Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5127/2021 20.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayon Polis idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon Polis idarəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndələrinin itirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə üçüncü şəxsin ərizəsini nəzərə alıb işə üçüncü şəxsin nümayəndəsinin işirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 11 iyul 2008-ci il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan 19.10.2009-cu il tarixdə X6, 02.04.2012-ci il tarixdə X3 və 16.03.2018-ci il tarixdə X7 olmuşdur. Tərəflər birgə nikahda olan dövrdə, yəni 07.02.2014-cü il tarixdə iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Yəhya Hüseynov döngəsi ünvanında yerləşən 5 nömrəli evin 22 saylı mənzilini daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 39.150 manat pula X5 adlı şəxsdən almış və mənzil onun mülkiyyətinə keçdikdən sonra tərəflər həmin mənzil üzrə pasport qeydiyyatına alınmaqla bu əmlaka köçmüşlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-263/2021 saylı, 02.02.2021-ci il tarixli Qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olmuş uşaqlar iddiaçının yanında saxlanlmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur. Bundan sonra cavabdeh həmin mənzildən köçmüş və tərəflər arasında bağlanmış 08.02.2021-ci il tarixli sazişə əsasən cavabdeh iddiaçı tərəfindən ona ödənilmiş 20.000 manat məbləğində kompensasiya müqabilində həmin mənzilə olan bütün hüquqlarından, o cümlədən ümumi birgə əmlak kimi yarana biləcək hüquqlardan iddiaçının xeyrinə imtina etmiş və saziş bağlandığı gündən bir ay müddətində mənzildən pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Sazişə əsasən qeyd edilən məbləğ iddiaçı tərəfindən notariusun bankda açılan depozit hesabı vasitəsi ilə cavabdehə ödənilmişdir. Buna baxmayaraq, cavabdeh bugünədək həmin mənzildə pasport qeydiyyatında qalmaqda davam edir. Mənzil hazırda da iddiaçının mülkiyyətindədir və iddiaçı həmin mənzildə uşaqları ilə birlikdə yaşayır. Hazırda iddiaçı cavabdehə mənzilin dəyərinin yarısının kompensasiya qismində ödənilməsini əsaslanaraq, onun həmin mənzildən olan istifadə hüququna xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, irəli sürülmüş tələblə bağlı qeyd edir ki, mübahisəli mənzil tərəflərin birgə nikahda olduğu dövrdə əldə edilmiş və iddiaçının mülkiyyətində olsa da, razılıqlarına əsasən payları bərabər müəyyən olunmaqla onların birgə ümumi mülkiyyətini təşkil edirdi. İddiaçının razılığı əsasında onun qeyd edilən əmlaka olan payının dəyəri bu əmlakın digər payçısı, eyni zamanda mülkiyyətçisi olan iddiaçı tərəfindən aralarında bağlanmış sazişə uyğun olaraq ödənildiyindən, ödənilmiş kompensasiya məbləği müqabilində cavabdeh mənzilə olan bütün, o cümlədən istifadə hüququndan imtina etdiyindən, bununla da qeyd edilən əmlakdakı paya hüququnu tirdiyindən, həmin sazişdə cavabdehin istifadə hüququnun saxlanılması ilə bağlı tərəflər arasında hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, saziş bağlandıqdan sonra onunla (mülkiyyətçi olaraq) cavabdeh arasında istifadə hüququnun tanınmasına dair notarial qaydasında təsdiqlənmiş razılaşma olmadığından, cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, habelə cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildə pasport qeydiyyatında olması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onların vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində mövcud olan həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzildə pasport qeydiyyatında olması istifadə hüququnun saxlanılması kimi qiymətləndirilə və hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Yəhya Hüseynov döngəsi ünvanında yerləşən 5 nömrəli evin, 22 nömrəli mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Yəhya Hüseynov döngəsi ünvanında yerləşən 5 nömrəli evin, 22 nömrəli mənzilindən Cavabdeh istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-5127/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5127/2021
20.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver