Məhkəmə qərarları › İş №2(001)-5083/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5083/2025

10.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5083/2025 10.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasındakı xx.xx.1989-cu il tarixdə və Bakı şəhəri, sabiq Lenin rayon (hazırki “Sabunçu” rayonu) sabiq X1 Qeydiyyatı Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1989-cu ilin sentyabr ayının 28-i tarixində 1082 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslandırılması: xx.xx.1989-cu il tarixdə mən Bakı şəhər sakini, xx.xx.1971-ci ildə anadan olmuş Cavabdeh ilə rəsmi nikaha girdim və bu barədə Bakı şəhəri, Lenin rayon (hazırki “Sabunçu” rayonu) sabiq X1 Qeydiyyatı Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1989-cu ilin sentyabr ayının 28-i tarixində 1082 nömrə ilə qeydiyyat aparıldı və bu barədə V-JQ №272204 saylı Şəhadətnaməsini verdilər. Birgə nikaha daxil olduğumuz vaxt toyumuz olmamışdır və aramızda da “Nikah Müqaviləsi” bağlanmamışdır, hərə öz soyadını saxlamışdı. Nikah bağlanan gündən 2-3 gün sonra, yəni toyumuzdan bir neçə gün əvvəl Anjelika valideynləri ilə hansısa qohumunun toyunda iştirak etmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getdi və həmin vaxtdan sonra o, Bakıya qayıtmamışdır. Nikaha girdikdən sonra birgə yaşamamışıq, birgə təsərrüfat aparmamışıq, həmin dövrdə əmlak əldə etməmişik və bu nikahdan uşağımız da olmamışdır. 1990-ci ildə o, Rusiyadan mənim 62-02-82 ev telefonuma bir dəfə sifarişli nömrə ilə zəng edib onu boşamağıma tələb etdi və həmin vaxtı bildirdi ki, mənimlə evlənməkdə məqsədi soyadını dəyişmək istəyi olmuşdu, lakin valideynləri razı olmadığından soyadını dəyişməmişdir. Həmin vaxtdan sonra mənimlə əlaqə saxlamamışdır, onun harada yaşaması mənə məlum deyildir və hazıra kimi mənim onun harada olması barədə məlumatım yoxdur. Ailə kimi birgə yaşayışımızınqeyrimümkün olmadığını görüb qərara aldım ki, cavabdehlə 1989-cu ilin sentyabr ayının 28-i tarixindı bağlanmış və 1082 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi üçün iddia qaldırım. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahat verərək bildirmişdir ki, cavadehin nikaha daxil olmaq niyyəti olmamışdır. Buna görə də hesab edir ki, nikah etibarsız sayılmalıdır. Nikah bağlanıb, lakin heç bir nəticəsi olmayıb. Tərəflər arasında heç bir münasibət olmayıb.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, tərəflər faktiki olaraq ər-arvad münasibətlərində olmamışlar, birgə əmlakları olmamışdır. Cavabdeh, iddiaçı ilə rəsmi nikaha girdiyi günün səhəri günü Azərbaycan Respublikasını tərk etmişdir. Cavabdehin iddiaçı ilə nikaha girməkdə niyyəti azərbaycan soyadının alınması olmuşdur. İddiaçı faktiki olaraq ailə qurmuş və uşaqları vardır. Halhazıradək iddiaçı, ikinci arvadı ilə aralarında olan münasibətin rəsmiləşdirilməsinə əhəmiyyət verməmişdir. Əldə edilən məlumata əsasən cavabdeh 1991-ci ildə Rusiya Federasiyasından Amerikaya getmişdir.

5. Cavabdehə məhkəmə iclası barədə məlumat vermək mümkün olmamışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

6. İddiaçı ilə Cavabdeh arasında xx.xx.1989-cu il tarixdə və Bakı şəhəri, sabiq Lenin rayon (hazırki “Sabunçu” rayonu) X1 Qeydiyyatı Şöbəsində nikah bağlanmışdır və nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1989-cu il tarixində 1082 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra arvadda Akopyan soyadı saxlanılmışdır.

7. İddiaçı cavabdehin nikah bağlanandan 2-3 gün sonra Rusiya Federasiyasına getdiyini, o vaxtdan əlaqələrinin kəsildiyi, nikaha girdikdən sonra birgə yaşamadıqları, birgə təsərrüfat aparmadıqları, həmin dövrdə əmlak əldə etmədikləri və bu nikahdan uşaqları olmadığını, cavabdehin əsas niyyətinin soyadı dəyişikliyi olması ilə bağlı səbəblərini irəli sürərək məhkəmədən nikahın etibarsız hesab edilməsini xahiş etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

8. Məhkəmə iddiaçının iddiasının əsası kimi istinad etdiyi dəlilləri nikahın etibarsızlığı üçün əsaslı hesab etmir.

9. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Plenum qərarında o cümlədən göstərilmişdir ki, nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Bu əsaslar aşağıdakılardır: ➢ nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10 və 11-ci maddələri); ➢ nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12- ci maddəsi); ➢ nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi); ➢ nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1-ci maddəsi).

11. Sübutlar tədqiq edilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Nikah yaşı” adlanan 10-cu, “Nikahın bağlanma şərtləri” adlanan 11-ci, “Nikahın bağlanmasına mane olan hallar” adlanan 12-ci və “Nikaha daxil olan şəxslərin tibbi müayinəsi” adlanan 13-cü maddələrinin (yəni, AM-in 13.3-cü maddəsinin) şərtlərinin pozulması halı müəyyən olunmadı və ümumiyyətlə iddiaçı tələbini bu baxımdan əsaslandırmamışdır.

12. Digər tərəfdən, qanunvericinin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyriəmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir.

13. Bununla belə, məhkəmə qeyd edir ki, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, həmçinin ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb olacaqdır.

14. Nəzərə almaq lazımdır ki, AM-in 1.4-cü maddəsinə əsasən yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Qanunvericinin qeyd edilən mövqeyi, müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış nikahın hüquqi nəticələrinin tanımaqla bərabər, həmçinin nikaha daxil olarkən şəxslərin iradə ifadəsinin ailə qurmaq istiqamətində olması “prezumpsiyasını” yaradır.

15. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir”.

16. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki mübahisəyə də məhz yuxarıda göstərilən aspektdən, yəni nikaha daxil olan şəxslərin iradə ifadələrinin təfsiri aspektindən yanaşılmalıdır.

17. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, o cümlədən, nikahın ailə qurmaq niyyəti ilə bağlanmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa iddiaçı cavabdehin nikahın bağlanmasında əsas məqsədinin soyadını dəyişdirmək olduğunu bildirsə də, nikah haqqında şəhadətnamədə bu fakt öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında nikah bağlanandan sonra arvadda əvvəlki soyad saxlanılmışdır.

18. Beləliklə, məhkəmə o qənaətə gəlir ki, nikahın etibarsızlığına dair məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən və bu hal məhkəmə araşdırması zamanı da müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Tətbiq edilən prosessual normalar:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

20. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

21. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

22. 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

24. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

25. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, , 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar