Məhkəmə qərarları › İş №2(001)-5036/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5036/2024

20.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5036/2024 20.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu, himayəsində olan qızı 21 mart 2009-cu il təvəllüdlü X7 və 11 iyun 2010-cu il təvəllüdlü X1 əri Cavabdeh tək yaşadığı Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilən lakin dövlət qeydiyyatına alınmamış hər mərtəbəsi 143 kvadrat metrdən ibarət olan 3 mərtəbəli evə köçürülmələri və həmin evdən istifadə etmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx xxx 1978-ci il təvəllüdlü Cavabdeh ilə 2008-ci il mart ayının 18-də rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 21 mart 2009-cu il təvəllüdlü X7, 11 iyun 2010-cu il təvəllüdlü X8 və 01 sentyabr 2013-cü il təvəllüdlü X6 adlı uşaqları dünyaya gəlmişlər. Əri onu döyüb evdən qovduğuna görə verdiyi iddia əsasında aralarında olan nikaha Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-835/2021 saylı qətnaməsi ilə xitam verilmişdir. Nəticədə birgə nikahdan doğulmuş qızları onun himayəsində, oğlu Tamerlan isə keçmiş ərinin himayəsinə verilmişdir. Birgə nikah dövründə əldə etdikləri daşınar və daşınmaz əmlaklar olan Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda 2009-cu ilin aprel ayından 2014-cü ilin fevral ayına kimi olan müddət ərzində tikilən lakin müvafiq dövlət qeydiyyatına alınmamış hər mərtəbəsi 143 kvadrat metrdən ibarət olan 3 mərtəbəli evin, içərisində olan əşyaların və digər əmlakın bölünməsi barədə verdiyi iddiaya baxılaraq müvafiq qətnamə çıxarılmışdır. Həmin qətnamələrə görə ev əşyalarının aralarında bölüşdürülməsi barədə qərar qəbul edilsə də, evinin birgə nikah dövründə tikilməsini sübut edə bilmədiyinə görə evin tikilməsinə çəkilən xərcin bölünməsi barədə verdiyi pul tələbinə dair iddiyaya baxılaraq xx.xx.2023-cü il tarixli 2(001)-158/2023 saylı qətnamə ilə iddianı təmin etməmişdir. Onu əri döyüb evdən qovduqdan sonra müxtəlif ünvanlarda anası və iki qızı ilə birlikdə kirayələrdə yaşamağa başlamışdır. Sonradan anası öz evini satıb pulunu qardaşı ilə böldükdən sonra özünə qeyd etdiyi ünvanda 42 kv/metr sahəsi olan mənzil almışdır. O, da anasının yanında yaşamağa başlamışlar. Hazırda qızları böyüyür və yaşayış evinin sahəsi az olduğundan artıq həmin evdə yaşamaqları çətinləşmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə birgə nikahlarından 3 uşaqları var, məhkəmə qətnaməsi ilə oğlu cavabdehin himayəsində, qızlar isə onun himayəsində saxlanmışdır. Böyük qızı cavabdehin istəyi ilə anasının yanında yaşayır, məktəbə yaxın olduğu üçün. Həmçinin bildirdi ki, o, iki qızı ilə birlikdə çıxdıqdan sonra cavabdeh həmin evdə yaşayır. O, istəyir ki, övladları bir yerdə yaşasınlar. Göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia təbini, eləcə də iddiaçının göstərdiyi dəlilləri müdafiə edərək izahatında bildirdi ki, mübahisəli mənzilə dair yalnız torpaq sənədi var. Əvvəlki məhkəmə iclaslarında sübut edə bilmədilər ki, həmin ev birgə nikan dövründə tikilib. İddia tələbinin təmin edilərək iddiaçını, himayəsində olan qızı 21 mart 2009-cu il təvəllüdlü X7 və 11 iyun 2010-cu il təvəllüdlü X1 əri Cavabdeh tək yaşadığı Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilən lakin dövlət qeydiyyatına alınmamış hər mərtəbəsi 143 kvadrat metrdən ibarət olan 3 mərtəbəli evə köçürülmələri və həmin evdən istifadə etmələri barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixdə Cavabdeh elektron kabinet vasitəsi ilə iddia tələbinə dair etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddia ərizəsinə etiraz olaraq bildirir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-113/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh adına qeydiyyatda olan 2007-ci il istehsal lı, ağmirvari rəngli, mühərrik nömrəsi 1GR5540324, ban nömrəsi JTEBU25J485114247 olan “Toyota Land-Cruiser” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ilə Cavabdeh birgə mülkiyyəti hesab edilsin, avtomobilin üzərində İddiaçı və Cavabdeh hərəsinin ½ hissədə payları müəyyən edilsin, avtomobilin dəyəri olan 25000 manatın ½ hissəsini təşkil edən 12500 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı qızma verilməsi və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 23 noyabr 2006-cı il tarixli, 237/69 nömrəli qərarı İlə Cavabdeh ayrılmış torpaq sahəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində İnşa edilmiş dövlət qeydiyyatına alınmamış 3 mərtəbəli fərdi yaşayış evində olan, ümumi dəyəri 16670 manat təşkil edən əşyalar İddiaçı ilə Cavabdeh birgə mülkiyyəti hesab edilmiş, əşyaların üzərində İddiaçı və Cavabdeh hərəsinin ½ hissədə payları müəyyən edilsin, əşyaların dəyərinin ½ hissəsini təşkil edən 8335 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Göründüyü kimi, sözügedən evlə bağlı artıq məhkəmə mübahisəsi olmuş və bu hal məhkəmədə öz həllini tapmışdır. İddiaçının yenidən həmin evlə bağlı hər hansı iddia irəli sürməyi əsassızdır. Yuxarıda qeyd olunan məhkəmə qərarı ilə iddiaçının həmin evdə hər hansı hüququnun olmadığı, yalnız evdə olan əşyaların birgə nikah dövrünə aid olaraq bölünməsi qərara alınmışdır. Məhkəmə qərarları ilə iddiaçı iki uşağa görə ondan aliment alır. Bundan başqa 16670 və 8335 manatın ondan alınaraq ona verilməsi qət edilmişdir. Lakin bunlar iddiaçını qane etmir və onunla prinsip aparır. İddiaçının bu iddiası da onun onunla prinsipial mövqedə olmasını sübut etməkdən başqa bir şey deyil. Çünki iddiaçı nikah pozulandan etibarən anasının evində yaşamışdır və bu illər ərzində onun sözügedən evə köçməsi marağında olmamışdır. Lakin artıq onunla prinsip aparmaq üçün iddia tələbi bitdiyinə görə indi də evə köçürülmə ilə bağlı iddia vermişdir. Bildirir ki, iddiaçının həmin evdə hər hansı hüquq yoxdur. Həmçinin bu iddianı qaldırmaq üçün də subyektiv hüququ yoxdur. Göstərdiklərini nəzərə alaraq İddiaçı ona qarşı onun, 21 mart 2009-cu il təvəllüdlü X5 və 11 İyun 2010-cu il təvəllüdlü X4 Bakı şəhəri, Binəqədi rayonu, Binəqodi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilən, lakin dövlət qeydiyyatına alınmamış, hər mərtəbəsi 143 kv.m olan 3 mərtəbəli evə köçürülmələri və həmin evdən istifadə etmələri tələbinə dair iddiası əsassız hesab olunaraq rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-835/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair ilk iddiası qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 18 mart 2008-ci il tarixdə Bakı Nikah Evində bağlanmış 426 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından olan uşaqları - 21 mart 2009-cu il təvəllüdlü X7 və 11 iyun 2010-cu il təvəllüdlü X4 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, 11 iyun 2010-cu il təvəllüdlü X4 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəli 02 avqust 2021-ci il tarixdən hesablanması, aliment hesablanarkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(001)-835/2021 saylı qərardadının nəzərə alınması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı uşaqların atanın himayəsinə verilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək, 01 sentyabr 2013-cü il təvəllüdlü X3 atası Cavabdeh yanında saxlanmasının müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin edilməməsi və qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-113/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikah münasibətlərində olduqları dövrdə Bakı şəhər, Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 2009-cu ilin aprel ayından 2014cü ilin fevral ayına kimi olan müddət ərzində tikilən, hər mərtəbəsi 143 kv.metrdən ibarət olan, 130000 manata qiymətləndirilmiş 3 mərtəbəli evin, həmin evdə ümumi dəyəri 16670 manat olan əşyaların, 2017-ci ilin fevral ayında 18000 manata alınmış 2013-cü il buraxılışlı, qara rəngli, **-MP-*** dövlət qeydiyyat nişanlı ‘X9’ markalı avtomobilin, 2017-ci ildə 28000 manata alınmış 2013-cü il buraxılışlı, qara rəngli ‘Mercedes Viano’ markalı, **- MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 2017-ci ildə 21000 manata alınmış 2012-ci il istehsallı ‘Lexus’ markalı elektrik mühərrikli, ağ rəngli **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin və 2016-cı ildə 24000 manata alınmış, 2007-ci il istehsallı, ağ rəngli ‘X14’ markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin, habelə 2020-ci ilin may ayında bankdan 50000 manat kredit götürülərək İsmayıllı rayonunda alınmış torpaq sahəsinin cavabdehlə aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə xx.xx.2020-ci il tarixli kredit limiti müqaviləsinə əsasən "xxxx" ASC-dən kredit alaraq alınmış 50000 manat və "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli Xidmət Müqaviləsinə əsasən yaranmış 217498,73 manat, cəmi 267498,73 manat öhdəliyin ½ hissəsini təşkil edən 133749,4 manat pulun İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair ilk iddiası qismən təmin edilərək, Cavabdeh adına qeydiyyatda olan 2007-ci il istehsallı, ağmirvari rəngli, mühərrik nömrəsi 1GR5540324, ban nömrəsi JTEBU25J485114247 olan “Toyota Land-Cruiser minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ilə Cavabdeh birgə mülkiyyəti hesab edilsin, avtomobilin üzərində İddiaçı və Cavabdeh hərəsinin ½ hissədə payları müəyyən edilsin, avtomobilin dəyəri olan 25000 manatın ½ hissəsini təşkil edən 12500 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 23 noyabr 2006-cı il tarixli, 237/69 nömrəli qərarı ilə Cavabdeh ayrılmış torpaq sahəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində inşa edilmiş dövlət qeydiyyatına alınmamış 3 mərtəbəli fərdi yaşayış evində olan, ümumi dəyəri 16670 manat təşkil edən əşyalar İddiaçı ilə Cavabdeh birgə mülkiyyəti hesab edilsin, əşyaların üzərində İddiaçı və Cavabdeh hərəsinin ½ hissədə payları müəyyən edilsin, əşyaların dəyərinin ½ hissəsini təşkil edən 8335 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməsi, ilk iddianın digər hissələrdə təmin edilməməsi, ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə yaranmış borc öhdəliyinin bölünməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməsi və məhkəmə – əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi ilə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamə ilkin iddia üzrə İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7250/2022 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(001)- 113/2022 saylı qətnaməsi mübahisələndirilən - ilkin iddianın təmin edilməyən “Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən torpaq sahəsinin bölünməsi” hissəsində ləğv olunaraq, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbi mübahisələndirilən həmin hissədə təmin olunmamış, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən cəmi ümumi sahəsi 10.5002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı və Cavabdeh hər birinin ½ (ikidə bir) hissədə paylarının müəyyən edilməsi, qətnamə mübahisələndirilən qalan - “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində inşa edilmiş 3 mərtəbəli fərdi yaşayış evinin dəyərinin tərəflər arasında bölünməsinin rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1245/2023 saylı qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(103)- 7250/2022 saylı qətnaməsi və xx.xx.2022-ci il tarixli, 2(103)-7250/2022 saylıqətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-158/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş olan və 130000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilmiş evin dəyərinin yarısı olan 65000 manatın və birgə nikah dövründə İsmayıllı rayonu, Kəlbənd kəndində bağ salmaq məqsədilə alınmış 10 ha torpaq sahəsinin dəyəri olan 50000 manat pulun yarısı olan 25000 manat pulu, cəmi 90000 manatın və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmənin qeyd edilən qətnaməsi ilə iddia tələbi təmn edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzilə digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Konstitusia Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İlk növbədə qeyd olunmalıdır ki, mənzilə köçürülmə tələbi üzrə mübahisələrin həlli ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrıayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X22rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Hazırki iş üzrə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh 18 mart 2008-ci il tarixdə rəsmi nikaha daxil ailə qurmuş, həmin nikahdan 21 mart 2009-cu il təvəllüdlü X7, 11 iyun 2010cu il təvəllüdlü X8 və 01 sentyabr 2013-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşlar. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-835/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 18 mart 2008-ci il tarixdə Bakı Nikah Evində 426 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş və birgə nikahdan olan 21 mart 2009-cu il təvəllüdlü X7 və 11 iyun 2010-cu il təvəllüdlü X8 anası İddiaçı yanında qalması, 01 sentyabr 2013-cü il təvəllüdlü X3 isə atası Cavabdeh yanında saxlanması qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, tərəflərin birgə nikah dövründə Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda 2009-cu ilin aprel ayından 2014-cü ilin fevral ayınadək hər mərtəbəsi 143 kvadrat metrdən ibarət olan, müvafiq dövlət qeydiyyatına alınmamış 3 mərtəbəli ev inşa edilmiş, tərəflər həmin evdə yaşayaraq birgə təsərrüfat aparmışlar. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən evdə yaşamasını cavabdehdə inkar etməməklə yanaşı, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-113/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş iddiaçının əşyalarının həmin evdə olması bu faktı bir daha təsdiq edir. İddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır, eləcə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh və onun ailəsi tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olduğu prezumpsiyadır və bunun əksini sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşməkdədir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il il tarixli qərarında vurğulanmışdır ki, “Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır”. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Cavabdeh mübahisəsi gedən evə dair mövcud olan qanuni prezumsiyanın həqiqi olmadığını təsdiq edə biləcək heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində belə hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Hazırkı işdə yuxarıda qeyd olunan hər üç halın mövcudluğu iş üzrə təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı, himayəsində olan qızı 21 mart 2009-cu il təvəllüdlü X7 və 11 iyun 2010-cu il təvəllüdlü X8 ilə birlikdə keçmiş əri Cavabdeh yaşadığı Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilən dövlət qeydiyyatına alınmamış hər mərtəbəsi 143 kvadrat metrdən ibarət olan 3 mərtəbəli evə köçürülməli və onlar həmin evdən istifadə etməlidirlər. Azərbaycan Respubliikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı, himayəsində olan qızı 21 mart 2009-cu il təvəllüdlü X7 və 11 iyun 2010-cu il təvəllüdlü X8 ilə birlikdə keçmiş əri Cavabdeh yaşadığı Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilən dövlət qeydiyyatına alınmamış hər mərtəbəsi 143 kvadrat metrdən ibarət olan 3 mərtəbəli evə köçürülsünlər və onlar həmin evdən istifadə etsinlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar