Məhkəmə qərarları › İş №e-2(012)-6745/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-6745/2025

25.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-6745/2025 25.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Xırdalan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 ilə birlikdə Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 200 kv.metr torpaq sahəsində onun Cavabdeh ilə birgə nikah müddətində inşa etdikləri evə köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin sorğuya cavab məktubundan görünür ki, iddiaçının köçürülməsini xahiş etdiyi tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış, keçmiş Hövsan Südçülük sovxozunun hüdudları daxilində yerləşir və inzibati olaraq Bakı şəhərinə (Xəzər rayonu) aid edilmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göründüyü kimi, iddiaçının köçürülməsini xahiş etdiyi tikili Abşeron rayonu ərazisinində yerləşmədiyindən, iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. Həmçinin, Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə xx.xx.2025-ci il tarixdə, ********** saylı qəbz əsasında ödənilmiş və iş materiallarına əlavə edilmiş 50.60 manat məbləğində dövlət rüsumu da dövlət büdcəsindən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, ********** saylı qəbz nömrəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödənilmiş 50.60 manat dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar