Məhkəmə qərarları › İş №2(001)-5026/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5026/2020

30.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5026/2020 30.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Qasımova (Quliyeva) Nərgiz Vəli qızına qarşı “nikahın etibarsiz hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Qasımova (Quliyeva) Nərgiz Vəli qızına qarşı “nikahın etibarsiz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi rayonu, Şaumyan kənd Sovetliyi tərəfindən xx.xx.1989-cu il tarixdə qeydə alınmış (N4) mərhum əri X7 ilə cavabdeh arasında bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X7 xx.xx.1989-cu il tarixdə X5 ilə Ağcabədi rayonu, Şaumyan kənd Sovetliyində rəsmi nikah bağlamışdır. Nikah bağlandıqdan sonra X2 bilinmədən evdən çıxıb getmişdir. X7 iddiaçı ilə xx.xx.1990-cı il tarixdə Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayon VVAQ şöbəsində rəsmi nikaha daxil olmuş və nikahın bağlanması haqqında akt qeydləri kitabında 690 nömrə ilə qeyd edilmişdir. X7 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və ölümündən sonra iddiaçıya məlum olmuşdur ki, X7 hələ də X5 ilə nikahdadır, onların nikahı rəsmi pozulmadan iddiaçı ilə nikaha girmişdir. Sözügedən nikahının qüvvədə olması iddiaçı və ailəsi üçün problemlər yaradır. Buna görə də mərhum əri X7 ilə X5 arasında qeyd edilmiş nikah etibarsız sayılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi-vəkili S.Mustafayev iddianı müdafiə edərək tələbin təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 ilə Əliyeva (Hacıyeva) Tərifə Əli qızı xx.xx.1990-cı il tarixdə Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayon VVAQ şöbəsində rəsmi nikaha daxil olmuş və nikahın bağlanması haqqında akt qeydləri kitabında 690 nömrə ilə qeyd edilmişdir. - ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və bu barədə akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 401 nömrə ilə qeyd edilmişdir. - nikah haqqında şəhadətnamənin surətindən və Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X7 ilə X5 xx.xx.1989-cu il tarixdə Ağcabədi rayonu, Şaumyan kənd Sovetliyində rəsmi nikaha daxil olmuş və nikahın bağlanması haqqında akt qeydləri kitabında 4 nömrə ilə qeyd edilmişdir. - 1 saylı Bakı “Asan Xidməti” Mərkəzinin qeydiyyat şöbəsinin 21.011.2020-ci il tarixli 05/Q- 1280/13 saylı məktubundan görünür ki, X3 Ağcabədi rayon, Şaumyan kənd Sovetliyi tərəfindən qeydə alınmış xx.xx.1989-cu il tarixli 4 saylı akt qeydinə əsasən X7 ilə; Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1992-ci il tarixli 422 saylı akt qeydinə əsasən X6 ilə nikahı qeydə alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -25.1-ci maddəsinin tələbinə əsasən “nikah, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3cü maddəsində müəyyən edilmiş şərtlər pozulduqda, eləcə də tərəflərdə birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah), etibarsız sayılır” -25.2-ci maddəsinə əsasən “nikah məhkəmə qaydası ilə etibarsız sayıla bilər.” -25.4-cü maddəsinə əsasən “etibarsız hesab edilmiş nikah onun bağlanıldığı gündən etibarsız sayılır.” Məhkəmə Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, nikaha daxil olmaq istəyən şəxslərin ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olduqda, onlar arasında nikahın bağlanması yol verilməzdir. Bu qadağa təknikahlıq (monoqamiya) prinsipinin məzmunundan irəli gəlir. Kişi və qadın yalnız bir qeydə alınmış nikahda ola bilərlər. Əvvəllər qeydə alınmış nikahda olan kişi və ya qadın yeni nikaha daxil olarkən mütləq əvvəlki nikahın pozulması barədə sənədi qeydiyyat orqanına təqdim etməlidirlər. Əks halda, nikah bağlana bilməz və bağlanan nikah AM-in 25-ci maddəsinə uyğun olaraq etibarsız sayılmalıdır. Belə ki, Ailə Məcəlləsinin 26.1.6-cə maddəsinə əsasən, həmin Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, həmin Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyət orqanı nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu hüquq saxta nikahın bağlandığını bilməyən ərə də (arvada) verilir. Beləliklə, Məhkəmə qeyd edir ki, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Bu halda nikahın bağlanmasındakı məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsidir (məsələn, yaşayış sahəsinə hüquq əldə etmə, ərin(arvadın) yaşadığı yerə qeydiyyata alınma, pensiya hüququ və s.).Nikah ailə qurmaq məqsədilə deyil, görünüş üçün bağlanıldıqda məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, əvvəllər X8 ilə cavabdeh N.Qasımovanın (Quliyevanın) ailə qurmaq niyyəti olsa da, sonradan onların münasibətləri pozulmuş və onlar ayrılmağa qərar vermişlər. Beləliklə, onlar rəsmi olaraq nikaha daxil olsalar da, ər-arvad münasibətlərində olmamış, birgə təsərrüfatı idarə etməmişlər. Bununla yanaşı X8 və cavabdeh N.Qasımova (Quliyeva) sonradan ayrı-ayrılıqda müxtəlif vaxtlarda hər ikisi başqa şəxslərlə müvafiq qeydiyyat şöbəsində qeyd etdirməklə rəsmi nikaha daxil olmuşlar ( X8 ilə İddiaçı xx.xx.1990-cı il tarixdə, X6 ilə X5 isə xx.xx.1992-ci il tarixdə nikahlarını qeydə aldırmışlar). Beləliklə, məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, X7 ilə X5 arasında xx.xx.1989-cu il tarixdə Ağcabədi rayonu, Şaumyan kənd Sovetliyində bağlanmış və akt qeydləri kitabında 4 nömrə ilə qeyd olunmuş rəsmi nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. X7 ilə X5 arasında xx.xx.1989-cu il tarixdə Ağcabədi rayonu, Şaumyan kənd Sovetliyində bağlanmış və akt qeydləri kitabında 4 nömrə ilə qeyd olunmuş rəsmi nikah etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar