Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4927/2020 07.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması faktının tanınması” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri xx xxxxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Füzuli Rayon Məhkəməsinin xx xxxxxx 1977-ci il tarixli, 2-66/197 saylı qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikahın pozulması faktının müəyyən edilməsi, bu barədə müvafiq şəhadətnamələrin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ilk öncə qeyd olunmalıdır ki, məhkəmənin xüsusi icraat qaydasında baxılmalı işlərindən bəhs edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində həmin işlərin siyahısı göstərilmişdir. Hazırki ərizədə göstərilən “nikahın pozulması faktının müəyyən edilməsi” kimi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi həmin maddədə öz əksini tapmamışdır. Həmçinin, İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizənin forma və məzmununa da əməl etməmişdir. Belə ki, ərizədə “ərizəçi” və “maraqlı şəxs” göstərilməli olduğu halda, “iddiaçı” və “cavabdeh” göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149 və 149.2.2, 149.2.3-cü maddələrinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki ərizədə isə cavabdehin poçt ünvanı göstərilməmiş, habelə, Cavabdeh kimi göstərilsə də, iddia tələbi nikahın pozulması faktının müəyyən edilməsi və şəhadətnamələrin verilməsi olmaqla ona qarşı yönəlməmişdir. Belə ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üzrə ərizədə ikinci tərəf cavabdeh deyil, maraqlı şəxs kimi göstərilməli, həmçinin nikahın pozulması haqqında şəhadətnamənin verilməsi Cavabdeh səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1, 152.1.1 və 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması faktının tanınması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4927/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4927/2020
07.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver