Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-499/2024 10.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə1, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ə.Verdiyev adına Sovxozun bazasında yaradılmış yeni kolxozda və xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X10 Ş.R-ya aid fərdi tikiş sexində tikişçi peşəsi üzrə işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1978-ci il tarixdən əmək fəailiyyətinə başlamışdır. Bununla bağlı müvafiq qeydə onun adına 1978-ci ildə açılmış əmək kitabçasında rast gəlmək mümkündür. Lakin 1990-cı illərdə yaranmış qarmaqarışıq şərait və dövlətin hər sahəsindəki xaos sözügedən əmək kitabçasında bəzi qeydlərin aparılmamasına səbəb olmuşdur. Belə ki, xx.xx.1990-cı il tarixdə Ə.Verdiyev adına Sovxoz ləğv edilərək, onun bazasında yeni kolxozların yaradılması ilə əlaqədar o, tutduğu vəzifədən azad edilərək digər vəzifəyə keçirilmişdir. Lakin əmək kitabçasının sonrakı qeydlərində onun xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək harada işləməsi qeyd edilməmişdir. Yuxarıda da qeyd etdiyi kimi Ə.Verdiyev adına Sovxoz ləğv edilərək, onun bazasında yeni kolxozlar yaradılmışdır. O da xx.xx.1990-cı il tarixdən sonrakı dövrdə yeni yaradılan kolxozlarda çalışmışdır. Bilindiyi kimi Laçın rayonu xx.xx.1992-ci il tarixdə işğal edilmişdir. Bu səbəbdən də Ə.Verdiyev adına Sovxozun bazasında yaradılmış yeni kolxoza aid bütün sənədlər həmin dövrdə itmişdir. Məhz bu tarixədək o, Ə.Verdiyev adına Sovxozun bazasında yaradılmış yeni kolxozda çalışmışdır. Bir digər müəyyən edilməli hüquqi əhəmiyyəti olan fakt ondan ibarətdir ki, o, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X10 Ş.R-ya aid fərdi tikiş sexində tikişçi peşəsi üzrə çalışmışdır. Lakin əmək kitabçasında bununla bağlı qeydlər natamamdır. Yəni əmək kitabçasında onun həmin sexdən xx.xx.2006-cı il tarixdən işdən çıxması ilə bağlı heç bir qeyd yoxdur. Bununla bağlı ərizəçinin sonuncu iş yerinə şifahi müraciət edilsə də nəticəsi müsbət olmamışdır. Ərizəçiyə bildirilmişdir ki, onun barəsində əmək müqaviləsi üzrə hesabatlar Dövlət Sosial Müdafiə Fonduna göndərilmədiyi üçün natamam qeydin düzəldilməsi mümkün deyil. Hazırki hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ona ondan ötrü lazımdır ki, yaşa görə əmək pensiyası təyin edilərkən sığorta stajının hesablanması əmək kitabçasındakı natamam və əskik qeydlərə əsasən aparılmasın. Natamam və əskik qeydlərə əsasən onun sığorta stajı 25 ildən aşağı hesablanır. Bu isə ona daha aşağı pensiyanın təyin edilməsinə gətirib çıxardacaqdır. Maraqlı şəxs ərizəyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, 2(001)-5864/2023 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi xx.xx.1990-ci ildən xx.xx.1993-cü il tarixədək Ə.Verdiyev sovxozunda fəhlə kimi, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-ci il tarixədək fərdi sahibkar Cəfərov S.R-ə məxsus fərdi tikiş sexində tikişçi kimi işlədiyini və əməkhaqqı aldığını iddia edir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, ərizəçinin əmək kitabçasının surətinə əsasən Ərizəçi xx.xx.1978-ci il tarixdə H.Aslanov adına ətçilik-maldarlıq sovxozuna fəhlə təyin edilmiş, xx.xx.1981-ci il tarixdə sovxozun ayrılması ilə əlaqədar olaraq H.Aslanov adına sovxozda fəhləlikdən azad edilmiş və Ə. Verdiyev adına sovxoza fəhlə təyin edilmişdir. xx.xx.1990cu il tarixdə Ə.Verdiyev adına sovxozun ləğv edilib onun balansında yeni kolxozların yaradılması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilib. xx.xx.1993-cü il tarixdə 1 №-li Tikiş Fabrikində tikişçi şagirdi qəbul edilməsi (imza və möhürlə təsdiq edilməmiş), xx.xx.1993-cü il tarixində 1-ci dərəcəyə verilməsi (imza və möhürlə təsdiq edilməmiş), xx.xx.1993-cü il tarixində 2-ci dərəcəyə verilməsi (imza və möhürlə təsdiq edilməmiş), xx.xx.1993-cü il tarixində 3-cü dərəcəyə verilməsi (imza və möhürlə təsdiq edilməmiş), xx.xx.1993-cü il tarixində 4-cü dərəcəyə verilməsi (imza və möhürlə təsdiq edilməmiş), xx.xx.1997-ci il tarixdə Bakı Tikiş açıq tikiş s/c-ti olması (imza və möhürlə təsdiq edilməmiş), xx.xx.1998-ci il tarixində 5-ci dərəcəyə verilməsi (imza və möhürlə təsdiq edilməmiş), xx.xx.1998-ci il tarixdə Bakı tikiş Azərb-Çin birgə qapalı tikiş səhmdar cəmiyyəti (imza və möhürlə təsdiq edilməmiş), xx.xx.2000-ci il tarixdə öz xahişi ilə işdən azad edilməsi qeyd edilmişdir. xx.xx.2000-ci il tarixdə “ANVA" MMC-nə tikişçi peşəsi üzrə işə qəbul edilməsi (imza və möhürlə təsdiq edilməmiş), xx.xx.2003-cü il tarixdə öz xahişi ilə işdən azad edilməsi qeyd edilmişdir. xx.xx.2003-cü il tarixdə X10 S.R. fərdi tikiş sexinə tikişçi peşəsi üzrə işə qəbul edilməsi qeyd edilmiş, lakin imza və möhürlə təsdiq edilməmişdir. Həmçinin ərizəçinin işdən azad edilməsi barədə hər hansı qeyd mövcud deyil. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1- dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. İş stajının təsdiq olunması üçün: Ən azı iki nəfər şahid olmalı; Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi xx.xx.1990-ci ildən xx.xx.1993-cü il tarixədək Ə.Verdiyev sovxozunda fəhlə kimi, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi sahibkar Cəfərov S.R-ə məxsus fərdi tikiş sexində tikişçi vəzifəsində işləməsi faktının təsdiq edilməsi yalnız Ərizəçi ilə eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkündür. Göstərilənlərə əsasən, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair 2(001)-5864/2023 nömrəli iş üzrə ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi və onun nümayəndəsi və vəkili ərizəni müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi etirazı müdafiə edərək, ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə həm eyni rayonda - Laçın rayonunda yaşamış, həm də eyni yerdə işləmişdir. O, 1977-ci ildə oxuyub qurtarandan sonra 1981-ci ildə Ə.Verdiyev adına sovxozda (daha sonra Ə.Verdiyev adına Sovxozun bazasında yaradılmış yeni kolxoz adlandırılmışdır) fəhlə, daha sonra mühasib vəzifəsində çalışmağa başlamışdır. Ərizəçi fəhlə kimi 1981-ci ildən 1993-cü ilin yanvar ayının sonuna kimi onla birlikdə işləmişdir. O, 1993-cü ildə məlum hadisələrlə bağlı vəzifəsindən azad edilmişdir. Onun qızlıq soyadı İsmayılova olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, o, 1977-ci ildən 1993-cü ilin sonuna qədər Laçın rayonunda Ə.Verdiyev kolxozunda müxtəlif vəzifələrdə işləmişdir. Ərizəçi da fəhlə kimi 1981-ci ildən 1993-cü ilin yanvar ayının sonuna qədər onlarla birlikdə işləmişdir. İş yoldaşları kimi münasibətləri yaxşı olmuşdur. Daha sonra erməni təcavüzkarlarının işğalı nəticəsində Laçın rayonundan məcburi olaraq çıxarıldılar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Ə.Verdiyev adına sovxozda (daha sonra Ə.Verdiyev adına Sovxozun bazasında yaradılmış yeni kolxoz adlandırılmışdır) fəhlə işləmişdir. Ərizəçi da 1981-ci ildən o, işdən azad olunanadək onunla birlikdə fəhlə işləmişdir. 1992-ci ildə o, işdən azad edilmiş. Nazilə isə işləməyə davam etmişdir. Onun qızlıq soyadı Quliyeva olmuşdur. İş materiallarında olan: ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, X6 xx.xx.1978-ci il tarixdə H.Aslanov adına ətçilik sovxozuna fəhlə təyin edilmiş, xx.xx.1981-ci il tarixdə Sovxozun ayrılması ilə əlaqədar olaraq H.Aslanov adına sovxozda fəhləçilikdən azad edilərək, Ə.Verdiyev adına sovxoza fəhlə təyin edilmiş, xx.xx.1990-cı il tarixdə Ə.Verdiyev adına sovxozda işdən azad edilmiş, xx.xx.1993-cü il tarixdə 1 nömrəli tikiş fabrikinə tikişçi işinə qəbul edilmiş, xx.xx.2000-ci il tarixdə həmin işdən azad edilmişdir. xx.xx.2000-ci il tarixdə "xxxx" MMC-yə tikişçi peşəsi üzrə işə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə isə işdən azad edilmişdir. Həmin əmək kitabçasının 15-ci qeyd hissəsində göstərilir “xx.xx.2003, X10 Ş.R fərdi tikiş sexinə tikişçi peşəsi üzrə işə qəbul edilsin. Əmr №3/03, xx.xx.2003” Göstərilən qeyd imza və möhürlə təsdiqlənməmişdir. AA 428253 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi məcburi köçkün kimi Yasamal rayonunda məskunlaşmışdır. Laçın Rayon Dövlət Arxivinin vəkil Nümayəndə1 ünvanladığı xx.xx.2023-cü il tarixli, 20 nömrəli məktubdan görünür ki, Laçın rayonunun ərazisi xx.xx.1992-ci il tarixdə Ermənistan ordusunun silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün rayona məxsus bütün arxiv sənədləri işğalda qalıb. Ona görə də Ərizəçi 1978-ci il tarixindən xx.xx.1992-ci il tarixə kimi Ə.Verdiyev adına Sovxozda işləyib işləməməsi barədə arxivdə heç bir məlumat yoxdur. İşğaldan sonrakı dövr yəni xx.xx.1993-cü il tarixədək hər hansı bir işdə işləməsi barədə arxivdə heç bir məlumat aşkar olunmamışdır. Laçın Rayon İcra Hakimiyyətinin Səfiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Laçın rayonu Səfiyan kənd sakini Aslanova X4 rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, ev 189, 4-cü mədənin yanı ünvanında məskunlaşmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Ş.R.Cəfərovanın adının, soyadının tam göstərilməməsi, həmçinin barəsində digər hər hansı məlumatın (FİN, şəxsiyyət vəsiqəsinin nömrəsi) təqdim edilməməsi səbəbindən onun uçotda olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən vətəndaş Ərizəçi (FİN xxxxxxx) hər hansı bir sığortaedən tərəfindən sığortaolunan kimi uçota alınmamış, həmçinin xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmamışdır. Fərdi Sahibkarın (sığortaedən) “Cəfərova Ş.R” barədə rekvizitlər (VÖEN və ya SUN) qeyd edilməmişdir. Sığortaedənə aid rekvizitlər tərəfinizdən təqdim ediləcəyi halda müraciətdə qeyd olunan məlumatların təqdim edilməsi məsələsinə yenidən baxılacaqdır. ИТ –İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X1 xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı il tarixə qədər, həmçinin xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixə qədər Ə.Verdiyev adına sovxozda çalışmışdır. ИТ –İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixə qədər Ə.Verdiyev adına sovxozda çalışmışdır. ИТ –İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixə qədər, xx.xx.1991-ci il tarixdən xx.xx.1992ci il tarixə qədər Ə.Verdiyev adına sovxozda fəhlə işləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.1-ci və 13.4-cü bəndlərində göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2- 1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki, ərizəçi xx.xx.1978-ci il tarixdə H.Aslanov adına ətçilik sovxozuna fəhlə təyin edilmiş, xx.xx.1981-ci il tarixdə Sovxozun ayrılması ilə əlaqədar olaraq H.Aslanov adına sovxozda fəhləçilikdən azad edilərək, Ə.Verdiyev adına sovxoza fəhlə təyin edilmiş, xx.xx.1990-cı il tarixdə Ə.Verdiyev adına sovxozda işdən azad edilmişdir. Bunlar onun əmək kitabçasında qeyd olunmuş, lakin xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ə.Verdiyev adına Sovxozun bazasında yaradılmış yeni kolxozda işləməsi əmək kitabçasında qeyd olunmamışdır. Daha sonra məlum hadisələrlə bağlı ərizəçi yaşadığı rayonu tərk etmiş və əmək kitabçasında bununla bağlı müvafiq qeydlərin aparılması mümkün olmamışdır. Məhkəmə iclasında dindirilən şahidlər ərizəçinin xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ə.Verdiyev adına Sovxozun bazasında yaradılmış yeni kolxozda işləməsi faktını təsdiq etmişlər. Ona görə məhkəmə belə qənaətə gəlir ki, ərizə bu hissədə təmin edilməli, Ərizəçi xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ə.Verdiyev adına Sovxozun bazasında yaradılmış yeni kolxozda fəhlə işləməsi faktı müəyyən edilməlidir. Məhkəmə ərizənin “xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X10 Ş.R-ya aid fərdi tikiş sexində tikişçi peşəsi üzrə işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” hissəsi ilə əlaqədar isə qeyd edir ki, ərizəçi onun əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi üçün məhkəməyə müraciət etsə də, ərizəsinə tələbini müəyyən edən fakt və hallarla əlaqədar olan yazılı və digər sübutlarını əlavə etməmiş, o cümlədən əmək kitabçaları olmaqla onunla birlikdə ərizədə göstərilən müddətlərdə eyni müəssisədə birlikdə işlədiklərini təsdiq edəcək şahidlərin mövcud olubolmaması barədə məhkəməyə hər hansı məlumat verməyərək, müvafiq tələblərə cavab verən şahidləri məhkəmə iclasına dəvət etməmişdir. Öz növbəsində Məhkəmə ərizədə göstərilən halların aydınlaşdırılması üçün dövlət orqanlarına sorğu versə də, ərizəçi tərəfindən işəgötürənin adı, soyadı və digər rekvizitlər tam şəkildə təqdim edilmədiyindən dövlət orqanları işəgötürən barədə hər hansı məlumat verə bilməmişlər. Ona görə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə bu hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1 və 9.1.20 maddələrinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ə.Verdiyev adına Sovxozun bazasında yaradılmış yeni kolxozda fəhlə işləməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-499/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-499/2024
10.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver