Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4999/2022 10.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi barədə iddia ərizəsinə dair mülki işə 10 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsində yerləşən 3 “A” saylı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 1992-ci ildə X3 ilə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Evləndikdən sonra iddia tələbində göstərilən evdə yaşamış, lakin başqa ünvanda qeydiyyatda olmuşdur. Əri 06 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Hazırda göstərilən evdə yaşamaq istəsə də, cavabdeh, yəni qızı Aytac onu evə buraxmır. Evin yerləşdiyi torpaq sahəsi əri ilə Rəsulzadə bələdiyyəsi arasında bağlanmış “torpağın alğı-satqısına dair akt”la rəsmiləşdirilmiş, torpağın dəyəri bank vasitəsilə tam məbləğdə ödənilmişdir. O, 1992-ci ildən evdə 30 ilə yaxın müddət ərzində yaşamaqla, bu evə yaşayış hüququ qazanmışdır. Lakin, qızı onu evə buraxmadığından, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, anası ilə birgə yaşamaq istəmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, iddiaçının qonşusudur. Həqiqətən də, İddiaçı 25-30 ildir ki, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsində yerləşən 3 “A” saylı evdə, onun qonşuluğunda yaşamışdır. Hazırda iddiaçı həmin üvnanda, həyətdə tikili mətbəxdə yaşayır, çünki qızı onu evə buraxmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində iddiaçının qonşusu olduğunu bildirib, digər şahidin ifadəsinə uyğun ifadə verdi. Mülki iş materiallarında olan: - “Torpaqların alqı-satqısına dair akt”dan görünür ki, 28 aprel 2005-ci il tarixdə Rəsulzadə qəsəbə bələdiyyəsi tərəfindən X1 0,016 ha. torpaq sahəsi satılmışdır. - Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələciyyəsinin 29 aprel 2005-ci il tarixli, 79 saylı Qərarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 3 “a”-da yaşayan X2 evin yerləşdiyi 160 kv.metr torpaq sahəsi əlavə edilmiş eskizə uyğun olaraq heç bir inşaat-tikinti işləri aparılmamaq şərtilə, alqı-satqı yolu ilə mülkiyyətinə verilmişdir. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı 21 noyabr 1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 06 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iddiaçının, cavabdehin izahatını, şahid ifadələrini dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43.1-ci maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd olunan konstusion normanın tələbinə əsasən yaşayış sahəsinə köçürülmə ilə bağlı iddialara mahiyyəti üzrə baxılarkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: - şəxs köçürülmək istədiyi yerdə yaşamışdırmı? - şəxs yaşadığı yerdən məhrum edilmişdirmi? - şəxsin yaşadığı yerdən məhrum edilməsi qanuni olmuşdurmu? İlk 2 xüsusat, yəni, iddiaçının mübahisə predmeti olan evdə yaşaması və yaşadığı yerdən məhrum edilməsi, yuxarıda qeyd olunduğu kimi işin mübahisələndirilməyən hallarıdır. Sonuncu hal, yəni şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub – olmaması ilə bağlı məhkəmə aşağıdakılar qeyd etməyi zəruri hesab edir: Belə ki, işin halları ilə təsdiq olunur ki, mübahisəli mənzildə tərəflərin yaşamaları işin mübahisələndirilməyən halıdır. Həmin ev dövlət qeydiyyatına alınmadığından tərəflərdən hər hansı birinin həmin evə münasibətdə əşya hüququ olmamış, onların yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni olmuşdur. Hal-hazırda cavabdeh həmin evdə yaşayaraq evə olan ehtiyaclarını təmin etmişdir. Belə olan halda cavabdeh mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. İddiaçının yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəblərə görə çıxması onun həmin sahədə yaşamaq hüququnun itirilməsinə səbəb ola bilməz. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış yaşayış sahələrindən istifadə hüququnun əsasları Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa tənzimlənmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki mübahisəyə mülki qanunvericilik analogiya üzrə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən 3 “a” saylı yaşayış evinə köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddiası təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsində yerləşən 3 “a” saylı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4999/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4999/2022
10.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver