Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5120/2020 25.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X12 ilə birlikdə ünvan 1ndə yerləşən fərdi yaşayış evinə köçürülməsinə və sair tələblərə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X12 ilə birlikdə ünvan 1ndə yerləşən fərdi yaşayış evinə köçürülməsinə və sair tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdehlə xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2015ci il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X12 anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra iddiaçı cavabdeh və cavabdehin valideynləri ilə birlikdə ünvan 1ndə yerləşən (Bal marketin yanı) nömrəsiz fərdi həyət evində 2014-cü ilin mart ayının 25-dən 2020-ci ilin may ayının 24-dək bir yerdə yaşamaqla ümumi təsərrüfatı birgə idarə etmişlər. İddiaçının qeydiyyatı cavabdehin valideynlərinə məxsus Bakı şəhəri Nərimanov rayonu Ş.İ.Xətai prospekti 31 saylı evin 11 saylı mənzilidir. Həmin ev MTK tərəfindən sökülmüş, yerində təzə bina tikilmiş və bu binadan da onlara yeni mənzilin verilməsi nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh və cavabdehin valideyinləri ilə birlikdə yaşadıqları evdən ailə münaqişəsi zəminində çıxıb valideyinlərinin yaşadığı evə qayıtmış, hal-hazırda orada yaşayır. Ailə qurduqdan qısa müddət sonra cavabdehin iddiaçıya qarşı münasibətinin soyuq olmasını, telefonda başqa qadınlarla yazışmasını, danışmasını gördükdən sonra tərəflərin arasında tez-tez mübahisələr yaranmağa başlamışdır. İlk vaxtlar iddiaçı cavabdehin bu hərəkətlərindən əl çəkəcəyini düşünmüş, lakin cavabdeh bu hərəkətlərindən əl çəkməmişdir. Buna görə birinci dəfə 2017-ci ilin may ayının 24-də iddiaçı ilə cavabdeh arasında münaqişə olmuş, cavabdeh iddiaçını möhkəm döymüş, lakin iddiaçı polisə müraciət etməmiş və uşağını da götürüb valideynlərinin yanına qayıtmışdır. Valideynlərinin təkidi ilə cavabdehin bir daha belə hərəkətlərə yol verməyəcəyinə inanıb 3 aydan sonra onlar yenidən barışmış və iddiaçı uşağını da götürüb cavabdehlə birgə yaşadıqları evə qayıtmışdır. 2019-cu ildə onların ikinci övladı anadan olmuş, lakin cavabdeh özünün köhnə əməllərindən yenə də əl çəkməmiş, iddiaçını döyməyə, təhqir etməyə, başqa qadınlarla xəyanət etməyə davam etmiş, iddiaçı artıq onların bir ailə kimi yaşamalarının qeyri-mümkün olduğunu görüb qəti olaraq boşanmaq qərarına gəlmişdir. Belə ki, iddiaçının cavabdehə qarşı nikahın pozulmasına, uşaqların himayəyə verilməsinə və aliment tutulması tələbinə dair iddiasının təmin olunması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2534/2020 saylı qətnaməsi qəbul edilmişdir. İddiaçı gəlin köçərkən valideynləri tərəfindən ona verilmiş cehiz əşyaları, hədiyyə kimi verilmiş qızılları, telefonu, pul kartı cavabdehin yaşadığı evdə qalmışdır. Belə ki, iddiaçı evdən çıxarkən qızıllarını, telefonunu, pul kartını özü ilə götürmək istəsə də cavabdeh təkrar onu döymüş, özünə məxsus həmin əşyaları əlindən alıb verməmişdir. İddiaçının ayrıca yaşayış sahəsi yoxdur, iddiaçının və uşaqlarının yeganə yaşayış sahəsi cavabdeh və cavabdehin valideynləri ilə birlikdə yaşadıqları ünvan 1ndə yerləşən (Bal marketin yanı) sənədsiz, 3 mərtəbəli nömrəsiz fərdi həyət evi olmuşdur. İddiaçının iddia ərizəsində qeyd olunan cehiz əşyalarıda bu evdə yerləşir. İddiaçıya hədiyyə kimi verilən, iddiaçıya və övladlarına məxsus aşağıda sadalanan qızıl əşyalar cavabdehdən geri qaytarılması tələb olunur: 750 əyarlı 28 qram qızıldan hazırlanan brilyant qaşlı kolye boyunbağından, bilərzikdən, sırğadan, üzükdən ibarət 3000 manat dəyərində Damla qızıl dəsti, 750 əyarlı 7 qram qızıldan hazırlanan sırğa və 750 əyarlı 6 qram qızıldan hazırlanan üzükdən ibarət dəyəri 1300 manat olan romb formalı dəst, dəyəri 2700 manat olan 916 əyarlı 8 qram qızıldan hazırlanan boyunbağı və 916 əyarlı 8 qram qızıldan hazırlanan klon, 583 əyarlı 11 qaram qızıldan hazırlanan dəyəri 880 manat olan paxlava formalı boyunbağı, 585 əyarlı 2 qram qızıldan hazırlanan Ramiz adı yazılan dəyəri 150 manat olan bilərzik, 585 əyarlı 2 qram qızıldan hazırlanan Şura adı yazılan dəyəri 150 manat olan bilərzik, 750 əyarlı 8 qram qızıldan hazırlanan Şura adı yazılan dəyəri 700 manat olan boyunbağı, 750 əyarlı 10 qram qızıldan hazırlanan Aysel, Ramiz, Qara adları yazılan dəyəri 900 manat olan boyunbağı, 750 əyarlı 11 qram qızıldan hazırlanan ürək formalı dəyəri 1200 manat olan bilərzik, 750 əyarlı 10 qram qızıldan hazırlanan zəncir formalı dəyəri 1050 manat olan bilərzik, 750 əyarlı 10 qram qızıldan hazırlanan zəncir formalı dəyəri 1050 manat olan boyunbağı, 750 əyarlı 8 qram qızıldan hazırlanan dəyəri 1200 manat olan nişan üzüyü, 750 əyarlı 9 qram qızıldan hazırlanan dəyəri 950 manat olan bir cüt brilyant qaşlı sırğa, 585 əyarlı 2 qram qızıldan hazırlanan dəyəri 150 manat olan bir cüt uşaq üçün sırğa, 600 manat dəyərində Çeyrek altun (Atatürk şəkilli) 2 ədəd sarı qızıl, 4 qram, (qəpik formasında) türk qızılı. Bundan başqa iddiaçıya məxsus Samsunq A8 markalı telefon və pul kartı cavabdehdədir. Ona görə də İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Xocahəsən qəsəbəsi Ramiz Allahverdiyev küçəsində (Bal Marketin yanı) yerləşən fərdi yaşayış evinə köçürülmələrinə, iddiaçıya və övladlarına məxsus cəmi dəyəri 15980 manat olan qızılların, Samsung A8 markalı telefonun və pul kartının cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib nümayəndəsi və vəkili X1 izahatını təsdiq edərək əlavə olaraq izahatında göstərmişdir ki, baş vermiş mübahisə nəticəsində o, xx.xx.2020-ci il tarixdə yaşadığı evi tərk etmişdir. Evdən çıxarkən cavabdehin anası ondan pul kartını və qızıllarını tələb etmiş, o, pul kartının və qızıllarının cavabdehdə olmasını bildirmişdir. Belə ki, evdən çıxarkən Cavabdeh ona məxsus iddia ərizəsində tələb etdiyi qızılları, pul kartını və telefonu ondan almışdır. O, ilk dəfə də mənzili tərk edərkən özünə məxsus qızıllarını götürməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X12 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra onlar ünvan 1 ünvanında yerləşən nömrəsi olmayan fərdi yaşayış evində yaşamışlar. İddiaçıya məxsus bütün cehiz əşyaları bu evdə yerləşir. Həmin ev onun atasına məxsusdur. ünvan 1 ünvanında yerləşən fərdi ev onun mülkiyyətində deyildir. Ona görə də iddiaçı ondan bu mənzilə köçürülməsini tələb edə bilməz. İddia ərizəsində qeyd olunan qızıl əşyalar mövcud olmuş, lakin iddiaçı qızıl-zinət və digər əşyalarını evdən gedərkən özü ilə aparmış, bu əşyaları iddiaçının necə və nə vaxt götürməsini o, görməmiş, bu əşyaların aparılması ona iddiaçının getdiyi günün səhəri məlum olmuş, mobil telefon isə onun atası tərəfindən alınmaqla iddiaçının müvəqqəti istifadəsinə verildiyindən həmin telefon iddiaçıya verilməmişdir. İddiaçı artıq ikinci dəfədir evdən gedir. Belə ki, iddiaçı üç il öncə aralarında yaranmış məişət mübahisəsi zəminində evdən gedən zaman bütün qızıl-zinət əşyalarını və ailə büdcələrində olan 800 manat məbləğində pul vəsaitini özü ilə aparmışdır. İddiaçı sonuncu dəfə gedən zaman da iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarını və digər predmetləri özü ilə aparmışdır. İddiaçının tələb etdiyi pul kartı da özündədir. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili X11 izahatında evdən gedərkən özünə məxsus qızılları aparan iddiaçının əsassız olaraq qazanc əldə etmək niyyəti ilə iddia qaldırmasını, bu səbəbdən qızılların qiymətinin də iddia ərizəsində qeyd edilməsini, yaşadığı mənzildə hansı əşyaların qaldığını sübut etmək yükü iddia tərəfinin üzərində olmasını, tələb olunan qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə qalıb-qalmadığının müəyyən edilməsi baxımından iddiaçının evdən getdiyi şərait xüsusi əhəmiyyətə malik olmasını göstərib iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ № 907836 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh ilə X8 xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 130 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Musayeva soyadı verilmişdir. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ № 518337 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X9 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1806 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV № 359931 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X13 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 5895 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2534/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində 130 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X7 üç yaşınadək, yəni xx.xx.2022-ci il tarixə kimi hər ay 50 manatın tutulub İddiaçı verilməsi qət edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Xocasən qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı və onun əri Cavabdeh yaşadıqları yaşayış sahəsinin (Xocasən qəsəbəsi Bal marketin yanı) heç bir hüquqmüəyyənedici sənədi Xocasən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində aşkarlanmamışdır. Binəqədi rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, bələdiyyədə mövcud olan eletron bazada Xocasən bələdiyyəsi tərəfindən Cavabdeh və İddiaçı mülkiyyətinə, icarəsinə və istifadəsinə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə haqqında heç bir məlumat aşkar edilməmiş, həmin vətəndaşlar vergi ödəyicisi kimi qeydiyyata alınmamışlar. Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Binəqədi rayonu Xocasən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsinin alqı-satqı yolu ilə vətəndaş X4 mülkiyyətinə verilməsi qərara alınmışdır. Torpaqların alqı-satqısına dair xx.xx.2008-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin ərazisində 600 m2 torpaq sahəsi X6 1344 manata satılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı A.T. Musayeva Cavabdehlə nikaha daxil olduqdan sonra cavabdehin yaşadığı, heç bir hüquqmüəyyən edici sənədi olmayan ünvan 1ndə (Bal Marketin yanı) yerləşən nömrəsiz fərdi yaşayış evinə köçərək bu evdə yaşamış, bu ünvanda tərəflərin birgə nikahlarından iki övladları anadan olmuş, ailədə baş vermiş mübahisə nəticəsində iddiaçı xx.xx.2020-ci il tarixdə bu evi tərk etmişdir. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Cavabdeh iddia tələblərinə qarşı etirazında ünvan 1ndə (Bal Marketin yanı) yerləşən fərdi yaşayış evinin onun atasına məxsus olmasını bildirsə də, bu barədə hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı özünün və övladlarının yeganə yaşayış sahəsi olan ünvan 1ndə (Bal Marketin yanı) yerləşən hüquq müəyyənedici sənədi olmayan fərdi yaşayış evində uzun müddət övladları ilə birlikdə yaşadığından, cavabdehin etirazında istinad etdiyi hallar bu iddia tələbinin təmin edilməməsi üçün əsas olmadığından iddia tələbi bu hissədə əsaslıdır ona görə də təmin edilməklə iddiaçı övladları ilə birlikdə qeyd olunan fərdi yaşayış evinə köçürülməlidir. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə iddia ərizəsində tələb olunan qızıl əşyaları ilə bağlı sübutları tədqiq edib qeyd edir ki, cavabdeh tələb etdiyi qızıl əşyalarını iddiaçı mənzildən gedərkən özü ilə aparmasını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, yaşadığı evdən çıxarkən istifadəsində olan, dəyəri qızıl əşyalarından dəfələrlə ucuz olan telefon belə iddiaçıya verilməmişdir. İstinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi qızıl əşyalar da, cavabdehdən alınaraq ona qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1.-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2.-ci maddəsini mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4.-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iddiaçının telefon və pul kartı tələbi ilə bağlı qeyd edir ki, iddiaçı bu əşyaların ona məxsus olmasına dair sübutlarını məhkəməyə təqdim etdmədiyindən bu tələblərin təmin edilməsi qeyri-mümkündür. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X12 ilə birlikdə ünvan 1ndə (Bal marketin yanı) yerləşən fərdi yaşayış evinə köçürülsün. Cavabdeh 750 əyarlı 28 qram qızıldan hazırlanan brilyant qaşlı kolye, boyunbağından, bilərzikdən, sırğadan, üzükdən ibarət Damla qızıl dəsti, 750 əyarlı 7 qram qızıldan hazırlanan sırğa və 750 əyarlı 6 qram qızıldan hazırlanan üzükdən ibarət romb formalı dəst, 916 əyarlı 8 qram qızıldan hazırlanan boyunbağı, 916 əyarlı 8 qram qızıldan hazırlanan klon, 583 əyarlı 11 qram qızıldan hazırlanan paxlava formalı boyunbağı, 585 əyarlı 2 qram qızıldan hazırlanan Ramiz adı yazılan bilərzik, 585 əyarlı 2 qram qızıldan hazırlanan Şura adı yazılan bilərzik, 750 əyarlı 8 qram qızıldan hazırlanan Şura adı yazılan boyunbağı, 750 əyarlı 10 qram qızıldan hazırlanan Aysel, Ramiz, Qara adları yazılan boyunbağı, 750 əyarlı 11 qram qızıldan hazırlanan ürək formalı bilərzik, 750 əyarlı 10 qram qızıldan hazırlanan zəncir formalı bilərzik, 750 əyarlı 10 qram qızıldan hazırlanan zəncir formalı boyunbağı, 750 əyarlı 8 qram qızıldan hazırlanan nişan üzüyü, 750 əyarlı 9 qram qızıldan hazırlanan bir cüt brilyant qaşlı sırğa, 585 əyarlı 2 qram qızıldan hazırlanan bir cüt uşaq üçün sırğa, Çeyrek altun (Atatürk şəkilli) 2 ədəd sarı qızıl, 4 qram qəpik formasında türk qızılı alınaraq İddiaçı verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5120/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5120/2020
25.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver