Məhkəmə qərarları › İş №2(011)-477/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-477/2022

03.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-477/2022 03.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı istifadə hüququnun tanındığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 47 saylı evin 11 saylı mənzilinə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 47 saylı evin 11 saylı mənzilinə (bundan sonra – Mənzil) dair mülkiyyət hüququ əvvəlcə, yəni 2008-ci ildə iddaçının anası X1 adına dövlət qeydiyyatından keçmiş, sonradan Bakı Apellyasiya Məhkəməsinin 03.08.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehin mülkiyyət hüququ 02.12.2019-cu il tarixdə dövlət qeydiyyatından keçmişdir. İddiaçı cavabdehin övladıdır və onun Mənzilə dair istifadə hüququ məhkəmə qətnaməsi ilə tanınmışdır. Mənzil hazırda cavabdehin mülkiyyətindədir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, onun qeydiyyatda olduğu və yaşadığı Mənzil əvvəlcə anası X1 adına qeydiyyatdan keçmiş və tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Hərbi xidmətdə olarkən anası Mənzili satmaq istəmiş, lakin yeganə yaşayış sahəsi olduğu üçün o, Mənzilin satılmsına razılıq verməmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra anası onu Mənzilə buraxmadığı üçün məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə onun istifadə hüququ tanınmaqla Mənzilə köçürülmüşdür. Lakin validrynlərinin boşanması səbəbindən cavabdehin (atasının) anasına qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddiası əsasında Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Mənzil tam mülkiyyət hüququ ilə cavabdehə verilmişdir. Bununla da Mənzilin mülkiyyətçisi dəyişmiş və mülkiyyətçisi olan atası (cavabdeh) 21.04.2021-ci il tarixdən onu Mənzildən istifadə hüququndan məhrum etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İddiaçının Mənzildən istifadə hüququnun yaranması və cavabdehin övladı olması işin mübahisəsiz halıdır. Belə ki, iş materialları ilə müəyyən edili ki, Mənzil iddiaçının anası X1 mülkiyyətində olmuş və onun mülkiyyət hüququ 23.05.2008-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 228.5-ci maddəsi təşkil edir. Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması üçün onların mülkiyyətçinin ailə üzvü, yəni arvadı (əri), uşaqları və valideynləri olması və həmin şəxslərin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşamaları əsas şərtdir. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından göründüyü kimi Mənzil iddiaçının anasının mülkiyyətinə 2008-ci il tarixdə keçmişdir. Həmin vaxt iddiaçının 12 yaşı olmaqla, uşaq olmuşdur və bu halda iddiaçının hələ 2008-ci il tarixdən Mənzilə istifadə hüququ yaranmışdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.04.2018-ci il tarixli qətnaməsilə iddiaçının anası X2 qarşı isitfadə hüququnun tanınmaqla hazırkı Mənzilə köçürmə tələbinə dair iddiası təmin edilmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.07.2018-ci il tarixli qərarı) cavabdehlə X3 (iddiaçının anası) arasındakı birgə nikah dövründə əldə edilmiş əmlakla bağlı mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin 08.02.2018-ci il tarixli qətnaməsi ilə Mənzil cavabdehin tam mülkiyyəti hesab edilmiş və həmin qətnamə əsasında da cavabdeh Mənzilə 02.12.2019-cu il tarixdə tam mülkiyyət hüququ əldə edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə belə qənatə gəlir ki, iddiaçının Mənzilə dair istifadə hüququ 2008-ci il tarixdən yarandığından, habelə onun Mənzilə dair istifadə hüququnun olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən iddiaçı Mənzilə köçürülməklə iddia təmin edilməlidir. Mülki Məcəllənin 158-ci maddəsi müəyyən edir ki, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (158.1.2 və 158.4-cü maddələr). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26.09.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 47 saylı evin 11 saylı mənzilinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar