Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5111/2020 19.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 5 V saylı evin, 43 saylı mənzilindən Cavabdeh istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1968-ci il təvəllüdlü Cavabdeh 1970-ci ildən 2 yaşından nənəsi ilə Oğuz rayonunda yaşayır. Hazırda evlidir, ailəsi ilə orada yaşayır. Cavabdeh ona məxsus evdə qeydiyyatda olsa da, həmin evdə yaşamır. Onun mənzildə qeydiyyatda olması formal xarakter daşımaqla, onun mülkiyyətçi kimi hüquqularını pozur. Onun əvəzinə kommunal xərclərdə əlavə ödənişlər edir, həmçinin onun mənzildə qeydiyyatda qalması onun mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzilin icarədarı əvvəllər onun həyat yoldaşı olmuş, onun ölümündən sonra isə o, mənzili özəlləşdirmişdir və hazırda mənzilin mülkiyyətçisidir. Cavabdehin 30 ildən artıq müddətdir ki, mübahisəli mənzillə hər hansı əlaqəsi yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh (pasport qeydiyyatı üzrə ünvana məhkəmə bildirişi göndərilməklə) lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 5 V saylı evin, 43 saylı mənzili 2001-ci ildən İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının oğludur, həmin mənzildə pasport qeydiyyatındadır. Lakin uzun illərdir ki, bu mənzildə yaşamır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin qeyd edilən mənzillə hər hansı hüquqi və fiziki bağlılığının olmadığını, pasport qeydiyyatının formal xarakter daşıdığını bildirir və onun həmin mənzildən istifadə hüquqlarının itirilməsini xahiş edir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 54-cü maddəsinə əsasən İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, məhkəmə aparılmış araşdırmanın nəticələrini, habelə sərbəst daxili inamını rəhbər tutub, yuxarıda göstərilən normaların tələblərini, habelə Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi nəzərə alıb, belə qənaətə gəlir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Lakin onun mübahisəli mənzildən belə bir hüququnun yaranmasına baxmayaraq, o, həmin mənzili, bu mənzil iddiaçının mülkiyyətinə keçdiyi vaxtdan da əvvəl könüllü olaraq və daimi əsaslarla tərk etmişdir. Həmin mənzilə dair iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra da cavabdeh bu mənzilə köçməmiş və iddiaçı ilə birlikdə yaşamamışdır. Başqa sözlə, onun mübahisəli mənzildən istifadə etməyə və mənzildə yaşamağa olan ehtiyacı 30 ildən artıq müddətdir ki, aradan qalxmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməli, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 5 V saylı evin, 43 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçı İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 5 V saylı evin, 43 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-5111/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5111/2020
19.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver