Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4977/2020 12.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 İddiaçı qarşı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi, bina 46, mənzil 5 ünvanına köçürülməsi, həmin mənzilə istifadə hüququnun tanınması və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2007-ci ildə nikaha daxil olaraq ailə qurmuşlar. Ailə qurduqdan sonra iddiaçı mübahisəli mənzilə gəlin köçmüş, həmin ünvanda cavabdehlə birgə yaşayaraq birgə təsərüffat aparmışlar və həmin mənzildə tərəflərin birgə nikahından Qabil və Gülər adlı uşaqları olmuşdur. xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, iddiaçı iki uşağı ilə birlikdə ünvan 1 ünvanında atasına məxsus yataqxanada məskunlaşmışdır. İddiaçı qeyd edilən mənzildə yaşamasını və cehiz əşyalarından istifadə edə bilməməsini qanunsuz hesab edərək, pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpa olunmasına, mübahisəli mənzilə köçürülməklə, həmin mənzilə istifadə hüququnun tanınmasına və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında Cavabdeh nümayəndəsi Vəkil2 müstəqil tələb irəli sürən üçüncü şəxs X1 adından məhkəməyə iddia ərizəsi təqdim edərək, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi, 46 saylı evin, 5 saylı mənzilinə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və iddiasını onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin mülkiyyətçisi odur və buna dair qeydiyyat vəsiqəsi vardır. İddiaçı həmin mənzilə köçməsi S.Süleymanovanın hüquqlarını pozur. Belə ki, Cavabdeh maddi imkanı olmadığından İddiaçı ilə rəsmi nikaha daxil olduqdan sonra onlar Sahibə Süleymanovanın mənzilində yaşamağıam başlamışlar. O, İddiaçı mənzilə qeydiyyata düşməsinə etməyib və oğlu ilə birlikdə gəlinin müvəqqəti olaraq orada yaşamaqlarına icazə verib. Nikahın pozulmasına və aralarında olan qohumluq münasibətlərinin bitməsinə baxmayarq, İddiaçı onun mənzilindən qeydiyyatdan çıxmır. Lakin onun həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq onun mübahisəli mənzildə istifadə hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini müdafiə edərək bildirdi ki, xx.xx.2007-ci il tarixdə iddiaçı cavabdehlə ailə həyatı quraraq mübahisəli mənzilə gəlin köçmüşdür. İddiaçı gəlin köçdüyü evdə cavabdehlə birgə yaşamış və birgə təsərüffat aparmışdır. Hal-hazırda bütün cehiz əşyaları həmin mənzildədir. Birgə nikahlarından 2 övladları var. Tərəflərin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və hər iki uşağın ananın yanında qalması müəyyən edilmişdir. Hazırda iddiaçı iki uşağı ilə birlikdə atasının sığındığı 1-otaqlı yataqxanada müvəqqəti olaraq məskunlaşmışdır. Həmin qeyd edilən yataqxanada iddiaçının atası, anası, qardaşı və onun ailəsi ilə birlikdə yaşamağı imkansız bir hala çevrilmişdir. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasından iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini müdafiə edərək bildirdi ki, X3 Bakı şəhəri, Binəqədi Rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi, ev 46, 5 saylı mənzilin mülkiyyətçisidir. İddiaçı iddiası əsassızdır və onun S.Süleymanovanın mülkiyyətində olan mənzildə qeydiyyatda olması və həmin mənzilə köçürülməsi tələbi S.Süleymanovanın mülkiyyət hüquqlarını pozur. Belə ki, təmsil etdiyi şəxs oğlu Cavabdeh maddi imkanı və ayrıca yaşamağa mənzili olmadığından oğlunun və keçmiş gəlininin onun mülkiyyətində olan mənzilində müvəqqəti olaraq yaşamaqlarına icazə verib. Nikahın pozulmasına və aralarında olan qohumluluq münasibətlərinin bitməsinə baxmayaraq İddiaçı S.Süleymanovanın mənzilindən qeydiyyatdan çıxmır və onun pasport qeydiyyatında qalması S.Süleymanovanın mülkiyyətində olan mənzilinə hüququnun həyata keçirilməsinə maneə törədir, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən İddiaçı iddiası təmin edilməməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1707/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixli nikahın pozulması, birgə nikahdan olan olan uşaqların ananın himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. -Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının MH seriyalı, 164992 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 2 mənzil 5 X2 məxsusdur və bu hüquq ona xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmışdır. -yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X3, Cavabdeh, İddiaçı və azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X4 ünvan 2 mənzil 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə münasibətdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının köçürülməsini və istifadə hüququnun tanınmasını tələb etdiyi mübahisəli mənzil müstəqil tələb irəli sürən 3-cü şəxs S.Süleymanovanın mülkiyyətindədir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Göstərilən məsələ ilə bağlı M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, hazırki iş üzrə iddia tələbi buna cavab verməli olmayan cavabdeh olan Cavabdeh qarşı irəli sürüldüyündən iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 tələbinə münasibətdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müstəqil tələb irəli sürən 3-cü şəxs S.Süleymanovadan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən 3-cü şəxsin digər qohumu hesab edilmir. Odur ki, İddiaçı mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Digər tərəfdən, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün isə Mülki Məcəllənin 228.1 və 228.2ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2005-ci il tarixli Qanunla Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri öz yetkinlik yaşına çatmayan, uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı notariat qaydasında bağlanan razılaşmanı nəzərdə tutur. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan 3-cü şəxs S.Süleymanova ilə İddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da İddiaçı qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Həmçinin,“Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. İddiaçı həmin mənzildə qeydiyyatda olması 3-cü şəxsin iddiasının rədd edilməsi üçün əsas ola bilməz, çünki pasport qeydiyyatı, öz-özlüyündə, İddiaçı həmin mənzildən istifadə hüququnu yaratmır. İş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, mübahisələndirilən mənzil S.Süleymanovanın xüsusi mülkiyyətindədir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüququnun və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi təmin edilməməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 İddiaçı qarşı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 İddiaçı qarşı iddia tələbi təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü İddiaçı ünvan 3 ünvanından istifadə hüququ olmayan hesab edilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.1984-cü il təvəllüdlü İddiaçı ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-4977/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4977/2020
12.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver