Məhkəmə qərarları › İş №2(001)-4932/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4932/2025

28.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4932/2025 28.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi X1 və nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, iddiaçı – İddiaçı cavabdeh – Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı Cavabdeh ilə 2010-cu il tarixində faktiki nikaha, 2013-cü ildə isə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2017-ci il tarixindən etibarən Cavabdeh xüsusi mülkiyyətindədir.

3. İddiaçı özü ilə iki övladı-Kənan və Turanın birlikdə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 2010-cu ildə evlənmiş və 2013-cü il tarixində rəsmi nikah bağlamışılar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Kənan və xx.xx.2013-cü il təvəllüdlü Turan adlı iki övladları anadan olmuşdur. Birgə nikah dövründə 2017-ci ildə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlik-Aslanov küçəsində yerləşən 30 saylı mənzili almışlar və 2025-ci ilin may ayına kimi həmin mənzildə yaşamışlar. Tərəflər arasında son dönəmlər münaqişələr yaranmışdır. Belə ki, cavabdeh 06 may 2025-ci ildə iddiaçını döyüb-söyüb təhqir edərək iki uşaqla birlikdə mənzildən qovmuşdur. Cavabdehin bu hərəkətləri nəticəsində uşaqların təhsili yarımçıq qalmışdır. İddiaçı qeyd etmişdir ki, cavabdehlə əvvəlcə qaynatasının evində, 2017-ci ildən isə hazırkı mənzildə ailə üzvü kimi yaşamışlar. Hazırda iddiaçı uşaqlarla birlikdə Xaçmaz rayonu, Niyazoba kəndində valideynlərinin yanında yaşayır. Belə olduğu təqdirdə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin etirazları:

5. Cavabdeh tərəfindən məhkəməyə daxil edilmiş etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etmədiyini, iddiaçının Xaçmaz rayonu, Niyazoba kəndində qeydiyyatda olduğunu və orda ailəsi ilə birlikdə yaşadığını, hazırda yaşayış yerinin olduğunu qeyd etmişdir. Sözügedən mənzilin atası-Rüstəmov Qəribşah tərəfindən alındığını, iddiaçının əxlaqında olan problemlərə və milli dəyərlərə uyğun olmayan davranışlarına görə onun cavabdehlə birgə yaşamasının qeyri mümkün olduğunu, iddiaçının mübahisəli mənzilə məhkəmə qaydasında köçürülməsinin yeni ciddi münaqişə yaradacağınını bildirmişdir. Hal-hazırda cavabdeh həmin mənzildə ailəsi ilə birlikdə, yəni ata və anası ilə birlikdə yaşayır. İddiaçı davranışı və əxlaqsız hərəkətləri cavabdeh və onun ailəsi tərəfindən qəbul edilmir, eyni zamanda onunla bir mənzildə yaşamaq qeyri mümkündür. Həmin mənzil cavabdehin adına rəsmiləşdirilməsinə baxmayaraq sonuncunun valdeyilərinə məxsusdur. Belə olduğu təqdirdə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları:

6. İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək sözügedən məzilin 2017-ci il tarixində cavabdeh tərəfindən satın alındığını bildirərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi və vəkili 2017-ci il tarixində sözügedən mənzilin alınarkən tərəflərin maddi imkanının aşağı olduğunu buna görə də mənzilin ödənişinin cavabdehin atası tərəfindən ödənildiyini, iddiaçının mənzilə qeydiyyatının olmadığını, iddiaçı xəyanət etdiyinə görə tərəflərin yenidən bir yerdə yaşamasının mümkünsüz olduğunu, sözügedən mənzilin qiymətinin təqribən 85000-100000 manat arası olduğunu, məhkəmədən mübahisəli mənzilin stılaraq tərəflər arasında bölünməsi üçün vaxt verilməli olduğunu qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi X3 (atası) sözügedən mənzilin onun pulu ilə alındığını, tərəflərin birlikdə yaşamasının mümkünsüz olduğunu bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

9. İş materiallarında olan AZE № 18108477 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Rüstəmli Kənan xx.xx.2012-ci il tarixində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdir.

10. İş materiallarında olan AZE № 18701054 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Rüstəmli Turan xx.xx.2013-cü il tarixində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdir.

11. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən müəyyən edilir ki, X2 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzili alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına özgəninkiləşdirmişdir.

12. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2017-ci il tarixindən etibarən Cavabdeh xüsusi mülkiyyətindədir.

13. İş materiallarında olan Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, Cavabdeh Qərib oğlu ilkin mediasiya sessiyasında iştirak etmədiyindən prosesi davam etdirmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Konstitusiyası: - Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - Maddə 33. İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. - Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

15. Beynəlxalq hüquqi aktlar: BMT-nin 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”: - Maddə 17. (1) Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu: - Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

17. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsi: - Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. - Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ: “Akimova Azərbaycana qarşı iş üzrə” 27 sentyabr 2007-ci il tarixli qərar: - 42. Əmlak hüququna zəmanət verən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydaları ifadə edir: birinci paraqrafın birinci cümləsində göstərilən birinci qayda ümumi xarakterlidir və əmlakdan sərbəst şəkildə istifadə prinsipini göstərir; birinci paraqrafın ikinci cümləsində olan ikinci qayda əmlakın alınması barəsindədir və mövcud şərtləri əhatə edir; ikinci paraqrafda göstərilən üçüncü qayda Razılaşan Dövlətlərə ümumi maraqlara əsasən əmlakdan istifadəyə nəzarət etmək səlahiyyəti verilməsi məsələsini əhatə edir. - 44. Məhkəmə hesab edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilə edilməsinin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin, digər rüsum və ya cərimələrin ödənilməsinin təmini üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır. (bax. Latridis v. Greece [GC], no. 31107/96, § 58, ECHR 1999-İİ). Konvensiyada «qanun» və «qanuna uyğun» terminləri əsasən geri daxili qanunvericiliyə yönəlir və həmçinin qanuna aid olmaqla onun «qanunun aliliyi» prinsipinə uyğun olmasını tələb edir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, cavabdehin etiraz ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

22. İddiaçı övladları ilə birlikdə mübahisəli mənzilə köçürülmələrini tələb edir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həlli üçün iddia tələbinin hüquqi əsası təhlil edilərək qiymətləndirilməlidir.

23. Yuxarıdakı müddəaların mənasından da göründüyü kimi, mülkiyyət hüququ istər yerli, istərsə də beynəlxalq hüquqla qorunan və dövlət tərəfindən tanınan ən üstün hüquqlardan biridir. Mülkiyyət hüququ şəxsin əmlakı barəsində istədiyi kimi hərəkət etmək - maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Bu hüquq və səlahiyyət daxilində mülkiyyətçi, başqalarının hüquqlarını və mənefelərini pozmadan, əmlakına maneəsiz sahiblik edə, əmlakın təyinatına uyğun olaraq öz tələbatlarının təmin olunması üçün əmlakdan istədiyi kimi istifadə edə, öz iradəsi ilə əmlakın hüquqi müqəddəratını müəyyən edə (onu satmaq, bağışlamaq və s. hərəkətlər etmək) bilər.

24. Məhkəmə qeyd edir ki, mülki iş materiallarından da müəyyən edildiyi kimi sözügedən mənzil cavabdehin xüsusi mülkiyyətindədir. Cavabdeh həmin mənzili birgə nikah dövründə əldə etmişdir. Bununla yanaşı tərəflər arasındakı nikah münasibətlərinə xitam verilməmiş, beləliklə əmlak bölgüsü də aparılmamışdır. Belə olduğu halda iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Tərəflər arasında mövcud olan ailədaxili narazılıqlar isə hər hansı tərəfin mülkiyyət hüququnun məhdudlaşdırılması üçün qanunla müəyyən edilən yetərli əsas sayıla bilməz. Odur ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır və onun qanunla qorunan hüquqları bərpa edilməklə Mənzilə köçürülməlidir.

25. Məhkəmə hesab edir ki, iddia tələbi tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan övladlarına münasibətdə də əsaslıdır və mübahisənin hüquqi əsasını Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri təşkil edir.

26. Göstərilən müddəaların mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar.

27. Məhkəmə qeyd edir ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 mənzilin mülkiyyətçisi – Cavabdeh övladları, yəni mülkiyyətçinin uşaqları olduğundan və Mənzil Məcəlləsinin 30.2-ci maddəsində isə mülkiyyətçiyə məxsus mənzildən ailə üzvlərinin mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ birbaşa göstərildiyindən xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 Bakı şəhəri, ünvan 2 ünvanına köçürülməlidirlər.

28. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı və birgə nikahdan doğulmuş 2 övladı-xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir.

29. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən məhkəmə xərcləri tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

30. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. İddiaçı yetkinlik yaşına çatmayan övladları – xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, ünvan 2 ünvanına köçürülsün.

3. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar