Məhkəmə qərarları › İş №2(001)-5075/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5075/2025

07.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5075/2025 07.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, xx xxxx 1975-ci il tarixdə Laçın rayonunun Kürdhacı kəndində doğulmuşdur. X2, anası isə X3 olmuşdur. X2 16 mart 1986cı il tarixdə, anası X3 isə 21 dekabr 2018-ci il tarixdə vəfat etmişdir. Bu faktların təsdiqi nikah haqqında şəhadətnamənin və ölüm haqqında şəhadətnamələrin surətlərində öz əksini tapmışdır. Onun doğum haqqında şəhadətnaməsi olmuşdur, həmçinin şəxsiyyət vəsiqəsi də vardır. Lakin hazırda doğum haqqında şəhadətnaməsi naməlum səbəblərdən itmişdir. Bu səbəbdən o, doğum akt qeydinin bərpa olunması ilə bağlı 7 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsində ona izah olunmuşdur ki, onun doğum haqqında akt qeydi yalnız doğumun qeydə edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə müvafiq rayon (rayon (şəhər)) məhkəməsinin qətnaməsi əsasında bərpa edilə bilər. Həmin qurumun 21 may 2025-ci il tarixli məktubu ilə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti Aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları»nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəsinin təmin edilməsinin qeyri-mümkün olduğu bildirilmişdir və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bütün sənədlərində və həmçinin şəxsiyyətini təsdiq edən sənəddə onun doğulduğu tarix və yer göstərilmişdir. Doğum haqqında şəhadətnamə ona bir sıra məsələlərin həll edilməsi və sənədləşmə işlərinin həyata keçirilməsi üçün lazımdır. Ərizəçi ərizəsini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.2.3, 307.2.11, 308 və 309-cu maddələri ilə əsaslandıraraq, doğum akt qeydinin bərpa olunması və həmin akt qeydində onun doğum tarixinin xx xxxx 1975-cü il kimi, ata qrafasında atasının X5 və ana qrafasında anasının X1 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğumun qeyd edilməsi faktının təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 7 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-69-210/25 №-li məktubdan görünür ki, qeydiyyat şöbəsi tərəfindən onun müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 1-ci bəndinə əsasən kifayət qədər əsas olmadığından ərizənin təmin edilməsi mümkün deyildir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 988674 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 21 dekabr 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İİİ-ЖГ seriyalı, 309492 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 16 mart 1986-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan AMU seriyalı 00008 nömrəli Diplomun surətindən görünür ki, Ərizəçi “PROBLEM” Milli Təhsil Mərkəzinin Azərbaycan Milli Universitetində jurnalistika ali peşə istiqaməti üzrə tam kursu bitirmişdir. Attestasiya komissiyasının 30 may 1998-ci il tarixli qərarı ilə Ərizəçi jurnalistika ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. İş materiallarında olan İ-ИЕ seriyalı 153481 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X3 arasında 02 oktyabr 1958-ci il tarixdə nikah bağlanmış və 5 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ərizəçinin həyat yoldaşı olmaqla yanaşı, ərizəçinin xx.xx.1975-ci il tarixdə Xankəndi şəhərində doğulması və bu barədə müvafiq qeydin aparılması faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Bununla yanaşı, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, Ərizəçi xx xxxx 1975-ci il tarixdə Xankəndi şəhərində doğulmasının qeyd edilməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1975-ci il tarixdə Xankəndi şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, həmin akt qeydində Ərizəçi “doğum tarixi” qrafasında “xx xxxx 1975-ci il”, “ata adı” qrafasında “X5”, “ana adı” qrafasında “X3” kimi qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1975-ci il tarixdə Xankəndi şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ərizəçi doğum haqqında şəhadətnaməsində “doğum tarixi” qrafasında “xx xxxx 1975-ci il”, “ata adı” qrafasında “X5”, “ana adı” qrafasında “X3” kimi qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar