmiş 2 otaqlı özbaşına tikilidə qeydiyyatsız yaşayır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət kimi dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. İddiaçının atası 2006-cı ildə ölmüşdür. Hazırda iddiaçı qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evində atası və anası ilə birlikdə 2002-ci il tarixədək yaşadığını, həmin evin və torpaq sahəsinin atasına məxsus olduğunu, həmin evin sayğacının da onun atasının adına olduğunu, atasının mübahisəli evdə böyük həcmdə təmir-bərpa işlərinin gördüyünü, valideynlərinə məxsus əşyaların da hazırda həmin evdə olduğunu, evi məcburiyyət qarşısında tərk etdiyini, 2004-2005-ci illərdən evə qayıtmaq istədiyini, lakin buna razılıq verilmədiyini bildirir, eyni zamanda əmisi, üçüncü şəxs X7 tərəfindən yazılan və evin ona verilməsinə razılığı əks etdirən əlyazmanı təqdim edir və mübahisəli evdən istifadə hüququnun tanınmasını və evə köçürülməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, həmin ünvanda yaşamadığını, ailəsi ilə birlikdə başqa ünvanda yaşadığını, mübahisəli evin və torpaq sahəsinin iddiaçının atasına məxsus olmadığını, iddiaçının öz istəyi ilə 2002-ci ildən etibarən evi tərk etdiyini və nənəsi ilə başqa ünvanda, sonradan əri ilə Kürdəmir rayonunda, nikahı pozulduqdan sonra isə yenidən nənəsi ilə yaşadığını və ötən 18 il ərzində qayıtmaq niyyəti bildirmədiyini qeyd edir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 54-cü maddəsinə əsasən İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, iddiaçı 1993-cü ildə anadan olmuşdur. Bu səbəbdən onunla həmin evdə yaşayan digər şəxslər arasında mübahisəli evdən istifadə etməklə bağlı münasibətlər həmin ildə yaranmışdır. Bu səbəbdən mübahisəyə bu münasibətlərin yanadığı vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququ yaranmışdır. Lakin sonradan iddiaçı fərdi yaşayış evini tərk edərək, daimi əsaslarla yaşamaq üçün başqa yaşayış sahəsinə, yəni ana nənəsinin yaşadığı evəı köçmüş, sonradan isə ailə həyatı quraraq, ümumiyyətlə Kürdəmir rayonuna köçərək, əri ilə orada yaşamışdır. Bununla belə, onun həmin yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmış və iddiaçı, hüquqi nəticə etibarı ilə mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququnu itirmişdir. Onun həmin evdə hazırda pasport qeydiyyatında olması isə mübahisəli fərdi yaşayış evinə köçmək üçün əsas yaratmır. Belə ki, cavabdehin mübahisəli mənzilə pasport qeydiyyatında olması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından ona vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzildə pasport qeydiyyatında olması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Həmin evin sayğacının iddiaçının atasının adına olması, habelə həmin evdə onun valideynlərinə məxsus hər hansı əşyanın olması da onun istifadə hüququnun tanınması üçün hüquqi əsas yaratmır. İddiaçı bu halı sübut etməklə, həmin əşyaların ona təhvil verilməsini tələb edə bilər. O, halda nəzərə alınmalıdır ki, bu ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət kimi dövlət qeydiyyatına alınmamışdır. İddiaçı mübahisəli evin təmir bərpa işlərinə atası tərəfindən böyük həcmdə vəsaitin qoyulmasını bildirməsinə baxmayaraq, bu halı təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilmir. İddiaçının 2004-2005-ci ildən mübahisəli evə köçmək istəməsi, lakin buna razılıq verilməməsi barədə fikirləri də reallığı əks etdirmir və ən azı onun 2012-ci ildə ailə həyatı quraraq, Kürdəmir rayonuna köçməsi və 2015-ci ilə kimi orada yaşaması baxımından əsassızdır. Hər bir halda, iddiaçı nikaha 3 il müddətinə daxil olmamışdır və ərinin Kürdəmir rayonunda yerləşən evinə köçəndə 3 ildən sonra həmin ünvanı tərk etməyi planlaşdırmırdı. Nikah pozulmasa idi, iddiaçının bügündə Kürdəmir rayonunda yaşamaqda davam etməsi istisna deyildi. Onun Kürdəmir rayonuna öz iradəsi ilə köçməsi, eyni zamanda, mübahisəli evdə yaşamaq istəyi biri-birinə qəti surətdə zidd olan iradə ifadəsidir və hüquqi nəticə etibarı ilə iddiaçının mübahisəli evi daimi əsaslarla tərk etdiyini bir daha təsdiq edir. Məhkəmə, iddiaçı tərəfindən təqdim edilən və əmisi, yəni üçüncü şəxs X7 tərəfindən yazılan və evin ona verilməsinə razılığı əks etdirən əlyazma ilə bağlı qeyd edir ki, bu şəxsin tək başına iddiaçını mübahisəli evə köçürmək qərarını qəbul etmək səlahiyyətinə malik olduğu, yəni belə bir hüququn daşıyıcısı olduğu müəyyən edilməmişdir. Digər tərəfdən belə bir yazmanın həmin şəxs tərəfindən verilməsinə baxmayaraq, iddiaçı hazırki iddianı digər əmisi, yəni Cavabdeh qarşı qaldırmışdır. Halbuki, bu şəxsin başqa ünvanda yaşadığı müəyyən edilir. Bu da öz növbəsində bu əsasla da iddianın rədd edilməsini şərtləndirir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, iddia tələbi “yaşayış sahəsindən istifadə hüququnun tanınması” hissəsində əsassızdır və rədd edilməlidir. Məhkəmə iddia üzrə irəli sürülmüş yaşamaq hüququnun tanınması tələbinin, məhz istifadə hüququnun tanınması tələbi ilə əhatə olunduğunu əsas götürüb, bu tələbə ayrıca qiymət verilməsinə hər hansı zərurət görmür. Məhkəmə, iddia üzrə “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “yaşayış sahəsinə köçürülmə” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təminolunub olunmamasının bilavasitə “yaşayış sahəsindən istifadə hüququnun tanınması” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “yaşayış sahəsinə köçürülmə” hissəsində də əsassızdır və rədd edilməlidir. Bu tələb müstəqil tələb qismində çıxış etdiyi təqdirdə belə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4926/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4926/2020
19.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver