Məhkəmə qərarları › İş №2(001)-5075/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5075/2021

14.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5075/2021 14.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb edilməklə) “ünvanlı dövlət sosial yardımın müəyyən olunması” barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun ailə vəziyyətini, 4 azyaşlı körpələrini və Nazirlik tərəfindən dəfələrlə bilə-bilə müraciətinə imtina verilməsini nəzərə alınmasını və onun ailəsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı sosial yardımın verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən aşağıda göstərilənlərə əsasən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş 8dab3006d7ec48ef8d5197a25baefdd8 nömrəli elektron bildirişdən görünür ki, abonent kodu barədə məlumatın və telefon nömrəsinin gizlədilməsi səbəbindən ərizəçiyə sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında qərarın 14-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inzibati orqan kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2, 2.2.2 və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarın 2 və 4-cü bəndlərində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, hazırkı mübahisə ərizəçiyə ünvanlı sosial yardımın təyin edilməməsi ilə əlaqədar yaranmaqla, ümumi (publik) hüququnun nizamasalma predmetinə aiddir. Belə olan halda, ərizəçi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında yaranan münasibətlər inzibati mübahisə kateqoriyasına aid olduğundan bu tələbə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, inzibati icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmçinin qeyd etməyi zəruri hesab edirəm ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Beləliklə, təsvir edilənlərə əsasən hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizəçiyə hazırki tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb edilməklə) “ünvanlı dövlət sosial yardımın müəyyən olunması” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə hazırki tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar